Xəbər lenti

Siyasət 15:52 09.04.2019

İlham Əliyevin reytinqi açıqlandı

Azərbaycandakı mövcud ictimai-siyasi vəziyyətə, Prezident İlham Əliyevin son bir ildə həyata keçirdiyi islahat kursuna, hökumətin ümumi daxili və xarici siyasətinə ölkə əhalisinin münasibətini öyrənmək məqsədilə "Opinion Way” şirkəti tərəfindən Naxçıvan Muxtar Respublikası istisna olmaqla, Azərbaycanın bütün bölgələrində geniş rəy sorğusu keçirilib.

Qaynarinfo Azərtac-a iistinaən rəy sorğusunun nəticələrini aprelin 9-da "Opinion Way” şirkətinin rəhbəri Brüno Janbar Beynəlxalq Mətbuat Mərkəzində keçirdiyi mətbuat konfransında elan edib.

Diqqətə çatdırılıb ki, sorğunun nəticələrinə görə, respondentlərin 80,1 faizi ölkədəki mövcud ictimai-siyasi və sosial-iqtisadi sabitliyin qorunub saxlanılmasını Prezident İlham Əliyevin fəaliyyətinin ən uğurlu nəticəsi kimi dəyərləndirib. 

Respondentlərin fikrinə görə, dünyada və bölgədə yaşanan çoxsaylı mənfi proseslərdən asılı olmayaraq, Azərbaycan son bir ildə ictimai-siyasi sabitlik şəraitində öz dinamik sosial-iqtisadi inkişafını davam etdirib, xalqın əmin-amanlığı və rifahı naminə bütün zəruri addımlar atılıb, əhalinin firavan həyatı üçün ardıcıl tədbirlər görülüb. Ölkədə etnik, dini və ictimai-siyasi zəmində sabitlik hökm sürüb, ictimaiyyətdə narahatlıq doğuran ciddi hallar müşahidə edilməyib. Bütün bunlar ölkədaxili vəziyyəti və Azərbaycan Prezidentinin fəaliyyətini yüksək qiymətləndirməyi təmin edən amillər olub. Məhz elə bunun nəticəsidir ki, sorğunun "Prezident İlham Əliyevin son bir ildə gördüyü işləri necə qiymətləndirirsiniz” sualına respondentlərin 85,1 faizi bütövlükdə müsbət cavab verib. Bu sualı onların yalnız 6,8 faizi "mənfi”, 8,1 faizi "bilmirəm” kimi cavablandırıb.

"Opinion Way”in "Azərbaycanda həyata keçirilən sosial-iqtisadi fəaliyyəti və bu sahədə Prezident İlham Əliyevin son ildə apardığı islahatları necə qiymətləndirirsiniz” sualına sorğuda iştirak edənlərin 90,5 faizi bütövlükdə müsbət cavab verib, onlardan 64 faizi bu istiqamətdə hökumətin fəaliyyətini "tam bəyəndiyini”, 26,5 faizi "əsasən bəyəndiyini” vurğulayıb, rəyi soruşulanların yalnız 6,0 faizi bu suala "bəyənmirəm”, 3,5 faizi isə "bilmirəm” cavabını verib.

Prezident İlham Əliyevin seçkiqabağı vədlərinin yerinə yetirilməsinin qiymətləndirilməsinə dair "Opinion Way”in sualına respondentlərin bütövlükdə 75,6 faizi müsbət cavab verib.

Prezident İlham Əliyevin kadr islahatları da sorğuda iştirak edən vətəndaşlar tərəfindən yüksək qiymətləndirilib. Bununla bağlı sualları cavablandıran respondentlərin 78,8 faizi həyata keçirilən kadr siyasətinə birbaşa öz müsbət rəyini bildirib, onlardan 43,3 faizi bu sahədəki dəyişikliklərdən tam razı qaldığını, 35,5 faizi isə əsasən razı qaldığını nümayiş etdirib.

Sorğunun nəticələrinə görə, Prezident İlham Əliyevin son bir ildə həyata keçirdiyi korrupsiya əleyhinə mübarizə tədbirləri də cəmiyyət tərəfindən təqdir olunub. Rəyi soruşulanların 75,6 faizi korrupsiyanın aradan qaldırılması ilə bağlı görülən tədbirləri effektli və qənaətbəxş qiymətləndirib.

"Opinion Way”in "İlham Əliyevin qəbul etdiyi "Regionların sosial-iqtisadi inkişaf proqramı” və hökumətin bölgələrdə həyata keçirdiyi fəaliyyət nəticəsində sizcə regionlar inkişaf edibmi” sualına respondentlərin 93,1 faizi "hə” cavabı verib, 72,3 faizi hökumətin bu istiqamətdəki fəaliyyətini tam müsbət, 20,8 faizi "əsasən müsbət” kimi dəyərləndirib.

Prezident İlham Əliyevin regionların inkişafına xüsusi diqqət göstərməsi həm də vətəndaşların böyük rəğbətini qazanıb. Sorğuda ölkə Prezidentinin bölgələrə çoxsaylı səfərlərinin faydalılıq əmsalı respondentlərin 90,4 faizi tərəfindən müsbət dəyərləndirilib, 48,9 faiz bu səfərləri "çox yüksək”, 27,5 faiz "əsasən yüksək”, 14 faiz isə "qismən yüksək” kimi qiymətləndirib.

Sorğunun Prezident İlham Əliyevin xarici siyasəti ilə bağlı nəticələri də əhalinin müsbət mövqeyini ifadə edib: Sorğuda iştirak edənlərin 89,9 faizi bu sualı müsbət cavablandırıb, onların 73,9 faizi suala "əla”, 16,0 faizi "kafi” cavabı verib, 2,4 faizi "pis”, 7,7 faizi isə "dəqiq bilmirəm” kimi münasibət bildirib.

"Opinion Way”in sorğusuna respondentlərin verdiyi cavablar Azərbaycan cəmiyyətinin Prezident İlham Əliyevə böyük etimad bəslədiyini bir daha təsdiq edir. Ümumiləşmiş orta nəticələr onu göstərir ki, əgər bu gün yenidən prezident seçkiləri keçirilsə, İlham Əliyev ölkə seçicilərinin mütləq çoxluğunun, təxminən 83-85 faizinin səsini qazana bilər.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?