Xəbər lenti

Ölkə 17:14 15.03.2024

İnzibati yollarla qohum evliliklərinin qarşısını almaq olarmı? - Ekspert

(Yazı "gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması"mövzusu üzrə hazırlanıb)

Azərbaycanda qohum evliliklərinin sayı artıb.

Bunu "Qohum nikahları" ilə bağlı keçirilən ictimai müzakirədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib. 
O, son illərdə Azərbaycanda qohum nikahlarının artmasına diqqət çəkib: 

"2021-ci ildə Azərbaycanda qohumlar arasında 2363 nikah qeydə alınıb ki, onlardan 204-ü boşanıb. Həmçinin 2022-ci ildə isə ölkədə 2542 qohum nikahı qeydə alınıb, onlardan da 608 nəfəri boşanıb. Bu rəqəmlər deməyə əsas verir ki, ölkədə qohum evliliklərinin sayı artıb".

Komitə sədri əlavə edib ki, bu kimi evliliklərinin qarşısının alınması üçün ciddi tədbirlər görülməlidir.

İctimai müzakirədə bildirilib ki, ən çox qohum nikahlar Bakıda (742), Mil-Muğan (296) və Lənkəran-Astara (274) regionlarında qeydə alınıb.

Tədbirdə qeyd edilib ki, bəzi ailələrdə müşahidə olunan ənənəvi stereotiplərin, qohumların evlənməsinə müsbət yanaşılması kimi patriarxal düşüncələrin mövcudluğu belə nikah hallarının baş verməsinə səbəb olur. 

Bununla əlaqədar qohumlar arasında bağlanan nikahın doğura biləcəyi fəsadlarla bağlı ictimaiyyətin rəyi öyrənilərək baba və nənəsi ümumi olan şəxslər arasında nikahın bağlanmasına yol verilməməsi məqsədilə Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 12-ci maddəsində müvafiq dəyişiklik edilməsi təklif olunub.

Beləliklə, açıqlanan statistika görülən işlərə, maarifləndirici tədbirlərə rəğmən, Azərbayanda yaxın qohumlar arasında nikaha girmək hallarının artdığını göstərir. 

Qaynarinfo-ya açıqlamasında psixoloq Elnur Rüstəmov bildirir ki, qohum nikahı ilə dünyaya gələn uşaqlarda fiziki və psixoloji xəstəliklər daha geniş yayılır: 

"Qohum nikahları əsasən valideynlərin tövsiyələri nəticəsində bağlanır. Belə nikahların yaranmasının digər amili isə tərəflərin öz aralarındakı münasibətin nəticəsidir. Hazırda qohumlar arasında evliliyə xüsusi təşviqedilmə halları əvvəlki qədər aktiv deyil. Amma ara-sıra baş verir. Qohum nikahlarında öncələr boşanma hallarına az rast gəlinsə də, indi bu rəqəmlər də artır. Elm sübut edib ki, qohum nikahı nəticəsində dünyaya gələn uşaqlarda fiziki və psixoloji xəstəliklər daha çox müşahidə edilir. Belə uşaqlarda həm fiziki, həm də mental problemlər olur”. 
 


Ekspert qeyd edir ki, qohum evliliklər arasında ailə münasibətləri də tamlaşmır:

"Bu həm ər-arvad, həm də uşaqlarla bağlıdır. Ona görə də qohum evliliklər arasında boşanma halları daha da artır”.  

Problemə qarşı mübarizəyə gəldikdə, həmsöhbətimiz əsasən preventiv tədbirlərə üstünlük verilməsinin tərəfdarıdır: 

"Daha çox maarifləndirməyə üstünlük verməliyik. Maarifləndirmə davamlı, sistemli şəkildə aparıldıqda, nəticəsi də olacaq. İnzibati tədbirin nə dərəcədə real olduğunu deyə bilmərəm. Amma hər halda hüquqi forma olmalıdır. Hüquqi forma dedikdə, qohumluq evliliyilə bağlı tibbi yoxlanışlara müəyyən maddələr əlavə etmək olar. Bu əlavələr nəticəsində daha obyektiv məlumatlar əldə edə bilərik ki, o da bizə evlənən qohum cütlüklərinin ailə qurmasının nə dərəcədə məqsəduyğun olduğunu müəyyənləşdirməyə imkan verər. Hər kəsin seçmək, seçilmək hüququ var. Ailə qurmaq könüllüdür, məcburi deyil”. 

Rüfət Sultan
 
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->