Hökmdarın hüzurunda olmaq

Hökmdarın hüzurunda olmaq

Vahid Qazi
 
Azadlığı olmayan yaradıcı insanın ağrısı balasını çətin doğan ananın sancısı kimidi!

Sənətkarın xoşbəxtliyi içindəkini sevərək gün işığına çıxarmaq azadlığındadı!

Faciə tək o deyil ki, istədiyini yaratmağa qoymurlar, hürriyyətin alınıb. Dərd odu, qəlbindəkinin əvəzinə sən başqasının tələb etdiyini yazmağa məcbur edilirsən – bir dəfə növbəti nəşrə hazırlayarkən Şoloxovun ”Sakit Don”u sosialist realizminə uyğun redaktə etməsindən yazmışdım.

Daha betərisə zamanla içində yoğurduğun əsəri özün öz əlinlə məhv etməyindi! Yazmaq istədiyini içində boğan, yazdığını qorxudan yandıran o qədər sənət adamı olub ki.

İctimai-siyasi anlamda insanmı önəmli şərtdi, yoxsa mühitmi? Bir növ ”yumurtamı əvvəl yaranıb, toyuqmu?” sualına bənzəyir. İnsanı mühit formalaşdırdığı kimi mühiti də insan yaradır. Belədisə, onda sualın cavabı nədi?

Bilmirəm! Bu dar macalda bu suala çətin cavab tapam. Əslində heç qəsdim də bu deyil.

Sadəcə, iki müxtəlif mühitdə fərqli rəftarın motivini anlamağa çalışıram. Zamanın şərtlərimi, insanın xarakterimi səbəbdi konkret əmələ? Məsələn, Səməd Vurğun ”Vaqif” dramını 1938-ci ildə sovet mühitində yox – təsəvvür edək, süqut etməyib, o vaxtacan yaşayıb – Cümhuriyyətin 20 yaşında necə yazardı?

Bu, Səməd Vurğunun "Vaqif” tamaşasının premyera tarixçəsindən bəhs edən "Sənət əbədidir, ömür amanat…” kitabını oxuyanda ağlıma gələn sualdı. Vurğun şah Qacarın hüzurunda şair Vaqifin durumunu və sonunu tarixi həqiqət kimi yox, partiya rəhbərinin istəyinə uyğun yazmağa məcbur olub.

Arif Əliyev arxiv sənədləri əsasında yazdığı bu povest də maraqlıdı. Diktator Mir Cəfər Bağırovun hüzurunda şair Səməd Vurğunun, rejissor Adil İsgəndərovun yaşadığı qorxunu təsvir edib.

Dünyada qorxu qədər insanı bitirən duyğu varmı?

Qorxu işğalçıdı!

Qorxu əvvəl insanın qəlbini işğal edir, sonra şüurunu. Sənin üzə çıxarmadıqlarını, hələ içinin ən dərin qatında saxladıqlarını da xəbərin olmadan işğal altına salır.

İnsan düşüncəsini total basqıda tutan azadlığa qapalı ölkələrdə ən acı həyatı yaradıcı sənərkarlar yaşayır.

Bu, dünən də belə idi, bu gün də belədi. Neft pulu təpəsindən tökülən məmləkətdə nə qədər istedadlı yaradıcı şəxs işsiz-gücsüzdü, nadanlar əlində əsir-yesirdi, cəlayi-vətəndi…

”Qara maşın dayanan yerdə nəm daşlara buta naxışlı kəlağayı yapışıb qalmışdı”. 

Bu cümlə söz açdığım povestdəndi. Səməd Vurğunla Adil İsgəndərov premyera günü teatrın qapısı ağzında dayanan NKVD-nin qara maşınına pəncərə pərdəsi dalından səksəkə içində baxırlar. Tamaşa bitib, hamı gedib, maşınsa gözləyir.

Təhlükə yan keçir. Bu dəfə teatrın gənc aktrisası Mədinəni aparmağa gəlibmişlər. Mədinəni apardıqları yerdə onun ”buta naxışlı kəlağayısı” düşüb qalıbmış.

…Azadlığı hamı istəyir, amma heç də hamı azadlıqla nə edəcəyini bilmir. Yaradıcı insanlardan savayı. Onlar bilirlər ki, azad mühitdə yaratdıqlarını heç bir "qara maşın” apara bilməz. Yaratdıqları bax o ”buta naxışlı kəlağayı” kimi qalacaq.

Hökmdarların hüzurundan uzaq azad mühitdə ”buta naxışlı kəlağayı”lar arzusuyla!
XƏBƏRLƏR
BLOGLAR