Xəbər lenti

Hindistan Azərbaycanın ŞƏT-ə üzvlüyünə mane ola bilərmi? (ŞƏRH)
Siyasət 12:44 01.09.2025

Hindistan Azərbaycanın ŞƏT-ə üzvlüyünə mane ola bilərmi? (ŞƏRH)

"Hindistan artıq istəsə belə, Azərbaycanın ŞƏT-ə üzv olmaq istəyinin qarşısında baryer ola bilməyəcək".

Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Üzeyir Şəfiyev Çinlə Hindistan arasında gərginliyin aradan qaldırılması fonunda Nyu-Dehlinin artıq Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzvlüyünə əvvəlki neqativ münasibətdən əl çəkib-çəkməyəcəyi məsələsini şərh edərkən deyib. 

"Azərbaycan ŞƏT-lə sıx əməkdaşlıq əlaqələrinə malikdir. Azərbaycanın təşkilata üzv dövlətlərlə çox yaxın münasibətləri mövcuddur. Bakı 2015-ci ildən ŞƏT-lə dialoq üzrə tərəfdaş statusunda əlaqə qurub. 2024-cü ildə isə artıq müşahidəçi qismində təşkilatda təmsil olunuruq. ŞƏT özü də Azərbaycan kimi siyasi proseslərdə aktor gücü olan dövlətlərin təşkilata üzvlüyündə maraqlıdır", deyə ekspert bildirib. 

Konfliktoloq deyib ki, artıq Pekin bu yöndə Bakıya hərtərəfli dəstək verəcəyini vəd edib: 

"Təsadüfi deyil ki, Çin lideri də Azərbaycanın ŞƏT-ə üzv olmasına böyük ümidlər bəslədiyini bəyan edib. Bu istiqamətdə Pekin Bakıya hər cür dəstək verməyə hazır olduğunu bildirib. Hindistanın Azərbaycanın ŞƏT-ə üzvlüyünə mane olmasına gəldikdə, Nyu-Dehlinin bu addımı daha çox Bakı ilə İslamabad arasındakı münasibətlərə qısqanc yanaşması ilə bağlı idi. Bu baxımdan, Hindistanın Azərbaycana qarşı yürütdüyü presinq siyasəti daha çox Bakı-İslamabad əlaqələri fonunda baş verir".
 


Həmsöhbətimiz qeyd edib ki, artıq Azərbaycan yeni reallıqlar yaradıb: 

"Ərazi bütövlüyümüz və suverenliyimiz bərpa edildikdən sonra Bakı daha güclü geosiyasi aktorlarla bərabərhüquqlu münasibətlər qurub. Digər tərəfdən, geosiyasi aktor kimi region və Avrasiya məkanınln enerji təhlükəsizliyinə dəstək veririk. Eyni zamanda, qlobal geosiyasi proseslərdə bu və ya digər şəkildə iştirak edirik. Azərbaycan "Bir kəmər, bir yol” layihəsinə dəstək verməsi də ölkəmizin aktuallığını artırır. Azərbaycanla Ermənistan arasında artıq sülh müqaviləsi də paraflanıb. Bu mənada ŞƏT Bakının da quruma daxil olamsında maraqlıdır. Bütün sadaladıqlarım Bakının ŞƏT-ə üzv olmasını sürətləndirəcək. Hər iki dövlət, həm Azərbaycan, həm də Ermənistan artıq birbaşa üzvlüklə bağlı müraciət edib. ŞƏT-in hazırda keçirilən tədbirində qurumun 10 illik strategiyası müəyyənləşdiriləcək".

Üzeyir Şəfiyev hesab edir ki, ŞƏT-in hazırkı tədbirində Bakının da təşkilata üzvlüyilə bağlı anonsları eşidə bilərik:

"Fikrimcə, artıq Nyu-Dehli bu istiqamətdə cəhd də etməyəcək. Çünki artıq onlar da yeni reallığı başa düşürlər. Yəqin ki, artıq Hindisan da Azərbaycanın regionda açar dövlət rolunda olduğunun və yeni reallıqlar fonunda ölkəmizin qarşısında durmağın mümkünsüzlüyünün fərqindədir.Bakı ilə konflikt heç bir dövlət üçün əlverişli deyil".

Qeyd edək ki, Şanxay Əməkdaşlıq Təşkilatının Tiencində keçirilən görüşü ərəfəsində Çin Xalq Respublikasının sədri Si Szinpin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə ölkəsinin Bakının ŞƏT-ə üzvlüyünü müdafiə etdiyini bildirib. İndilikdə Azərbaycan ŞƏT-də müşahidəçi qismində çıxış edir. Ölkəmizin təşkilata üzvlüyünə maneə olan isə əsasən Hindistandır. Hazırda isə görünən odur ki, Hindistan ənənəvi rəqibi Çinlə yaxınlaşmaq kursu götürüb. Bu əsasda Nyu-Dehlinin nəhayət Bakı ilə bağlı tutduğu mövqedən geri çəkiləcəyi də istisna edilmir. 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->