"III Şuşa Qlobal Media Forumu həm ölkəmizin informasiya müstəvisində müdafiə, həm hücum imkanlarını genişləndirir. Prezident qeyd etdi ki, informasiya hücumunu da artıq həyata keçiririk, bu imkanlar da artıq formalaşıb. Media Forumu Azərbaycanın qarşısında duran müxtəlif vektorlu hədəflərə, prioritetlərə çatmaq baxımından əlavə hərəkətverici drayzer rolunda çıxış etməkdədir".
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi elmlər doktoru, professor Elşad Mirbəşiroğlu Azərbaycanda keçirilən III Şuşa Qlobal Media Forumunun əhəmiyyətini şərh edərkən deyib.
Onun fikrincə, III Şuşa Qlobal Media Forumunun əhəmiyyətini bir sıra istiqamətlər üzrə qiymətləndirmək olar:
"İnformasiya əsrində yaşayırıq. Ölkə Prezidentinin qeyd etdiyi kimi, Azərbaycanın informasiya müstəvisində hələ də müdafiə olunmağa ehtiyacı var. Müxtəlif istiqamətlərdə mübarizə ölkəmizə uğur gətirməkdədir. Bunun üçün lazımi resurslarımız mövcuddur. İnformasiya müstəvisində də bu resursları daha da gücləndirməliyik. Bu məda III Şuşa Qlobal Media Forumu həmin resursların formalaşdırılması istiqamətində olduqca təsirli rol oynayır".
Media Forumunda iştirak edən iştirakçıların sayı ilbəil artır, əhatə coğrafiyası da genişlənir ki, həmsöhbətimizə görə, bu da Azərbaycanın dünyada daha geniş şəkildə tanınması ilə bağlıdır:
"Ölkənin daha geniş corğafiyada, daha böyük insan kütləsi arasında tanıdılması hər zaman Azərbaycanın xeyrinədir. Hər zaman Azərbaycan həqiqətlərinin davamlı olaraq dünyaya çatdırılmasına ehtiyac var. Bu mənada forumun əhəmiyyətini ayrıca qeyd etməliyik. Jurnalistlərin də etiraf etdiyi kimi Azərbaycanın müxtəlif sahələrdə qazandığı uğurlar heyrət doğurur və ölkəmizin təcrübəsindən yararlanmaq istəyirlər. 52 ölkədən 140-a yaxın media nümayəndəsinin iştirakı o deməkdir ki, Azərbaycanın mövqeyi dünyanın 52 ölkəsində təminatlı şəkildə işıqlanacaq. Habelə forumda iştirak edə bilməyən ölkələrin media orqanları da prosesi diqqətlə izləyir".
Professorun fikrincə, bu forumula informasiya mübarizəsində əlavə resurslarımız da yaranır:
"İşğaldan azad olunmuş ərazilərimizə səfərlərin iştirakçıları olmaqla jurnalistlər həmçinin erməni vandalizminin izlərini öz gözlərilə gördülər. Beləliklə də, üzərimizə olan əsassız hücumlar artıq təbii yolla arada qalxdı. Həmin media təmsilçiləri öz ölkələrində erməni vandalizmi haqqında danışmağa başladılar. Burada həmçinin bir paralellilik var. Bir tərəfdə erməni vandalizminin izləri qalmaqdadır. Digər tərəfdə isə Azərbaycanın qısa zamanda böyük uğurla bərpa işlərini həyata keçirdiyini görməkdədirlər. Bu da ölkəmizin gücünün göstəricisidir. Azərbaycan daha geniş coğrafiyada sabit, təhlükəsiz ölkə olaraq qəbul olunur. Nəticədə Azərbaycanla əməkdaşlıq etmək, işğaldan azad olunmuş ərazilərə sərmayə yönləndirmək istəyənlərin arealı genişlənir".
Elşad Mirbəşiroğlu deyir ki, bu kimi tədbirlərlə ölkəmizin sülhsevər mövqeyi, regionda təhlükəsizlik missiyasını yerinə yetirən dövlət obrazı beynəlxalq ictimai şüurda daha da güclənir:
"Bu da ölkəmizin informasiya mübarizəsində mövqelərimizi genişləndirir. Azərbaycanın bundan sonra regional təhlükəsizlik və sülhün təmin olunması yolunda hansı addımları atacağı, enerji siyasətinin necə olacağı, bu və ya digər ölkələrlə münasibəti, perspektivdə nələrin göründüyü kimi çoxsaylı regional və qlobal xarakterli suallara Azərbaycan Prezidentinin verdiyi cavablar dövlətimizin baxışları və mövqeləri barədə aydın təsəvvürlər formalaşdırır. Bu da ölkəmizlə daha səmərəli əməkdaşlıq imkanlarını formalaşdırır".
Qeyd edək ki, iyulun 19-da Azərbaycanda "Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda 3-cü Şuşa Qlobal Media Forumu işə başlayıb. İyun 21-dək davam edəcək Forumda 52 ölkədən 140-a yaxın xarici qonağın, o cümlədən 30-dan çox informasiya agentliyi, 7 beynəlxalq təşkilat və 80-ə yaxın media qurumu, həmçinin sahə üzrə əlaqəli digər təşkilatlardan nümayəndələr iştirak edir. Açılış mərasimindən sonra Forum işini sessiyalarla davam etdirəcək. Forum çərçivəsində iştirakçıların Ağdam rayonuna və Laçın şəhərinə səfərləri də nəzərdə tutulur.
Rüfət Sultan
Şərhlər