Prezident İlham Əliyev bu gün Davosda "Procter and Gamble Europe” şirkətinin prezidenti Loik Tassel ilə görüşüb.
Qaynarinfo-nun Azərtac-a istinadən məlumatına görə, Loik Tassel son illərdə Azərbaycanda həyata keçirilən iqtisadi islahatların müsbət nəticələr verdiyini vurğulayaraq qeyd edib ki, ölkədə yaradılan biznes mühiti və investorlar üçün şərait başqa şirkətlər kimi, "Procter and Gamble” şirkətini də Azərbaycanda öz fəaliyyətini genişləndirməyə həvəsləndirir.
"Procter and Gamble” şirkətinin Azərbaycandakı fəaliyyətinə toxunan Loik Tassel bildirib ki, şirkət təkcə istehlak mallarının satışı ilə məşğul deyil, eyni zamanda, ölkədə reklam bazarının inkişafına əhəmiyyətli töhfə verir. Azərbaycanın televiziya məkanında ən böyük reklam sifarişçisi olan şirkət müxtəlif sosial layihələrə, idman yarışlarına sponsorluq və digər dəstək tədbirləri həyata keçirməklə sosial məsuliyyət missiyasını da yerinə yetirir.
Loik Tassel bildirib ki, "Procter and Gamble” şirkəti yaranmış biznes mühitindən istifadə edərək regionda fəaliyyətini genişləndirmək istəyir. Bu məqsədlə Bakıda fəaliyyətini böyütməklə Orta Asiya və digər region ölkələrinə öz məhsullarının satışını artırmaq marağındadır. Azərbaycandakı mövcud biznes mühiti bu şirkətin regional mərkəz kimi Bakını seçməsinə səbəb olub.
İlham Əliyev Azərbaycanda yaradılan biznes mühiti, gömrük, vergi və digər sahələrdə həyata keçirilən islahatlardan danışıb. Dövlət başçısı şirkətin Azərbaycandakı fəaliyyətinin genişləndirilməsi barədə qərarların düzgün olduğunu vurğulayıb. Prezident Azərbaycan dövlətinin investorlara, sahibkarlara bundan sonra da dəstək verəcəyini bildirib.
İlham Əliyevin Davosda "The Boston Consulting Group” şirkətinin prezidenti və baş direktoru Riç Lesserlə də görüşü olub.
Görüşdə Riç Lesser "The Boston Consulting Group”un rəqəmsal iqtisadiyyatın inkişafı istiqamətində müxtəlif həll variantları işləyib hazırlayan qlobal şirkətlərdən biri olduğunu vurğulayaraq, Azərbaycan ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edib. O, Azərbaycanda həyata keçirilən islahatları, yaradılan biznes mühitini və sürətli inkişafı dəstəklədiklərini bildirib.
Riç Lesser həm dövlət qurumlarının, həm də özəl şirkətlərin fəaliyyətində, səhiyyə, icbari tibbi sığorta və digər sahələrdə daha yüksək idarəçiliyi təmin edəcək rəqəmsal həll variantlarına malik olduqlarını deyib. Qeyd edilib ki, Azərbaycanda bu həll variantlarının tətbiqi həm yeni iş yerlərinin yaradılmasına səbəb olacaq, həm də İlham Əliyevin həyata keçirdiyi idarəetmə sistemlərinin daha da təkmilləşdirilməsinə mühüm töhfə verəcək.
İlham Əliyev "The Boston Consulting Group” şirkətinin Azərbaycandakı fəaliyyətindən məmnunluğunu bildirib. Dövlət başçısı başçısı Azərbaycanın müxtəlif dövlət və özəl şirkətlər ilə əməkdaşlığın, biznes mühitinə dəstəyin bundan sonra da davam etdiriləcəyini bildirib.
Azərbaycan prezidenti "Lazard Freres” şirkətinin baş icraçı direktoru Metyu Piqasla da görüş keçirib.
Metyu Piqas şirkətin 2000-ci ildən Azərbaycanda müxtəlif layihələrin maliyyələşməsi və investisiya məsələlərinin həlli üzrə məsləhət xidmətləri göstərdiklərini vurğulayıb. O, 2017-ci ildə şirkətin Azərbaycan Beynəlxalq Bankının borclarının şaxələndirilməsində iştirak etdiyini və bankın maliyyə məsləhətçisi olduğunu bildirib. Azərbaycan Beynəlxalq Bankının restrukturizasiyasının uğurla başa çatdığını və bunun beynəlxalq təşkilatlar tərəfindən də qəbul olunduğunu xüsusi vurğulayan Metyu Piqas respublikamızda yaradılan biznes mühitinin, sahibkarlara göstərilən dəstəyin və ölkəmizin iqtisadi uğurlarının "Doing Business 2019” hesabatında əks olunmasının Azərbaycanda investisiya məsələlərinə dair konfransların və digər tədbirlərin keçirilməsi üçün əlverişli şərait yaratdığını bildirib.
Qeyd olunub ki, qlobal şirkətlər və investorlar Azərbaycanda belə böyük tədbirlərin keçirilməsində çox maraqlıdır. Bu, həm də Azərbaycan prezidenti tərəfindən xarici investorlara göstərilən dəstəyin, sərmayələrin cəlb olunması, biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətlərində qəbul edilən qərarların və görülən tədbirlərin dəstəklənməsi baxımından çox əhəmiyyətlidir. Metyu Piqas maliyyə məsləhətçisi kimi öz xidmətlərini təklif edərək, Azərbaycanda bu sahədə fəal əməkdaşlıq üçün böyük potensialın olduğunu deyib.
İlham Əliyev "Lazard Freres” şirkətinin fəaliyyətindən razılığını bildirib. Dövlət başçısı şirkət ilə əməkdaşlığın bundan sonra da davam etdiriləcəyini vurğulayıb.
İlham Əliyevin "VTB-Bank”ın prezidenti və idarə heyətinin sədri Andrey Kostin ilə görüşü olub.
Görüşdə "VTB-Bank” ilə uğurlu əməkdaşlığın həyata keçirildiyi, bankın Azərbaycanda səmərəli fəaliyyət göstərdiyi qeyd olunub. Söhbət zamanı Azərbaycanda bank sektorunun inkişafı, bu sahədə özəl sektorun fəaliyyəti üçün daha əlverişli mühitin yaradılması istiqamətində görülən tədbirlərin əhəmiyyəti vurğulanıb, əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Dövlət başçəsı Davosda "Suez Group” şirkətinin beynəlxalq inkişaf üzrə icraçı vitse-prezidenti Erik Gebali ilə də görüşü olub.
Görüşdə Erik Gebali "Suez Group”un Azərbaycanda su infrastrukturunun inkişaf etdirilməsi sahəsində fəaliyyətindən və ölkəmizlə əməkdaşlığın uğurlu olmasından danışıb. O, Azərbaycan ilə əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduqlarını bildirib.
İlham Əliyev "Suez Group” ilə əməkdaşlıq çərçivəsində görülən işlərin əhəmiyyətini vurğulayıb, şirkətlə əməkdaşlığın ölkəmizdə su infrastrukturunun daha da təkmilləşdirilməsinə böyük töhfə verdiyini qeyd edib.
İlham Əliyev həmçinin "Equinor” (keçmiş "Statoil”) şirkətinin baş icraçı direktoru Eldar Saetre ilə görüşüb.
Görüşdə "Azəri-Çıraq-Günəşli” yataqlar bloku ilə bağlı SOCAR-la "Equinor” şirkəti arasında əməkdaşlıq məsələləri müzakirə olunub. Dövlət başçısı "Equinor”un Azərbaycanda fəaliyyətini davam etdirməsindən məmnunluğunu bildirib. Söhbət zamanı "Qarabağ”, "Əşrəfi”, "Dan ulduzu” perspektiv layihələri və "Dədə Qorqud” qurğusunun təmiri ilə bağlı fikir mübadiləsi aparılıb.
Şərhlər