İran prezidenti Məsud Pezeşkian avqustun 19-da Ermənistana səfər edəcək. Səfərin avqustun 21-dək davam etməsi gözlənilir. İrəvanda bir sıra rəsmi şəxslər, o cümlədən baş nazir Nikol Paşinyanla müzakirələr aparacaq Pezeşkian birgə iqtisadi-ticari forumda da iştirak edəcək.
Nikol Paşinyanın ABŞ səfərindən sonra İran prezidentinin İrəvana getməsi Qərbdə bir çox suallar doğurur. Qeyd edək ki, artıq Rusiyanın Cənubi Qafqazdakı nüfuzu zəifləyib. İran isə bu boşluqdan istifadə edə bilər. Buna görə Qərb əmin olmaq istəyir ki, İrəvan onun müəyyən etdiyi xətdən kənara çıxmayacaq.
Rəsmi Vaşinqton istəyir ki, üç Qafqaz dövləti İslam Respublikası ilə ticari, iqtisadi, maliyyə münasibətlərini minimuma endirsin. Bu nöqteyi-nəzərdən Azərbaycanın mövqeyi əvvəlcədən aydındır - balanslaşdırılmış siyasətini davam etdirmək. Cənub qonşusu ilə minillik qonşuluq siyasəti, regionda bir sıra iri layihələrdə Tehranla əməkdaşlığı kimi faktorlarla yanaşı, balanslaşdırılmış siyasət kimi faktorları nəzərə almaq lazımdır. Bu baxımdan, Qərbin Bakıya verəcəyi sual qalmayıb.
Gürcüstan məsələsinə gəlincə, İranla sərhəd qonşusu olmayan rəsmi Tiflis əsasən bank sistemi ilə bağlı addım ata bilər. Bu yaxınlara qədər sanksiyalardan yayınmaq üçün İslam Respublikası əsasən Gürcüstanın bank sistemindən yararlanırdı.
Paşinyan hökuməti İslam Respublikası ilə bu sahədə əməkdaşlığın sona çatdığını və sırf iqtisadi sahədə işgüzar görüşlərin və layihələrin keçiriləcəyi siqnalını verir.
İran-Azərbaycan münasibətləri isə həmişə gərginliklə müşayiət edilib. Bunun da səbəbləri var - Cənubi Azərbaycan amili, Bakının İsrail və Qərblə isti münasibəti, Xəzər dənizində Qərb şirkətlərinin çalışması, II Qarabağ savaşından sonra Ankaranın Bakıda artan nüfuzu və Vaşinqton görüşü zamanı imzalanan sənədlər İranı narahat edir.
Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra Tehran Bakı ilə münasibətlərində daha qəzəbli və qərəzli mövqe sərgiləyir. Bunun da səbəbləri var. İşğaldan azad edilən bəzi rayonlarımız İranla sərhəddir. İran istəmir ki, o ərazilərdə NATO üzvü olan Türkiyə və ya başqa bir Tehrana düşmən olan ölkənin nüfuzu artsın.
Burada bir məqama da diqqət çəkmək lazım gəlir. Qarabağ probleminin həlli, Azərbaycanın parlaq qələbəsi Tehran da daxil, bütün İranda yaşayan 30-40 milyonluq soydaşımıza mübarizə ruhu verir. İran güclü, müstəqil, torpaqlarını cəmi 44 gün ərzində hərbi və siyasi yol ilə azad etmiş bir Azərbaycanla qonşu olmaq istəmir. Tehran Cənubi Azərbaycan türklərində millətçiliyin artacağını anlayır. İran dərk edir ki, Türkiyənin Orta Asiyaya, Xəzər dənizinə çıxış imkanı yaranır. Belə gedişat İranın bölgədəki gücünü darmadağın edir.
Digər amillərdən biri də odur ki, İran Gorus-Qafan yoluna nəzarəti itirmək üzrədir və bunu həzm edə bilmir. İran öncədən yanlış siyasət sərgilədi. Ermənistan Cənubi Qafqazda mühüm oyunçu ola bilməzdi və Tehran bunu hesablaya bilmədi. Gorus-Qafan yolu Tehranın üzünə bağlandıqdan sonra, bölgəyə ayaq basmaq üçün İran tamamilə Azərbaycandan asılı vəziyyətə düşə bilər. Digər tərəfdən, Tehran belə düşünür ki, Zəngəzur dəhlizi ilə bağlı Bakının niyyəti reallaşarsa, İran Naxçıvan, həmçinin Türkiyə və Orta Asiya ölkələri arasında yük və sərnişin tranzitindən əldə olunan gəlirləri itirəcək. Bakının təkidi ilə açılacaq Zəngəzur dəhlizi İranın Qara dənizə və Qərbə çıxış planlarına zərbə olacaq. Tehranın bütün tranzit layihələri Bakının iradəsinə bağlı olacaq. Bütün bunlar İranı qəzəbləndirir. İranın Azərbaycanda etnik və məzhəb qarşıdurması qurmaq cəhdləri də nəticə vermir.
Qeyd edək ki, İranın ali rəhbərinin baş müşaviri Əli Əkbər Vilayəti isə avqustun 8-də keçirilən Vaşinqton görüşündə imzalanmış Birgə Bəyannamə ilə bağlı sərt mövqeyini açıqlayıb. O, Zəngəzur dəhlizinin "Tramp marşrutu" kimi açılmasının İranın maraqlarına zidd olduğunu iddia edib və ərazinin ABŞ-nin icarəsində ola bilməyəcəyini vurğulayıb.
"Cənubi Qafqaz Trampın icarəyə götürə biləcəyi ərazidir? Qafqaz dünyanın ən həssas geosiyasi bölgələrindən biridir və bu dəhliz Trampa məxsus tranzit marşrutu deyil, onun muzdluları üçün qəbiristanlığa çevriləcək", deyə Vilayəti bildirib.
Təsadüfi deyil ki, İranın bu açıqlamaları regionda gərginliyi artırmağa hesablanıb. Azərbaycan, Ermənistan və ABŞ liderlərinin bölgədə sülh və əməkdaşlığı gücləndirmək məqsədilə imzaladığı Bəyannamənin Tehran tərəfindən bu cür qarşılanması, regionda yeni siyasi və təhlükəsizlik təlatümlərinin yaranacağı ilə bağlı narahatlıqları artırır. Belə bir vaxtda Pezeşkianın Ermənistana səfəri ciddi müzakirələrə səbəb olub.
Siyasət şöbəsi
Şərhlər