Xəbər lenti

Hollivudda kommunist olmaq...
Sənət 17:32 15.01.2020

Hollivudda kommunist olmaq...

Məmməd Süleymanov

O vaxtlardı ki, ABŞ-da hər yerdə kommunist axtarırdılar. Məktəb və universitetlərdə, Hollivudda və Brodveydə, elmi laboratoriyalarda və hətta Dövlət departamentində. 

İsteriya o qədər böyük və yoluxucu idi ki, ABŞ-ın müdafiə naziri Forrestol "Ruslar gəlir!” qışqıraraq özünü pəncərədən atıb intihar etmişdi.

Məktəblərdə şagirdlərdən və universitetlərdə tələbələrdən kommunist saydıqları pedaqoqların siyahısını istəyirdilər. Plakatlarda "Ruslar qalib gəlsə bütün kişiləri axtalayacaqlar, qadınlar isə onların çəkməsi altında qalacaq” cümləsi yazılırdı.

"Əcinnə ovu”na ən gənc senator və təcrübəli alkoqolik Cozef Makkarti başçılıq edirdi. Makkartizmin minlərlə qurbanından kimi həbsə düşdü, kimi işsiz qaldı, illərlə üzərlərində təzyiq və nəzarət hiss etdi.

"Hollivud onluğu” (tanınmış rejissor, ssenarist və yazıçılar) ilk qurbanlar oldu. Sonra genişlənən siyahıda Pol Robson, Jül Dassen, Artur Miller, İrvin Şou, Rut Qordon kimi məşhurlar da yer aldı.

Yazıçı Lilian Hellman makkartizmin qurbanlarından biri idi. O, sonralar həmin dövrü "Yaramazların dövrü” adlandıraraq eyniadlı kitab yazdı. Makkartinin başçılıq etdiyi Komissiyanın çağırışına rədd cavabı verərək ifadədən imtina etdi. "Mən əqidəmi paltar kimi dəyişmirəm” - onun sözləridir. Və dostlarını satmadı.

Hellmandan fərqli olaraq, onun əri, məşhur yazıçı, detektiv ədəbiyyatın klassiki Deşil Hemmet cəza aldı - həbs olundu. Səbəb isə kommunist partiyasının üzvü olan Hemmetin dostlarının adını çəkməkdən və ittiham sənədlərini imzalamaqdan imtina etməsi idi.

"Malta şahini” və "Şüşə açar”ın müəllifini Komissiyaya ifadə vermək üçün 1951-ci ilin fevralında çağırdılar. Onu şəxsən Makkarti özü sorğu-sual etdi. Və həmin dialoqdan bir parça Hemmetin bütün xarakterini açıb ortaya qoyur.

Makkarti soruşur: "Mister Hemmet, əgər Amerika həyat tərzini və dəyərlərini bütün dünyada təbliğ etməli dövlət qulluqçusu olsaydız, mənim kimi kommunizmlə mübarizə apararaq bu dəyərləri şübhə altına alan ədəbiyyatı oxumağa insanlara icazə verərdinizmi?"

Hemmetin cavabı çox sərrastdır: "Əgər mən kommunizmlə mübarizə aparsaydım, insanlara ümumiyyətlə oxumağı qadağan edərdim”.

Bir tərəfdən Hemmet qeyri-məhdud səlahiyyətlərə yiyələnmiş senatoru ələ salır, digər tərəfdən isə qürurlu cavabı ilə təsdiqləyir: kommunist olmağın yolu yaxşı kitablardan keçir və o özü də kitablardan öyrənib.

Hemmet isə təkcə klassik ədəbiyyatı oxumurdu. O, Marksı da, Lenini də dərindən bilirdi, rəsmən kommunist partiyasının üzvü idi və kommunizm haqqında məqalələr yazırdı.

Əgər makkartizmin qurbanlarının böyük əksəriyyəti kommunizm ideologiyasına sadəcə rəğbət bəsləyənlər idisə, Hemmet burada da istisnaydı - o, həm də nəzəri biliklərlə zəngin kommunist idi.
 


***

1918-ci ildə 24 yaşlı Deşil Hemmet Dünya müharibəsində savaşmaq üçün Avropaya yollanır. Ancaq hələ ABŞ-ı tərk etməmiş "ispan qripi”nə yoluxur - bu, artıq ölüm hökmü idi. 

Bir neçə il hospitallarda vaxt itirən Hemmet yarımcan halda adi həyata qayıda bilir. Düzdür, əvəzində vərəmlə xəstələnir - elə bu da ölüm hökmü idi. 

Odur ki, Hemmetin 70 il ömür sürməsi də paradoksdur. 

Gəncliyində xəfiyyə işləyir və bu da onu gələcək detektiv əsərlərini yazmaq üçün bol materialla təmin edir.

Elə gəncliyində də marksizmə "yoluxur”. Onu ABŞ-ın dialektik materializmi dərindən öyrənən nadir kommunistlərindən sayırlar. Partiyada da, Hollivudun həmkarlar təşklatında da praktik "qara işlər”i görməkdən çəkinmir. Bir sözlə, bohem və xuliqan həyat tərzinə baxmayaraq, Hemmet siyasətdə çox ciddi və məsuliyyətli birisi idi. İnanırdı ki, bu ədalətsiz dünyanı yalnız kommunistlər düzəldə bilər. Hemmeti nümunəvi kommunist saymaq olar.

Hollivud üçün cəmi bir ssenari yazıb ("Reyndə keşikçilər”). Artıq 1930-cu illərdən praktik olaraq yeni heç nə yazmasa da, bütün ssenistlərin ən ümdə arzusuna çata bilir - heç nə etməyərək, əvvəlki əsərlərinin ekranlaşdırılmasından pul qazanmaq. Bir sözlə, əlini ağdan qaraya vurmayaraq Hollivudun hesabına yaşayır. "Nuar” janrının aktuallaşması ilə onun roman və novellaları da olduqca populyarlaşır. Üstəlik, "Sısqa adam” romanında təsvir etdiyi bir neçə personaj (ər, qadın, onların iti) Hemmetə imkan verir ki, bu obrazları Hollivuda satmaqla maddi vəziyyətini stabilləşdirsin. Bir sözlə, hələ bilmək olmaz kim kimdən daha çox bəhrələnib: Hemmet Hollivuddan, yoxsa tərsinə.

Maliyyə müstəqilliyi ona siyasətlə məşğul olmaq sərbəstliyi verir. İspan inqilabını müdafiə, Antinasist Liqanı yaratmaq, həmkarlar təşkilatlarında fəaliyyət sonunda Quverin FTB-nin nəzarətinə düşməsi ilə nəticələnir. Bəs necə, Amerika arzusunu beyinlərə yeridən Hollivudda "qırmızı” yazıçı istədiyini edir - bu, milli maraqlara zərbədir.

1942-ci ildə Hemmet qəfildən yoxa çıxır. Artıq neçə ildir daima nəzarətdə olan birinin izsiz-tozsuz itməsi panika yaradır. Axtarırlar və Aleut adalarında tapırlar. Bu müddət ərzində isə onun gah gizli fəaliyyətə keçdiyi, gah da SSRİ-yə qaçdığı haqda şayiələr yayılır. Yaşı 50-yə yaxınlaşan Hemmet isə müharibəyə yollanıbmış. 

Orduya qəbul olunarkən qərargahda adını səhv yazdıqlarından, FTB Hemmeti düz üç il axtarır. Serjant Hemmet müharibədən sonra özü qayıdıb gəlir. Artıq adı "Qara siyahı”da idi.

Hemmeti ifadə verməyə çağırırlar. Onu ispan qaçqınlara yardımda və kommunist partiyasını maliyyələşdirməkdə ittiham edirlər. Yazıçı xrestomatik cümləsini işlədir: "Cavab verməkdən imtina edirəm, çünki cavabım özümə qarşı istifadə edilə bilər”.

Bu, həm höcətlik, həm də ələ salmaq idi. Odur ki, Hemmetə qarşı daha sərt münasibət vardı.

Hökm: 2 il həbs. Onun yarısını məhbəsdə keçirən dünənki dendi, "taleyin ərköyünü” qətiyyən ruhdan düşmür. Ona türmədə baş çəkən rejissor Con Hyuston xatırlayacaqdı: "Hemmeti çoxdan bu cür xoşbəxt görməmişdim”. Keçmiş xəfiyyə kriminal elementlərin arasında özünü tanış və maraqlı dairədə hiss edirdi.

Sonra həbsdən çıxır və yenidən dindirilir. Bu "imtiyaz”ın da səbəbləri vardı - Makkarti və ətrafı üçün "əcinnə ovu” karyeraya, sosial liftə çevrilmişdi. Hansısa naməlum aktyor, yaxud az məlum ssenaristi dindirməklə elə də əhəmiyyətli karyera artımına nail olmazsan. Ancaq məşhur Deşil Hemmeti, yaxud Pol Robsonu təqib etmək - bu, artıq rezonans yaradır.

Bu dəfə həbs olunmur, ancaq əqidəsindən də dönmür. Kitabları bütün kitabxanalardan yığışdırılır. "Əcinnə ovu” get-gedə daha çox müqavimətlə rastlaşaraq tədricən zəifləyir, 1954-cü ilin dekabrında isə Senat Makkartinin fəaliyyətini tənqid edir.

Daha 3 il sonra Makkarti alkoqolizmin fəsadından ölür. Deşil Hemmet isə 1961-ci ilin yanvarında vəfat edir və hər iki Dünya müharibəsinin veteranı kimi Arlinqton məzarlığında dəfn olunur.

Fransada, "Lettr fransez” həftəliyində onun ölümünə nekroloqu digər kommunist - Lui Araqon yazır. Mətndə bu cümlə də yer alır: "Müasir cəmiyyətin xarakterini mənə onun romanları qalın elmi traktatlardan daha yaxşı başa saldı...” 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->