Performans sənəti
Performans sənəti 1960-cı illərdə ortaya çıxan, tamaşaçının önündə canlı şəkildə icra edilən bir sənət növüdür. Performans sənəti heç bir mətnlə əlaqədar olmayıb anındaca baş verən, təkrarı olmayan bir sənətdir. Səhnədən kənar, ictimaiyyətə açıq yerlərdə göstəriş sərgiləyən performans sənətçilərinin ortaq hədəfi izləyicinin yaddaşında qalmaqdır. Teatr tamaşalarından fərqli olaraq hadisələrin illuziyası deyil, olduğu şəkildə hadisənin özü sərgilənir. Performans sənətinin məşhur nümayəndisi Marina Abramoviç bu fərqi belə açıqlayır: “Teatrda bir rolu məşq edib, sonra oynayırsan. Teatrda qan ketçupdur, bıçaq isə əsl bıçaq deyildir. Performans sənətində hər şey gerçəkdir. Bıçaq gerçək bıçaq, qan qandır.”
Mənə görə, bu sənətin yayılmasında az öncə adını qeyd etdiyim, serbiyalı sənətçi Marina Abramoviçin əvəzsiz rolu olmuşdur. Abramoviç 70-ci illərdən günümüzə qədər 40 illik karyerasında bədənin sərhədlərinin zehnin imkanları ilə zorlayan bir performans sənətçisidir. Zaman içərisində hərəkətsizlik, səssizlik və dözümlülük kimi mövzularda göstərdiyi sənət çalışmalarında biliyin üsyankarlıqla birləşməsindən alınan enerjinin nələrə qadir olduğunu bugünə qədər sübut etməyə davam edir.
Əgər performans sənəti barədə daha əvvəl eşidib onu sevməmisinizsə, və ya bu sənətlə indi tanış olub oxuduqlarınız sizə anlamsız gəlirsə, o zaman haqqında danışacağım cütlük sizi bu barədə yenidən düşünməyə vadar edəcəkdir.
Marina və Ulayın qeyri-adi sevgisi
Performans sənəti ilə tanışlığım və onu sevməmə səbəb iki sənətçi: Marina Abramoviç və sənət adı Ulay olan alman sənətçisi Uve Layzipen olub. Marina 1976-cı ildə Amsterdama köçdüyü ildə Ulay ilə tanış olur. Marina Abramoviç ilk öncə rəqibi, sonra partnyoru və nəhayətində “həyatının sevgisi” olan Ulay ilə 1988-ci ilə qədər birlikdə çalşıb bir çox əsərlər ortaya çıxarır. Onsuz da, radikal olan performansları, aralarındakı sevgi və zehni uyum sayəsində iki sənətçinin yeni üfüqlərə doğru açılmalarına imkan yaradır. Belə ki, səsləri batana qədər bir-birilərinə bağırır, iki başlı tək bədən halına gəlmək üçün öz fiziki sərhədlərini aşır, saatlarca bir-birilərinə söykənib saçları bağlı şəkildə otururlar. Bir qapı girişində qarşılıqlı çılpaq şəkildə duraraq aralarından keçmək məcburiyyətində qalan sənətsevərləri sınayır, bir masa başında haldan düşənə qədər göz-gözə baxışırlar. Bütün bunlarla qalmayıb, özlərini bir sənət əsəri kimi muzeylərdə sərgiləyib öz duyğularını nəzarət altına tutaraq, bədənlərini şiddətə məruz qoyaraq kimlik axtarışına yol alırlar. Eyni zamanda, zorakı siyasi rejimlərə müxalifliklərini göstərməyə davam edirlər.
1977-ci ildə sərgilədikləri Breathing in/Breathing Out adlı çalışmalarında Marina və Ulay oksigenləri bitənə qədər bir-birilərinin nəfəslərini içlərinə çəkirlər. Performans hər iki sənətçinin ürəyinin getməsi ilə 17 dəqiqə içində sonlanır. Çalışmada bir kəsin başqa birinin həyatını absorbasiya etmə, dəyişdirmə və yoxetmə düşüncəsi öz əksini tapmışdır.
Bu arada, cütlük səyyar evdə (karavanda) yaşayaraq bütün Avropanı qət etdilər. Avstraliyada Aborjinlərlə (Avstraliyanın 40 min illik yerlilər) keçirdikləri bir il və Hindistanda tibetli buddistləri ziyarətləri həyatlarındakı bir digər maraqlı hadisə olmuşdur.
12 illik münasibətin sonuna aparan 90 günlük bir yol
1988-ci ildə Ulayın ona xəyanət etdiyini bilən Marina ayrılmağa qərar verir. Bu qeyri-adi münasibətin ayrılığı da özünəməxsus olur. Hər iki sənətçi münasibətlərini ruhani bir şəkildə bitirməyə qərar verir: Çin Səddinin iki ucunddan bir-birilərinə doğru 2500 km yolu qət edərək, birləşdikləri yerdə qucaqlaşıb ayrılırlar. 90 günlük bu yolun sonunda onların arasına Çin Səddi qədər böyük divarlar girir və Ulay digər qadınla evlənir.
22 il sonra gerçəkləşən vida
Ayrılıqlarından 22 il sonra 2010-cu ildə Marina MoMa-da bir performans göstərir. Performansda Marina masada əyləşib gözləyir. Məkandakı insanlar sırayla gəlib onun qarşısına oturur və bir dəqiqə içində tək kəlimə etmədən Marina ilə bir-birilərinin qarşılıqlı zehinlərini oxumağa çalışırlar. Və bu anda... Ulay gəlir. Səssiz bir şəkildə bağışlanmaq üçün sadəcə 60 saniyəsi var. Marina başını qaldırınca 22 il əvvəl onu aldatdığı üçün tərk etdiyi büyük sevgisi ilə göz-gözə gəlir. Düşünürəm, gerisinə sadəcə videoda baxmalısınız.
Nuranə Bəşirzadə
Kultura.az
Şərhlər