Xəbər lenti

İlin sonunadək sülh sazişi imzalanacaqmı?..
Hüseynbala Səlimov
Siyasət 11:50 25.09.2023

İlin sonunadək sülh sazişi imzalanacaqmı?..

Bəri başdan deyək ki, bunu birmənalı şəkildə söyləmək çətindir. Birincisi, ona görə ki, N.Paşinyan və komandası siyasi oyunbazlıqdan əl çəkmir – bir tərəfdən Azərbaycanını ərazi bütövlüyünü tanıdıqlarını deyir, Dağlıq Qarabağa görə Azərbaycanla vuruşmayacaqlarını bildirirlər, o biri tərəfdənsə, öz siyasi hoqqalarını davam etdirirlər. 

Bu günlərdə BMT TŞ–də keçirilən müzakirələr zamanı Azərbaycanın xarici işlər naziri danışarkən erməni naziri Ararat Mirzoyan "nümayişkaranə” şəkildə zalı tərk etdi. İkincisi, Ermənistanda indi siyasi vəziyyət yetərincə mürəkkəbdir – baş nazir Nikol Paşinyana qarşı etirazlar davam edir. Əsas odur ki, burada Sarqsyan və ya Koçaryan kimi "beşinci siyasi kolon”dan söhbət getmir – ruslar onları özləri də marginal müxalifət adlandırır. 

Düzdür, Paşinyanın hələ siyasi dayaqları var. Bunu İrəvandakı mer seçkiləri də göstərdi – bəli, müəyyən geriləmələr, zəifləmələr var, amma bununla belə Paşinyan hələ də irəlidədir. 

Onun dayaqlarını bir az itirməsi də təəccüblü deyil. İnsanlar baş nazirdən qəti addımlar gözləyirlər. O isə bunu edə bilmir. Təkcə ona görə yox ki, hakimiyyətini itirməkdən qorxur, həm də ona görə ki, necə deyərlər, "oyundan qalib çıxmaq” istəyir – axı o, da hər şeydən əvvəl ermənidir, daşnakdır və hakimiyyətə min bir cinayətlə və məkrli oyunla ələ keçirdikləri keçmiş Dağlıq Qarabağı və ya Ermənistanı Azərbaycana təhvil vermək üçün gəlməyib. 

Bu adamın keçmiş Dağlıq Qarabağdakı erməni xuntasının təmsilçilərilə "Yallı” getməsi də hamının yaxşı yadındadır. Onun bütün bu ümidlərinə Azərbaycan ordusu və bir də diplomatiyası son qoydu. 

Amma burada bir məsələ var: Nikol Paşinyan üçün nəyin önəmli olduğunu demək elə də çətin deyil, baxmayaraq ki, bu bir qədər mürəkkəb məqamdır. Amma bizə elə gəlir ki, erməni baş naziri üçün əsas vəzifə ölkəsini Rusiyanın nəzarətindən və əsarətindən çıxarmaqdır. Onu hakimiyyətə gətirən Qərb dairələri də ondan ilk növbədə bunu gözləyirlər. Təsadüfi deyil ki, hal-hazırda, Rusiya ilə münasibətlərdə çox ciddi "çat” yarandığı bir vaxt Paşinyan ilk növbədə Qərbə arxalanır. 
Qərb də özünü elə göstərir ki, guya onun üçün Ermənistanın Dağlıq Qarabağdakı maraqları da az önəm kəsb etmir. Amma bizə belə gəlir ki, bu bir görüntüdür, ona görə ki, onlar belə etməyə məcburdurlar, çünki "erməni lobbisi” deyilən bir məqam var. 

Bu günlərdə ABŞ prezidenti Cozef Bayden fəxrlə dedi ki, Ukraynaya dəstək üçün əlli ölkədən ibarət koalisiya yaradılıb. Müharibənin iki ili ərzində Kiyevə on milyardlarla dollarlıq hərbi – texniki yardım göndərilib. Amma burada bir məqam var: Qərb bütün bunları Ukraynanın ərazi bütünlüyünü təmin etmək üçün edir. Bəli, belə çıxır ki, Ukraynanın, Moldovanın, hətta Gürcüstanın belə ərazi bütövlüyünü təmin etmək lazımdır. 

Azərbaycana gəldikdə isə, ona mane olmaq, hətta Bakının öz resursları hesabına problemi həll etməsinə belə imkan verməmək lazımdır! Amma onlar bununla heç nəyə nail ola bilməyəcəklər, çünki Cənubi Qafqazda heç bir ciddi "rıçaq”ları yoxdur. Fransanın edə biləcəyi BMT TŞ-də aranı qızışdırmaq idi. Amma o, heç nəyə nail ola bilmədi. Elə ABŞ-ın da çabaları bir nəticə verməyəcək. 

Hazırda Bakı prosesdə öz mövqelərini möhkəmləndirməkdədir. Separatçılar nəinki Ağdam-Xankəndi yoluna razı oldular, hətta bu yolla gələn humanitar yükü də qəbul etdilər. Üstəlik, Yevlaxdakı görüşdə öz humanitar problemlərini bir-bir dilə gətirdilər. Əlbəttə, proses ideal şəkildə rəvan olmayacaq, müəyyən çətinliklər istisna olunmur. Amma ən əsas çətinlik artıq arxadadır. 

Odur ki, İrəvanda siyasi kataklizmlər baş verməzsə, Kreml özünün köhnə senarilərini işə salmasa, Qərb atılıb-düşməsə, ümid etmək olar ki, ilin sonunadək sülh sazişi imzalanacaq. Əsas odur ki, Ermənistan getdikcə özünü keçmiş Dağlıq Qarabağ münaqişəsindən ayırır. Bu isə o deməkdir ki, o, Azərbaycanla sazişin imzalanmasını Dağlıq Qarabağdakı xuntanın maraqları - problemlərilə bağlamayacaq...
 
Hüseynbala Səlimov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->