Xəbər lenti

Hitlerdən 2 dəqiqə əvvəl intihar edən qadın: Eva Braun kimdir?
Foto 15:40 30.04.2018

Hitlerdən 2 dəqiqə əvvəl intihar edən qadın: Eva Braun kimdir?

30 aprel 1945-ci ildə Adolf Hitler Eva Braun səhər saat 6-da Berlinin mərkəzində yerləşən sığınacaqda oyandılar. Cütlük günorta saatlarında pomidor souslu spagetti yeyən zaman faşist Almaniyasının təbliğat-təşviqat naziri Cozef Qebbels gələrək şəhəri tərk etmək barədə xəbərdarlıq etdi, lakin Hitler rədd cavabı verdi. Bu, onların sonuncu naharı idi.

Saat 15:28-də Eva Braun sianid kapsulası içərək, 15:30-da Adolf Hitler başına güllə sıxaraq intihar etdi. 

Eva Braun 17 yaşı olan zaman 40 yaşlı Adolf Hitlerlə tanış olmuşdu. Həmin dövrdə Eva fotoqraf Heynrix Hoffmanın Münhendə yerləşən studiyasında çalışır, kamera qarşısına keçərək modellik edirdi. Cütlüyün münasibəti tanış olan zamandan başladı və onların birlikdə intiharına qədər davam etdi. Lakin həmin dövrdə Adolf ögey bacısı Angela Raubalın qızı Geli Raubal ilə birlikdə yaşayır və onu sevirdi. Vyanaya gedərək başqa şəxslə evlənmək istədiyini deyən Geli və Hitler arasında 1931-ci ilin 18 sentyabrında şiddətli mübahisə baş vermişdi. Həmin gecə Geli silahla özünü vuraraq intihar etdi.

Adolf Hitler barədə maraqlı və dəhşətli faktlardan biri də həyatına daxil olan və romantik münasibət qurduğu 8 qadının hər birinin azı 1 dəfə intihara cəhd etməsidir. O, həyatında olan qadınların həyatını məhv etməsi ilə tanınır. Eva Braun 1932-ci ildə özünü sinəsindən vurmuş, 1935-ci ildə isə həddindən artıq yuxu dərmanı içərək 2-ci dəfə intihara cəhd etmişdi. 

Eva Braun və Adolf Hitlerin münasibəti barədə səslənən fikirlər qarışıqdır. Fərziyyələr arasında Evanın platonik sevgisi, cütlüyün ayrı otaqlarda yatması iddiaları var. Faşist lider həyatında olan bu qadını gizlədir, onu yalnız dostlarının yanında üzə çıxarır, rəsmi görüşlərdə isə Braun gözdən uzaqdakı otaqlarda oturur, yaxud şəxsi katibəsi kimi təqdim edilirdi. Hitler fikirləşirdi ki, cəmiyyət içində yaşanılan şəxsi münasibət onun imicinə xələl gətirə bilər. Fürer hakimiyyəti illərində subay qalmasını belə izah edirdi:
 
"Əksər qadınlar məni cazibədar hesab edir, çünki evli deyiləm. Bu, film aktyorunun həyatı ilə eynidir. Aktyor evlənəndə bir zamanlar ona valeh olan qadınların əksəriyyətini itirir və onlar artıq aktyoru əvvəlki kimi ideallaşdırmır". 

Digər bir iddiada isə Hitlerin Braun haqqında birmənalı olmayan fikirləri qeyd olunur və ona hörmətlə yanaşmadığı vurğulanır:

"Yüksək intellektə sahib kişi primitiv və axmaq qadınla birlikdə olmalıdır. Təsəvvür edin, hər şeydən əvvəl mənim işlərimə müdaxilə edən bir qadın var. Mən boş vaxtlarımda rahatlıq istəyirəm".

Bu fikirlərə baxmayaraq, Hitler dünyasını subay tərk etmədi. Braunla intihardan 2 gün əvvəl cütlük rəsmi şəkildə nikaha daxil oldu.

Adolf həyatında Eva olduğu dövrlərdə də bir çox qadınla görüşməyə davam edirdi. 1935-ci ildə baş verən 2-ci intihar cəhdindən sonra Hitler onu yaşadığı evə gətirdi.

Faşist Almaniyasının II Dünya Müharibəsində çətinliklə üzləşdiyi və məğlubiyyətə getdiyi dövrlərdə Eva Brauna dəfələrlə Hitleri tərk etmək və Almaniyadan qaçmaq təklif edilib, lakin o, bu fikrə etiraz edərək bildirib:

"Fikirləşirsiniz ki, mən onu tənha ölməyə qoyacağam? Son ana qədər onunla olacağam. Düşündüyüm tam olaraq budur və heç kim mənə mane ola bilməz".

Tarixdə qeyd olunan məlumatlardan biri də Eva, Hitler və onun iti Blondi arasında münasibətdir. Hitlerin çox sevdiyi və etibar etdiyi canlılardan olan Blondiyə qayğısı, diqqəti Evanın qısqanclığına səbəb olduğu, Braunun Blondini Hitlerdən xəbərsiz incitdiyi deyilir. Uzun illər Fürerin həyatında "Heç bir məna ifadə etməyən qadın" kimi münasibət görən, hamı tərəfindən belə qəbul edilən Evanın zəhər içərək ölməsinin Adolf üçün heç bir məna ifadə etmədiyi tarixdə yer alan faktlar arasındadır. Faşist liderin xadiməsi Adolf Hitlerin Blondi ölən zaman daha çox kədərləndiyini, Evanın vəfatına emosional reaksiya vermədiyini deyir.

Həyatının son saatlarında Eva Hitler adını alan 33 yaşlı qadının ona hörmət etməmiş şəxslə birgə intiharı qohumları tərəfindən "Ona göstərilən hörməti geri qazanmağın son yolu" kimi qiymətləndirilir.
 
Gülşən Mehdiyeva

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->