Xəbər lenti

İlham Əliyev Çində görüşlər keçirir (YENİLƏNİB)
Foto 12:04 01.09.2025

İlham Əliyev Çində görüşlər keçirir (YENİLƏNİB)

Sentyabrın 1-də Çinin Tiencin şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzu ilə görüşü olub.

Qaynarinfo xəbər verir ki, Maldiv Prezidenti COP29 çərçivəsində Azərbaycana səfərini və dövlətimizin başçısı ilə görüşü zamanı aparılmış müzakirələri məmnunluqla xatırladı, COP29 konfransının yüksək səviyyədə təşkil olunduğunu qeyd etdi.

Prezident İlham Əliyev də öz növbəsində Məhəmməd Muizzu ilə Bakıda keçirdiyi görüşə toxundu, aparılmış müzakirələr zamanı qarşıya qoyulmuş tapşırıqlara uyğun olaraq Azərbaycan nümayəndə heyətinin Maldivə səfər etdiyini, orada siyasi məsləhətləşmələrin aparıldığını və iqtisadi-ticari, investisiya sahələrində əməkdaşlıq məsələlərinin müzakirə olunduğu vurğuladı.

Söhbət zamanı ölkələrimiz arasında turizm və insanlararası təmasların artırılması baxımından böyük potensialın olduğu qeyd edildi. Azərbaycandan Maldivə birbaşa uçuşların turizmin inkişafında roluna toxunuldu, viza prosedurunun sadələşdirilməsi, qarşılıqlı investisiyalar sahəsində əməkdaşlıq məsələləri, həmçinin ölkələrimiz arasında hüquq-müqavilə bazasının genişləndirilməsi məsələləri müzakirə olundu.

Məhəmməd Muizzu dövlətimizin başçısını Maldivə rəsmi səfərə dəvət etdi. Dəvət məmnunluqla qəbul olundu.
 
***
 
Sentyabrın 1-də Çinin Tiencin şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif ilə görüşü olub.

Məhəmməd Şahbaz Şərif bu ilin aprel-may aylarında Hindistanın Pakistana qarşı hərbi təcavüzü zamanı Azərbaycanın göstərdiyi siyasi dəstəyə və həmrəyliyə görə Pakistan xalqı və hökuməti adından dövlətimizin başçısına bir daha təşəkkürünü bildirdi.

Azərbaycan-Pakistan əlaqələrinin qardaşlığa əsaslandığını deyən dövlətimizin başçısı Pakistanın Hindistan üzərində qələbəsi münasibətilə təbriklərini çatdırdı. Prezident İlham Əliyev ölkəmizin Pakistana göstərdiyi dəstəyə cavab olaraq Hindistanın beynəlxalq təşkilatlarda Azərbaycandan qisas almağa çalışdığını dedi. Bunun ölkəmiz üçün heç bir əhəmiyyət daşımadığını vurğulayan dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycan üçün qardaşlıq münasibətləri hər şeydən üstündür.

Məhəmməd Şahbaz Şərif Azərbaycana səfərlərini məmnunluqla xatırladı, həmçinin Laçında Azərbaycan, Türkiyə və Pakistan arasında üçtərəfli formatda keçirilmiş görüşün əhəmiyyətini qeyd etdi.

Dövlətimizin başçısı öz növbəsində üçtərəfli əsasda - Azərbaycan-Türkiyə-Pakistan formatında müzakirə olunan məsələlərin həyata keçirilməsi istiqamətində addımların atıldığını vurğuladı.

Pakistanın Baş naziri Prezident İlham Əliyevə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması və sülh gündəliyi ilə əlaqədar əldə olunmuş nəticələr münasibətilə təbriklərini çatdırdı, bunun tarixi əhəmiyyət daşıdığını qeyd etdi.

Dövlətimizin başçısı təbriklərə görə təşəkkürünü bildirdi, Azərbaycanla Ermənistan arasında sülh gündəliyi ilə əlaqədar əldə edilmiş uğurların regionda davamlı sülhün təmin olunması baxımından önəminə toxundu.

Prezident İlham Əliyev, həmçinin Vaşinqtona səfərinin Azərbaycan-ABŞ əlaqələrinin inkişafı baxımından da mühüm əhəmiyyətə malik olduğunu dedi və bütün bu proseslərdə ABŞ Prezidenti Donald Trampın rolunu xüsusi vurğuladı.

Görüşdə Azərbaycanla Pakistan arasında hökumətlərarası komissiyanın fəaliyyətinə toxunuldu, mövcud siyasi münasibətlərimizin ruhuna uyğun olaraq iqtisadi, ticari əlaqələrin inkişafına dair müzakirələr aparıldı, hökumət üzvlərinə əlavə tapşırıqlar verildi. Azərbaycanın "ASAN Xidmət” modelinə uyğun olaraq Pakistanda da analoji layihənin həyata keçirilməsi məsələsi müsbət addım kimi qiymətləndirildi.
 
***
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 1-də Çinin Tiencin şəhərində Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti Cin Liqun ilə görüşüb.

Görüşdə Azərbaycanla Asiya İnfrastruktur İnvestisiya Bankı arasında əlaqələrin mövcud səviyyəsindən məmnunluq ifadə olundu, bankın ölkəmizlə müxtəlif sahələrdə, o cümlədən yaşıl enerji sahəsində uğurlu əməkdaşlığı qeyd edildi.

Söhbət zamanı Orta Dəhliz, metro tikintisi, su, yaşıl enerji ilə bağlı gələcək əməkdaşlıq məsələləri müzakirə olundu.

Sonda strateji əməkdaşlıq üzrə imzalanmış birgə bəyannamə dövlətimizin başçısının və bankın prezidentinin iştirakı ilə mübadilə edildi.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->