Milli Şuranın sədri Rüstəm İbrahimbəyov Rusiya vətəndaşlığından imtina etməsi ilə bağlı müraciəti avqustun 13-də ünvanlanması haqda yayılan məlumatlara aydınlıq gətirib.
O, musavat.com-a açıqlamasında bu məlumatı təkzib edib.
Milli Şuranın sədri bildirib ki, Rusiya hökumətinə vətəndaşlıqdan çıxmaqla bağlı iyulun 8-də müraciət edib.
“Mən iyulun 8-də müraciət etmişəm, amma Rusiya hökumətinin öz qanunları var. Müraciəti məndən qəbul edəndə əlavə sənədlər istədilər. Həmin sənədlər mənim Rusiya hökuməti qarşısında öhdəliklərimin olub-olmaması ilə bağlı idi. Bu sənədlərin toplamaq üçün onlar rəsmi məktublar göndəriblər. Vergi İdarəsinə edilən müraciətə avqustun 12-də cavab gəlib, dünən isə Rusiya Daxili İşlər Nazirliyindən cavab gəlib.
Mən dünən həmin sənədin surətini Bakıya göndərmişəm. Eyni zamanda başqa sənədlər gəlib və bütün bu sənədlər gələndən sonra avqustun 13-də bütün sənədlər toplanandan sonra bunlar mənim iyulun 8-də yazdığım məktubu qəbul ediblər. Bu mənim müraciətim deyil, müraciət iyulun 8-də olub. Amma Miqrasiya Xidməti bu sənədləri avqustun 13-də qeydiyyatdan keçirib. Bu gün mən sənədlərimi vermişəm. Amma qeydiyyatdan bəlkə də bir aydan sonra keçəcəyəm. Amma qeydiyyat ayın 13-dür”.
Eyni zamanda R.İbrahimbəyov ABŞ-da yaşayış izninin olması ilə bağlı məqamı da təkzib etdi. Onun sözlərinə görə, Miqrasiya Xidmətində belə bir məsələ olmayıb və onun ABŞ-da hər hansı yaşayış izni yoxdur: “Yalandır. Mən Amerikada yaşamıram. Orda yaşayış iznim yoxdur. Başdan ayağa yalandır”.
Qaynar.info
Şərhlər