""Şimal-Cənub” nəqliyyat dəhlizi ölkədə daha səmərəli biznesin təşkilinə, onun infrastrukturunun formalaşdırılmasına təkan verəcək. Habelə, ölkənin fiskal faydalarını artırmağa və gələcəkdə azalan resurs gəlirləri fonunda tədiyyə balansında yaranan risqləri xidmətlər balansından əldə olunan fayda ilə qismən kompensasiya etməyə imkan yaradacaq”.
Bunu Qaynarinfo-ya açıqlamasında İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Rəşad Həsənov deyib.
Həmsöhbətimiz vurğulayır ki, son 3 onillikdə əsas strateji hədəflərimizdən biri ölkəmizin geostrateji mövqeyindən istifadə etməklə loqistika və nəqliyyat istiqamətlərinin inkişafı məsələsidir:
"Bu mənada "Şimal-Cənub” nəqliyyat dəhlizi böyük iqtisadiyyatların inteqrasiyası imkanlarını artırmağa, prosesdə Azərbaycanın gəlir əldə etmə və strateji mövqeyini gücləndirməyə imkan yaradır. Bu aspektdən məsələyə yanaşsaq, sözügedən nəqliyyat dəhlizinin təkmilləşdirilməsi, burada müxtəlif nəqliyyat növləri üzrə daşınmalar infrastrukturunun formalaşdırılması gələcəkdə ölkəmizin loqistika, nəqliyyat, və transport xidmətləri üzrə gəlir əldə etmək imkanlarını artıracaq”.
Bununla yanaşı, ekspertə görə, həmin addımlar yerli sahibkarların prosesdən bu və ya digər şəkildə faydalanmasına, daşınmaların daha aşağı qiymətə başa gəlməsinə, yerli istehsal məhsullarının maya dəyərinin aşağı düşməsi, ixrac məhsullarının xarici bazarda rəqabət aparmaq imkanının artması, ixrac xərclərinin azalmasına şərait yaradacaq:
"Həmçinin, bu nəqliyyat və loqistika sahəsində yerli şirkətlərin formalaşması və inkişafına da təkan verə bilər. Təbii ki, prosesin gedişi yerli sahibkarların vəziyyətdən necə faydalanacağından daha çox asılıdır. Hər halda "Şimal-Cənub” nəqliyyat dəhlizi ölkədə daha səmərəli biznesin təşkilinə, onun infrastrukturunun formalaşdırılmasına təkan verəcək. Habelə, ölkənin fiskal faydalarını artıra və gələcəkdə azalan resurs gəlirləri fonunda tədiyyə balansında yaranan risqləri xidmətlər balansından əldə olunan fayda ilə qismən kompensasiya etməyə imkan yarada bilər”.
Qeyd edək ki, Azərbaycanla İran "Şimal-Cənub” dəhlizinin tamamlanmasını sürətləndirməyə razılaşıblar. Bu barədə razılıq Azərbaycan və İranın Birgə İqtisadi Komissiyasının 16-cı iclasında əldə olunub. İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq iclasda bildirib ki, "Şimal-Cənub" dəhlizi ölkənin ən mühüm tranzit marşrutlarından biridir və burada Rəşt-Astara hissəsi əsas rol oynayır. Onun sözlərinə görə, Rusiya və İran arasında yerləşən Azərbaycan üç ölkə arasında yükdaşımalarda strateji mövqe tutur. Üçillik fasilədən sonra keçirilmiş iclasda tərəflər preferensial ticarət, avtomobil və dəmir yolu daşımaları, həmçinin ölkələr arasında aviareyslərin sayının artırılması haqqında bir sıra sazişlər imzalayıblar. Həmçinin qeyd edilib ki, bu layihənin tamamlanması 15 milyon ton tranzit həcminə çatmağa imkan verəcək.
Rüfət Sultan
Şərhlər