Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bu gündən etibarən ölkə üzrə fəaliyyət göstərən heyvan bazarlarının müvəqqəti bağlandığını elan edib.
Bildirilib ki, müxtəlif ölkələrdə heyvanlar arasında xüsusi təhlükəli yoluxucu xəstəliklərin yayılması müşahidə olunur və bu, region ölkələri, o cümlədən Azərbaycan üçün real risk yaradır.
Qərara əsasən, bu gündən heyvan bazarlarında dezinfeksiya, dezinseksiya və deratizasiya işləri aparılacaq. Tədbirlər başa çatdıqdan sonra bazarların fəaliyyəti mərhələli şəkildə bərpa olunacaq.
Bu prosesdə yerli icra hakimiyyətləri və polis orqanları da nəzarəti təmin edəcəklər.
Qeyd edək ki, bir müddətdir ölkənin müxtəlif bölgələrində mal-qara arasında dabaq xəstəliyinin yayılması müşahidə olunur.
Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli bildirib ki, bazarların bağlanması xəbəri artıq ət kəsimi ilə məşğul olan sahibkarlara ciddi problem yaradıb:
"Onlar əvvəllər həftə ərzində bazara gedib, lazım olan qədər heyvan alacaqlarını düşünürdülərsə, indi hər gün heyvan axtarışındadırlar. Təsəvvür edin, qəssabxananı bir gün bağlayıb, boş saxlayaraq, rayonlara gedib ət axtarışında olurlar. Heyvan bazarlarının bağlanması bu kimi problemlər yaradır".
Ekspertin fikrincə, indiki halda ətin qiymətinin bahalaşması gözlənilmir:
"Ətin qiymətinin artımının indiki halda baş verəcəyini düşünmürəm. Ona görə ki, alıcıların sayı azalıb. Bəzi adamlar xəstəliyin yayılmasından ehtiyatlanırlar və toyuq ətinə üstünlük verirlər. Yalnız ət deyil, digər ərzaq məhsullarının qiymətlərində də bahalaşma var, insanların gəlirləri azalır. Bu səbəbdən adamlar çalışırlar ki, ətə daha az vəsait xərcləsinlər. Bazarın bağlanması ümumilikdə bu problemi həll edəsi deyil. Birincisi, çox sayda heyvanlar tələf oldu. Avqust ayının 20-dən bu yana biz hökuməti xəbərdar edirdik ki, xəstəlik yayılmağa başlayıb, bunun qarşısı alınmalıdır. Bundan iki ay vaxt keçib. İndi başlayıblar bazarı bağlamağa. Artıq tələf olan olub, sağ qalan qalıb. Amma bəzi regionlarda xəstəlik davam edir. Lakin bazarın bağlanması yenə deyirəm problemi həll etməyəcək. Bazara sağlam heyvan çıxarılamalıdır. Ona görə də bazarda nəzarət sistem yaratmaq lazımdır. Kənd təsərrüfatı nazirliyində 1200 məmur var. Bizdə bir-iki bazar var, bir-iki məmur, bir-iki baytar həkim cəlb etmək, lazım gələrsə süni laboratoriyalar da təşkil etmək olar. Hər şeyin sivil qaydası var. Təəssüflər olsun ki, qeyri-peşəkarlıq üzündən bu kimi tədbirləri təşkil edə bilmirlər".
V.Məhərrəmli əlavə edir ki, bazarın bağlanması həm də ət istehsalı ilə məşğul olan sahibkarlara problem yaradır:
"Onlar heyvanları bazara çıxarıb, rəqabət mühitində satış edib, qiymətləri müəyyən edirdilər. Bazara çoxlu alıcı gəlirdi. İndiki halda isə kökəltmə ilə məşğul olanların heyvanlarını bazara çıxarmaq imkanları yoxdur. Onlar bunu nəzərə alır və nisbətən alıcıya aşağı qiymətə satış etməyə çalışırlar. Burada müştərinin uzun məsafə gəlməsi və xərcini kompensasiya etməsi nəzərə alınır. Öz aralarında razılaşırlar. Elə bir problem yoxdur. Problem ondadır ki, bununla bağlı ciddi bir hesabat dinləməyib. Mən sizi əmin edirəm ki, nə qədər heyvanın tələf olması ilə bağlı da dəqiq rəqəm çıxarmaq mümkündür. O rəqəm ona görə lazımdır ki, tələf olan heyvanlar dövriyyəyə getməsin. Çox ciddi nəzarətə getmək lazımdır. Ölkədə nə qədər heyvan varsa, identifikasiyası aparılmalıydı. Heyvanların uçotu getməli, qulaqlarında vilkaları olmalıydı ki, hər bir fermanın nə qədər heyvanı olduğunun siyahısı təşkil olunsun. Heyvan əgər yoxdursa, necə olub, xəstələndiyi zaman heyvan qeydiyyata alınmalıydı. Heyvan öldükdə isə onun mütləq ölüsünü sahibkar göstərməlidir. Bu sistemə ciddi nəzarət etmək lazımdır".
İqtisadçı ekspert Akif Nəsirli isə qeyd edib ki, yerli bazarda ət qıtlığı yaşana bilər:
"Çünki kütləvi bazarlar olmadığından kütləvi alışlar da olmayacaq. Ona görə də bazarda ət qıtlaşacaq. Qısa zamanda ətin qiyməti arta bilər. Bir məsələ də var. Hazırda ət bazarında dövriyyə kəskin şəkildə azalıb, ətin alıcılıq qabiliyyəti aşağıdır. İnsanlar xəstə mal və qoyun əti almaqdan ehtiyat edirlər. Bunun əvəzinə toyuq və digər ətlərə üstünlük verirlər. Bu da qiymətin bahalaşmasını tormozlayan amildir. İki amil arasında bir ortaq göstərici olacaq. Bu səbəbdən ətin qiymətinin kəskin şəkildə bahalaşması gözlənilmir".
A.Nəsirli söyləyib ki, bu addım fermerlərə ziyan vuracaq:
"Çünki onların gəlir mənbəyi məhz bu bazarlardır. Likvidlik problemi yaşayacaqlar. Karantin prosesində heyvanları realizasiya etmək problemi ilə üzləşəcəklər. Onların dövriyyəsini, gəlirlərini azaldacaq. Lakin bu vəziyyət uzun çəkməyəcək. Dabaq xəstəliyinin inkubasiya dövrü 7-10 gündür. Buna görə də xəstəliyin yayılma zəncirini qırmaq üçün qısa fasilə bəsdir. Noyabrın 5-7-dən karantini qaldırmaq olardı. Mənim qənaətimə görə oktyabrın 10-dan karanatin elan edilsəydi, xəstəlik bu qədər ziyan vurmazdı. Hansı göstərici, məntiqə uyğun olaraq, ayın 25-dən bazarları bağlayırlar. Buna mən məntiqli izah tapa bilmirəm. Yəni 15 gün tədbir gecikib".
Şərhlər