Oktyabrın 12-də saat 13:20 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Bala Bəhmənli kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən 1 nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozması müşahidə olunub.
Bu barədə Qaynarinfo-ya Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.
Sərhəd zastavası "Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi tam qapadılmaqla sərhəd pozucusu təqib edilmiş, ərazidə axtarış tədbirləri keçirilmişdir. Axtarış nəticəsində qamışlıqda gizlənmiş 1 nəfər sərhəd pozucusu saxlanılmışdır.
Sərhəd pozucusu yaxalanarkən sərhəd naryadına müqavimət göstərmiş, üzərində olan soyuq silahla sərhəd naryadına hücum edərək xəsarət yetirmişdir. Hərbi qulluqçuya dərhal təxirəsalınmaz tibbi yardım göstərilmişdir, vəziyyəti qənaətbəxşdir.
Hadisə yerinə baxış zamanı 1 ədəd bağlamada 790 qram marixuana, 105 qram heroin, 100 qram kristal formalı narkotik vasitə aşkar olunmuşdur.
Sərhəd pozucusunun şəxsiyyəti müəyyənləşdirilmiş, Tərtər rayonunun sakini 1990-cı il təvəllüdlü Yadigarov Etibar Əvəz oğlu olması məlum olmuşdur.
Hadisə ilə əlaqədar cinayət işi başlanılmışdır, zəruri əməliyyat-istintaq hərəkətləri həyata keçirilir.
Şərhlər