Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevə təbrik məktubu ünvanlayıb.
Qaynarinfo xəbər verir ki, mətndə deyilir:
"Hörmətli Şavkat Miromonoviç,
Əziz Qardaşım,
Qardaş Özbəkistan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
Bu gün Sizin müəyyən etdiyiniz yeni Özbəkistan strategiyası əsasında ölkənizin sürətli və hərtərəfli inkişafı, bütün sahələrdə tərəqqisi, iqtisadi gücünün artması, qlobal müstəvidə nüfuzu və mövqelərinin möhkəmlənməsinin şahidi olmaqdan qardaş ölkə olaraq sevinc hissi duyuruq. Özbəkistanın əldə etdiyi bütün nailiyyətlər Sizin çoxşaxəli fəaliyyətinizin, uzaqgörən siyasətinizin, Vətənə və xalqa şərəfli xidmətinizin nəticəsidir.
Azərbaycan-Özbəkistan münasibətləri ortaq tarixi, dili, mədəniyyəti paylaşan xalqlarımız arasında formalaşmış qardaşlıq əlaqələrinin xoş ənənələrini özündə bariz şəkildə əks etdirir.
Dövlətlərarası əlaqələrimizin hazırda yüksələn xətt üzrə dinamik inkişaf etməsində ali səviyyəli qarşılıqlı səfərlər və görüşlər mühüm rol oynayır. İyul ayında Sizin Azərbaycana dövlət səfəriniz ikitərəfli münasibətlərimizin müttəfiqlik xarakterini bir daha təsdiqlədi. İnanıram ki, Azərbaycan-Özbəkistan əlaqələrinin gələcək fəaliyyət istiqamətlərinə dair əldə etdiyimiz mühüm razılaşmalar, müxtəlif sahələr, xüsusilə də iqtisadi tərəfdaşlığın şaxələndirilməsi üzrə imzalanmış bir sıra sənədlər əməkdaşlığımızın əhatə dairəsinin genişlənməsinə, müttəfiqlik münasibətlərimizin daha da möhkəmlənməsinə və dərinləşməsinə töhfələr verəcəkdir.
Biz qardaş Özbəkistan ilə gündən-günə yeni məzmunla zənginləşən əməkdaşlığımızı, xüsusilə də iqtisadi-ticari, enerji, investisiya, kənd təsərrüfatı, nəqliyyat-logistika sahələrində səmərəli fəaliyyətimizi bundan sonra da birgə səylərimizlə genişləndirmək əzmindəyik. Yüksək səviyyədə qarşılıqlı anlaşmanın, etimad və inamın mövcudluğu bunun üçün əlverişli zəmin yaradır.
Əminəm ki, Azərbaycan-Özbəkistan qardaşlığı bundan sonra da bütün birgə təşəbbüslərimizin gerçəkləşməsində mühüm rol oynayaraq, ölkələrimizin inkişafına, xalqlarımızın rifahına xidmət edəcəkdir.
Hörmətli Şavkat Miromonoviç,
Belə bir əlamətdar gündə Sizi bir daha ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, şərəfli və məsul fəaliyyətinizdə müvəffəqiyyətlər, qardaş Özbəkistan xalqına daim əmin-amanlıq, rifah və firavanlıq arzulayıram".
Azərbaycan Prezidenti Slovakiya Prezidenti Peter Pelleqrinəyə təbrik məktubu ünvanlayıb. Mətndə deyilir:
"Hörmətli cənab Prezident,
Ölkənizin milli bayramı – Konstitusiya Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Ölkələrimizi və xalqlarımızı birləşdirən dostluq və əməkdaşlıq münasibətləri bizim üçün əhəmiyyətlidir. Azərbaycan-Slovakiya əlaqələrinin hazırkı inkişaf dinamikası məmnunluq doğurur. Tərəfdaşlığımızın prioritet istiqamətlərindən olan enerji sektorunda uğurlu işbirliyimizi xüsusi qeyd etmək istərdim.
Bu gün Azərbaycan-Slovakiya əməkdaşlığının bir sıra sahələrdə genişlənməsi və yeni məzmunla zənginləşməsi üçün yaxşı imkanlar vardır. Əminəm ki, bu potensialdan tam bəhrələnərək və mövcud imkanlardan istifadə edərək birgə səylərimizlə dostluq münasibətlərimizin inkişafına, qarşılıqlı fəaliyyətimizin daha da dərinləşməsinə nail ola bilərik.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Slovakiya xalqına daim əmin-amanlıq və rifah arzulayıram".
Şərhlər