Xəbər lenti

İnkişafın qısa yolu
Sənət 12:38 20.06.2014

İnkişafın qısa yolu

Seymur Baycan

Əhməd bəy Ağaoğlu xatirələrində doğma şəhərdən ayrılması barədə bir məqama toxunmuşdu. Anası onun Rusiyaya yollanmasına yalnız heç vaxt xaçpərəst qızı ilə evlənməyəcəyi barəsində bərk-bərk and içdirəndən sonra razılıq vermişdi.  

Əhməd bəy Ağaoğlu yazır: “Məni yola salmaq üçün qadınlı-kişili çoxlu qohum-əqrəba gəlmişdi. Faytonun yanında hər kəslə vidalaşdım. Anama növbə çatanda məni bir kənara çağırdı, çarşabını yana çəkdi, köynəyinin yaxasını açıb döşlərinin ikisini də çıxardı. Başımı döşlərinin arasına alıb göz yaşları içərisində mənə pıçıldadı:

– Oğlum, get. Allah köməyin olsun. Amma mənə and iç. De ki, əgər xaçpərəst qızı ilə evlənsəm, bu döşlərdən əmdiyim süd mənə haram olsun”. Anam yavaş səslə “Tez ol, oğlum. Bizi gözləyirlər. And iç !” – dedi. “And içirəm”. “Yox, dediyim kimi and iç!” Dediklərini sözbəsöz təkrar etdim. Anam son kərə alnımdan öpdü. Yaxasını və çarşabını bağladı. Faytona yaxınlaşdıq” 

Bu cümlələri oxuyarkən bir sual ortaya çıxır. Ay ana, ay qadın, oğlunun xaçpərəst qızla evlənmə ehtimalı niyə səni bu qədər ciddi narahat etməlidi? Başqa bir işin-gücün, dərdin-sərin, problemin yoxdu? Düzdü, dövrü nəzərə almaq lazımdı. İsa Hüseynovun təbirincə desəm, zaman o zaman idi ki, cəhalət hər addımda öz sözünü deyirdi. Cəhalət valideynlərə övladlarını  məktəbə göndərməyə imkan vermirdi. Cəhalət tərəfdarları deyirdilər - uşaqlarınızı məktəbə göndərməyin, orda onlara donuz əti yedizdirib kafir edəcəklər.  Bir faktı burda tirajlasaq, vəziyyət xeyli aydın olar. Əhməd Dövlətoğlu adlı maarifpərvərin, bir kənd sakininin mülkündə kirayəyə götürülmüş bir otaqda açmış olduğu qiraətxana kənddə qarışıqlığa səbəb olduğundan çox keçmir ki, qiraətxana bağlanır. Qarışıqlığa səbəb isə kənd camaatının məhəllə mollasına qiraətxanaya gedib oradakı qəzetləri oxumağın şəriətə uyğun olub-olmamasına dair sualına mollanın verdiyi cavab olur. Cavabında molla demişdir ki, qəzet oxumağın yerinə, qəza namazını qılın, qiraət öyrənin, şəriətlə biz müsəlmanlar "Quran"dan başqa heç bir şey oxumamalıyıq. Müsəlman olan şəxs heç bir başqa əcnəbi yazı-pozu ilə tanış olmamalıdır. Əgər olarsa, o kafirdir.  (daha ətraflı baxa bilərsiniz http://kultura.az/articles.php?item_id=20140329085027751&sec_id=1) 

Belə faktlar çoxdur. Onlarla bu kimi faktlar var. Mirzə Cəlilin “Molla” adında bir yazısı var. Həmin yazıda Mirzə Cəlil yazır ki, kənddə müsəlman qızların erməni qızları kimi məktəbə getdiyini görəndə mat qaldım. Bunun səbəbini öyrəndikdə məlum oldu ki, həmin kənddə molla yox imiş.  

O vaxtlar çox güman  az adam öz xoşuna övladını xaricə oxumağa göndərərdi. Sadəcə ucqarlarda yerli məmurlara bir az ehtiyac vardı. Məhz bu şirnikləndirici perspektiv bəzi insanları vadar edirdi ki, öz övladını Rusiyaya, xaricə oxumağa göndərsinlər. Yoxsa kim təhsilə, elmə pul xərcləyərdi. Onlar da gedib oxuyurdular, mədəniyyətlə, tərəqqiylə tanış olurdular, elmin, kitabın gücünü  görürdülər, təfəkkürləri dəyişirdi. Bir çoxları qazandıqları savadı ancaq öz şəxsi maraqlarına sərf edirdi, bəziləri isə millətin necə aciz, bədbəxt gündə olduğunu, nə qədər geridə qaldığını anlayaraq ölkəyə qayıtdıqda  maarifçiliklə məşğul olurdular. Analar başqa millətlərdən qız almağa icazə vermirdi. Müsəlman qızlarının arasında isə oxumuş qızlara çox nadir hallarda rast gəlinirdi. Bədbəxtlər evlənməyə savadlı arvad tapa bilmirdilər.  

Bəs bu gün valideynlər nə səbəbə övladlarını xaricə oxumağa göndərirlər. O vaxtki vəziyyət bu gün aşağı-yuxarı təkrarlanır.  Hansısa bir şirkətdə, tutaq ki, SOCAR-da işləmək perspektivi olmasa, yəqin, çox az valideyn öz övladının xaricdə təhsil almasına pul xərcləyər. Bir çoxları xaricdə aldığı təhsillə hakimiyyətin keşiyində dayanır, bəziləri isə ölkənin azad olunmasına, xalqın inkişafına sərf edir.  

Qayıdaq mövzumuza. Bir qohumum vardı. Əsgərliyə gedəndə rus dilində beş kəlmə bilmirdi. Hərbi xidməti başa vurub Rusiyada zavodların birində işə düzəldi. Həm də oxudu. Bir müddətdən sonra böyük bir sexin rəisi oldu. Nə başınızı ağrıdım, bu qohumumun anası dinc dayanmadı. Gündə bir teleqram vurdular. Filankəs ölüm ayağındadı. Filankəs xəstədi. Filankəs çayda batıb. Filankəs ağacdan yıxılıb. Min oyundan, min hoqqadan çıxıb axırda o bədbəxti qaytardılar geriyə. Daha sonra bir qızla evləndirib onu ömürlük bədbəxt etdilər. Bu kimi faktlar minlərlədi. Aşağı-yuxarı çoxusunda eyni sujetdi. Sovet dövründə digər respublikalarda yerləşmək, iş tapmaq, evlənmək, ev almaq xeyli asan idi. Analar imkan vermirdi oğullar öz həyatlarını qurub , öz həyatlarını yaşasınlar. Min əməl edib, min hoqqa çıxarıb onları geri qaytarırdılar. Şantaj edirdilər. Özlərini xəstəliyə vururdular. Bəzən yalandan ölürdülər. Bu kimi hoqqalar çıxarıb, artistliklər edib nə qədər adamı geriyə qaytardılar. Halbuki o qayıdan adamlar öz yerlərində qalsaydılar, müxtəlif respublikalarda nə qədər hərbçi, fərqli  sahələrə aid mütəxəssislər, pullu, vəzifəli, mövqeli adamlar  yetişə bilərdi.  

Bəs yaxşı, bizim analar niyə, nə səbəbə öz oğlanlarının başqa millətdən qız almasına qarşı çıxırlar? Səbəb aydındı. Onlar heç də öz oğlanlarını düşünmürlər. Özlərini düşünürlər. Azərbaycan anası dedovşina arzusundadı. Azərbaycan anasının içi boşdu, intellekti yoxdu. Onlar həyatda qazana biləcəyi yeganə statusu, qaynana statusunu itirmək istəmirlər. Onlar ona görə oğul böyüdürlər, toy edirlər ki, evə gətirdikləri gəlinə hökmranlıq etsinlər. Onu incidiblər, indi də o başqasını incitmək, başqasına hökm vermək, başqasının işinə burun soxmaq, başqalarının həyatını zəhərləmək  istəyir. Əsgərlikdə olanlar bilir. Hərbi xidmətin əvvəlində çox əziyyət çəkənlər hərbi xidmətin sonunda ən qəddar adama çevrilirlər. Daha düşünmürlər ki, əgər məni incidiblərsə, heç olmasa mən başqasını incitməyim. Azərbaycan anası bilir ki, əgər oğlu başqa millətdən evlənsə qaynana statusunu tam mənimsəyə bilməyəcək. Onun zəhərli açarı başqa millətin kilidinə girməyəcək. Onun qeybətləri üçün münbit şərait yaranmayacaq. Özü danışıb özü eşidəcək. Deməli, döyüş meydanına, daha doğrusu evə, ocağa öz səviyyəsinə uyğun adam gətirməlidi. Bizim qızlar gedib analara minnətdar olmalıdırlar. O mənada ki, analar öz övladlarını yerli məhsulları almağa məcbur edir. Bu gün də bu proses davam etməkdədi. Gənclər ailənin təzyiqindən qorxaraq iqtisadi sanksiyalardan çəkinərək başqa millətdən sevdikləri qızlardan imtina edirlər. Bununla da böyük bir səhvə yol verirlər. Ata-ana bu gün sabah ölüb gedəcəklər, onlar isə öz həyatlarının üstündən birdəfəlik xətt çəkirlər. Əgər valideyn öz övladının məhəbbətinə, sevgisinə, seçiminə hörmət etmirsə, bəs övlad niyə öz atasına və anasına hörmət etməlidi? Uzaqbaşı deyəcəklər ki, südüm sənə haram olsun. Olsun. O südü inək də, keçi də balasına verir. Süddən başqa nə veriblər? İbtidai cəmiyyətlərdə anaların öz övladlarına verdiklərini şüursuz canlılar da öz balalarına verirlər. Onlar da öz balalarına süd verirlər, onları istidən və soyuqdan, düşməndən qoruyurlar. Elə isə şüurlu canlıyla şüursuz canlılar, daha dəqiqi desək insanla heyvan arasında fərq nədədi?  Bəs tərbiyə, bəs təhsil, bəs davranış qaydaları? Bəs bunları kim öz övladına öyrətməlidir?  Narahat olmayın, əgər siz yerli məhsulları almasanız, onsuz da onları heç kim almayacaq. Alsa da, ya iranlı alacaq, ya da turanlı. Çünki yerli məhsullar övlad böyütmək iqtidarında deyil. Ağlı başında olan adam öz övladının təlim və tərbiyəsini yerli məhsullara etibar etməz. Onların mənəvi dünyası yoxdu. Onları qızıldan və parıltıdan savayı heç nə marqlandırmır. Qaynanalar gəlinlərin, gəlinlər də qaynanaların tayıdır. Yaxşı tapışıblar. Zatən səviyyəli adam səviyyəsiz adama baş qoşmaz. Məşhur bir filosofun dediyi kimi- əgər küçədə bir it üstümə hürürsə, mən itə hürərək cavab qaytarmaq məcburiyyətində deyiləm.  

Kişi deyilən məxluq qalır bu iki səviyyəsiz adamın arasında. Biri anadı, biri də arvad. Bu iki səviyyəsiz məxluqat öz səviyyəsiz ədavətləri, səviyyəsiz söz söhbətləri ilə neçə-neçə adamların həyatını məhv ediblər.  Kişi bədbəxt qalır dilemma qarşısında. Kimdən imtina etsin. Arvaddan imtina etsə, ailə dağılacaq. Anadan imtina etsə, el-oba, kənd-kəsək, məhəllə-qohum-əqrəba bir ağızdan xorla deyəcək ki, filankəs bir arvada görə anasından imtina etdi. Onsuz da bizim adamlar boş-bekardı. Söz-söhbət üçün gündüz əldə çıraq mövzu axtarırlar. Bəs nə etməli? Heç nə, qorxmadan, çəkinmədən, ata-ana kultunu sındıraraq, daha səviyyəli xalqların nümayəndələri ilə ailə qurmaq lazımdı. Bizim qadınlar öz səviyyələrini qaldırmaq istəmirlər. Onlar kitab görəndə elə bil qutuda ilan görürlər. Onların mənəvi dünyası kasaddır. İntellektdən isə söhbət belə gedə bilməz. Bəs o zaman bu cür kasad qadınlar necə övlad tərbiyə edə bilər? Zatən bir uşaq doğandan  sonra onlar  daha da rahatlaşırlar, çünki  artıq qarantiya əldə edirlər. Uşağı əldə bayraq edib öz səviyyəsizliklərinin sərhədlərini daha da genişləndirirlər.   

Fürsətdən istifadə edib bir daha gənc dostlarıma səslənirəm. Bu məsləhəti qardaş qardaşa verməz. Yerli məhsullarla ailə qurmayın. Qurmayın. Qurmayın. Duyduq duymadıq deməyin - Yerli məhsullarla ailə qurmayın! Ümumiyyətlə, iranlıdan, turanlıdan, şərq xalqlarından uzaq durun.   Yazıqsınız, özünüz öz əlinizlə həyatınızı zəhərə çevirməyin. Dünya doludu gözəl-gözəl qızlarla. Yaxşı olar ki, bizim xalqdan daha inkişaf etmiş xalqların nümayəndələri ilə ailə qurasınız. Bu zaman həm övladınızın təlim-tərbiyəsi baxımından rahat olarsınız, həm də öz səviyyənizi qaldırarsınız. İnsan həyatında bir dəfə səviyyəsiz adama baş qoşdusa, uzun illər bunun altını çəkir. Bu haqqda onlarla roman oxumuşam. Nə qədər adamın həyatı gözümün qarşısında məhv olub. Yerli məhsullar heç vaxt özünü ərinin səviyyəsinə qaldırmır, həmişə çalışır ki, əri onun səviyyəsinə ensin. O ərinin intellekti, savadı, istedadı ilə fəxr edə bilmir. Tam tərsinə, bu istedadı söndürmək üçün əlindən gələni edir. Ən nəhayət, ən cındır və şərəfsiz adamları ərinə nümunə göstərir. İndi bir-iki dırnaqarası qlamurkalar, günəşin çıxmasından pozitiv enerji alanlar, portaxal şirəsi içib həyat haqqında şən fikirlər yürüdənlər ortaya çıxıb deyəcək ki, elə deyil, belədi. Mən elə, mən belə, məncə insan... məncə ailə...məncə hər kəs bir-birini başa düşməlidi zad... Bu söhbətlərə aldanmayın. Onlar danışanda özləri haqqında danışmırlar. Onlar öz arzularını danışırlar. O arzular ki, heç vaxt həyata keçməyəcək. Çünki o arzuların həyata keçməsi üçün ortada heç bir zəmin yoxdur. Yox əgər, belə özündənrazı, özünə arxayın qızlar  varsa, o zaman qoy onlar da başqa, daha inkişaf  etmiş millətin nümayəndələrinə ərə getsinlər. Beləliklə  hər kəs birtəhər canını qurtarsın.  

Əgər nə vaxtsa kimsə bu ölkədə mədəniyyət sahəsində radikal islahatlar keçirmək istəsə, həmin adam ilk növbədə inkişaf etmiş xalqların qızlarından iki yüz min, üç yüz min ölkəyə gətirib bizim millətin oğlanları ilə ailə qurmalarına şərait yaratmalıdı. Belə ailələrə dövlət tərəfindən ev, təqaüd verilməlidi. Bu ailələrdə doğulan uşaqlar xüsusi məktəblərdə oxumalıdırlar... 

Kultura.az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->