"İndiyə kimi yaşadığım həyata nəzər salanda görürəm ki, bir saatımı belə dəyişmək istəmərəm. Nə yaxşı ki, bu cür ömür yaşamışam. İmkanım olsa, cəmi iki günü dəyişərdim. O da atam və anamın ölüm günləridir. Amma naşükürlük də etmək istəməzdim. Çünki anam 87, atam isə 81 yaşında vəfat edib. Bir övlad üçün valideyninin belə uzun ömür yaşaması xoşbəxtlikdir. İstəyərdim ki, özüm də onlara oxşayım, uzun ömür yaşayım". Bunu APA TV-nin efirində yayımlanan "Üç dama" verilişinin qonağı, xalq yazıçısı Çingiz Abdullayev deyib.
Xalq yazıçısı anası ilə bağlı xatirələrini də bölüşüb: "İnsanın anası sağ olanda hələ də özünü uşaq bilir. Atam hüquqşünas olduğu üçün əsər yazanda çox vaxt onunla məsləhətləşirdim. Demək olar ki, ilk oxucularım atam və anam olub. Hətta anam bəzən yazdıqlarımın çoxunun həqiqət olduğuna inanırdı. Bir dəfə məndən "İtaliyada doğrudan da sevgilin varmı" deyə soruşdu. Məsələn, mənə xalq yazıçısı adı veriləndə məhz ilk olaraq anama zəng vurdum. Məlumdur ki, Azərbaycanda ən gənc xalq yazıçısı mənəm. Üstəlik bu adı alanda mənim həm atam, həm də anam sağ idi. Yəni bu, hər valideynə nəsib olmayıb ki, övladının fəxri ad almağının sevincini yaşasın".
Gənclikdə peşə seçimi ilə bağlı arzularından danışan yazıçı vaxtilə polis olmaq istədiyini bildirib: "O zaman nazir mənim atamla dost idi. Bu istəyimdən xəbər tutan kimi atama zəng edib məni fikrimdən daşındırmağını istədi. Demişdi ki, bu sahənin çox çirkin işləri var. Yaxşısı budur, özünə başqa sənət seçsin. Düşünürdüm ki, nə vaxtsa müstəntiq kimi çalışaram. Hüquq fakültəsini bitirdim. Həmin vaxtda xarici ölkələrə getmək çətin olsa da mənim xarici səfərlərim çox olurdu. Bu da mənim dünyagörüşümün formalaşmasına, yeni mühit və insanlar tanımağıma yardım edirdi. SSRİ dağılanda artıq mənim əsərlərim bir neçə xarici ölkələrdə çap olunurdu. Hazırda tez-tez eşidirəm ki, ayda bir kitab yazdığımdan danışırlar. Bu, sadəcə əfsanədir. Ancaq iki və ya üç aydan bir yazdığım doğrudur".
Yazıçı belə çox kitab yazılmasının səbəbini əhatəsinin maraqlı və geniş olması ilə izah edib. Çingiz Abdullayev əsərlərindən qazandığı qonorar barədə belə deyib: "Əvvəllər əsərlərim daha çox Rusiyada çap olunurdu. Sonralar Azərbaycanda tərcümə olunmağa başladı. Mən buradakı qonorarımı uşaq evlərinə və Qarabağ müharibəsindən əziyyət çəkən qaçqınlara bağışlayırdım. Sonralar "Qanun" nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu və "Əli və Nino" kitab mağazalar şəbəkəsinin təsisçisi Nigar Köçərli mənim yanıma gəlib bütün əsərlərimi Azərbaycan dilinə tərcümə etmək istədiklərini dedilər. Çox böyük məbləğdə qonorar təklif etdilər. Nə qədər qonorar aldığımı açıqlasam, digər yazıçılar məni öldürərlər. Düzdür, Şahbaz Xuduoğlu bəzən pulumu ləngitsə də danışdığımız məbləğin hamısını ödəyir. Təbii ki, mən əsərlərimin Azərbaycan dilində çap olunmağına sevinirəm. Çünki keçən il Azərbaycan dilində ən çox satılan 10 kitabın içində 9-u mənim kitablarım olub. Əlbəttə ki, mən bununla fəxr edirəm".
Detektiv ədəbiyyatın ciddiliyi və aktuallığı barədə danışan Çingiz Abdullayev ümumiyyətlə bu janrın müsəlman aləmində demək olar ki, mövcud olmadığını deyib. Amma o, bu fikri ingilis yazıçısı Con Le Karrenin söylədiyini vurğulayıb: "Con deyir ki, detektiv ədəbiyyat rasional ədəbiyyatdır. Çünki Qərb insanı kilsəyə girir. İsanı, çarmıxı, bir sözlə, xristian dini inanclarını özündə əks etdirən çoxlu sayda elementlər görür. Ancaq müsəlmanların peyğəmbəri, Allahı yalnız onların ürəyindədir".
Çingiz Abdullayev keçmiş fəaliyyəti ilə bağlı gəzən söz-söhbətlərə də aydınlıq gətirib: "Mən heç vaxt MTN-də işləməmişəm. İşləsəydim, fəxrlə deyərdim. Sadəcə mən orada kurator olmuşam və ona görə də arxivlərə baxmağa icazəm vardı. Zəngin arxiv var, mən etiraf edirəm ki, yazılarımda bu arxivdən çox istifadə etmişəm. Əsərlərim də məhz bu səbəbdən maraqlı faktlarla zəngindir".
Dini inancından söhbət açan Çingiz Abdullayev aqnostik olduğunu vurğulayıb: "O biri dünyaya inanmıram. Orada saqqallı kişi və yaxud hurilərin varlığı mənə inandırıcı gəlmir. Əgər doğrudan da o biri dünya varsa, məmnuniyyətlə cəhənnəmi seçərdim. Çünki tarixin bütün dahi adamları oradadır".
Çingiz Abdullayev əsərlərinin bəzən faciə janrında qiymətləndirilmə səbəbini belə izah edib: "Bəzən mənim əsərlərimin bir neçəsinin detektiv yox, faciə janrında olduğunu deyirlər. Rejissor Mehriban Ələkbərzadə "Məhkumlar" əsərimi səhnəyə qoyanda bu əsərin əsl faciə olduğunu demişdi. Rasim Ocaqov mənə demişdi ki, sən insanları aldadırsan".
Rus dilində yazan yazıçıların Azərbaycan yazıçısı kimi qəbul edilməməsi düzgün deyil. Çingiz Abdullayev belə deyib: "Düzdür, bir aralar bu söhbət gündəmə gəldi. Millət vəkili Nizami Cəfərov bu müzakirəni açmışdı. Ancaq mən qəti etiraz edirəm. Əgər belədirsə, onda Nizami Gəncəvi, Məhəmməd Füzuli Azərbaycan şairi deyil. Hazırda Azərbaycanda altı xalq yazıçısı var, onun üçü məhz rus dilində yazır. Necə demək olar ki, onlar Azərbaycan yazıçısı deyil?!"
Dünyanın bir çox nüfuzlu ədəbi mükafatlarını alan yazıçı Nobeli alacağına ümidinin olmadığını deyib: "Əslində bəzi Nobel mükafatçılarının bu mükafata layiq olmadığını düşünürəm. Məsələn, Gerta Müller lezbiyanlardan yazıb və Nobel mükafatı alıb. Mən belə mövzularda heç vaxt yazmaram".
Ədib yazıçının dolanışıq məsələsinə də toxunub: "Çox sevinirəm ki, şadlıq sarayı açmamışam. Bu, həqiqətdir ki, bizdə kitab yazmaqla dolanmaq olmaz. Ancaq onu bilirəm ki, hətta yazıçılıqdan heç bir qazancım olmasa belə yenə yazardım. Oxucularımın olması, kitablarımın oxunması mənim üçün böyük xoşbəxtlikdir. Hərdən düşünürəm ki, bəlkə ehtiyacım olsa, mən də rüşvət alardım. Amma bu, həqiqətdir ki, insan ya satılır, ya satılmır. Rüşvətxor fahişədən pisdir. Fahişə bədənini satır, rüşvət alan vicdanını".
Qaynar.info
Şərhlər