"Ölkədə vətəndaş bank münasibətlərində müəyyən problemli məqamların olması təəssüfedicidir. Müşahidələr əhalinin getdikcə kredit almağa o qədər də maraqlı olmamasını göstərir. Bunun qarşısını almaq üçün ciddi tədbirlər görülməlidir”.
Qaynarinfo xəbər verir ki, bu sözləri Teleqraf.com-a açıqlamasında hüquqşünas Əkrəm Həsənov bank-vətəndaş münasibətləri haqqında danışarkən bildirib:
"İnsanlarda belə bir təəssürat var ki, onların bankla hər hansı bir problemi olsa və bu iş məhkəməyə qədər gedib çıxsa, böyük ehtimalla bankın xeyrinə qərar veriləcək. Amma bu, bütün hallarda belə olmur”.
Əkrəm Həsənov əhalidə bank sektoruna inamsızlıq yaradan digər hallardan da danışıb:
"Bank sisteminə nəzarət edən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası, Mərkəzi Bank, Əmanətlərin Sığortalanması Fondu və digər qurumların milli pulla bağlı verilən proqnozlarını düzgün çıxmaması, bankların taleyi barədə qeyri-dəqiq fikirlər bank sisteminə güvənin azalmasına gətirib çıxarır.
Ləğv olunan banklarda əmanəti olan vətəndaşlar təbii ki, vəsaitlərini itirmək təhlükəsi ilə üz-üzə qalırlar. Həmin əmanətlərin sığortalanan hissəsinin vətəndaşlara geri ödənilməsi də vətəndaşların banklara olan inamını artırmır. Özəl bankların vətəndaşlara təklif etdiyi kreditlərin yüksək faizli olması təbii ki, cəmiyyətdə banklara olan etibara təsir edir”.
Əkrəm Həsənovun sözlərinə görə, əgər bankın qorunmayan əmanətləri geri qaytarmağa gücü yoxdursa, bank sisteminə nəzarət edən qurumlar həmin banklara kredit verməlidir. Bununla müvəqqəti olaraq əhalinin borcundan çıxmaq olar. Bu, həm də əhalinin inamını yenidən formalaşdıra bilər”.
Şərhlər