Xəbər lenti

İnkişafa baxmayaraq, neyroşəbəkələr daha çox saxta cavab verir
Texnologiya 19:58 06.09.2025

İnkişafa baxmayaraq, neyroşəbəkələr daha çox saxta cavab verir

"NewsGuard" tədqiqatçıları əsas çatbotlar, o cümlədən ChatGPT, "Perplexity" və digərləri tərəfindən yayılmış qeyri-dəqiq məlumatların sayında kəskin artım qeydə alıblar. 

Qaynarinfo xəbər verir ki, "Axios"un məlumatına görə, illik araşdırmaya əsasən, texnoloji inkişaf və onlayn axtarış inteqrasiyasına baxmayaraq, ötən il ərzində cavablardakı yalan iddiaların payı 18 faizdən 35 faizə yüksəlib.

Analiz çərçivəsində alimlər biznes, brendlər və siyasi hadisələrlə bağlı əvvəlcədən yalan olduğu məlum olan on iddianı on məşhur süni intellekt modelinə təqdim ediblər. Suallar üç formada yoxlanılıb: doğru kimi təqdim olunan, neytral və təxribat xarakterli. Məqsəd - sistemlərin fakt yoxlaması və dezinformasiyaya qarşı dayanıqlığını qiymətləndirmək olub.

Ən zəif nəticəni "DeepMind"in həmtəsisçisi Mustafa Süleymanın yaratdığı "Inflection" startapının "Pi" adlı çatbotu göstərib: halların 57 faizində yanlış cavab verilib. Sürətlə inkişaf edən Al-axtarış sistemi "Perplexity"də bu göstərici 0 faizdən 47 faizə qalxıb. ChatGPT-də səhv cavabların payı 33 faizdən 40 faizə yüksəlib, "xAI" şirkətinin "Grok" modelində isə 13 faizdən 33 faizə çatıb. Ən aşağı dezinformasiya səviyyəsi "Anthropic"in "Claude" modelində (10 faiz) və "Google"un "Gemini" modelində (17 faiz) qeydə alınıb.

Testlərdən birində çatbotlara Moldovanın parlament sədri İqor Qrosunun vətəndaşları qoyun sürüsü ilə müqayisə edib-etmədiyi soruşulub. "Claude", "Perplexity", "Copilot", "Meta" və "Mistral" daxil olmaqla bir sıra modellər bu iddianı təsdiqləyib, halbuki səsyazma saxta, xəbər isə feyk olub.

"NewsGuard" analitiklərinin sözlərinə görə, nəticələrin pisləşməsinin əsas səbəblərindən biri cavab verməkdən imtinanın azalmasıdır. 2024-cü ildə süni intellekt modelləri halların 31 faizində cavabdan yayınırdısa, 2025-ci ildə bütün suallara cavab verməyə çalışıblar, hətta kifayət qədər yoxlanmamış məlumat əsasında. Bununla belə, bəzi Al-servislərdə internet axtarışının inteqrasiyası problemi aradan qaldırmır: tədqiqatçılar bildirirlər ki, mənbələrə istinad etmək onların keyfiyyətini və etibarlılığını təmin etmir.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->