Ekonomiks 16:10 22.02.2021

Çirkab suyu, milli rəqs paltarları və kanalizasiyasız məktəbə od qiymətinə su...

Bakının Bilgəh qəsəbəsində yerləşən 11 nömrəli İnteqarsiya Təlimli İnternat Məktəbi içməli suyun satın alınması müsabiqəsinə yekun vurub.

Qaynarinfo xəbər verir ki, məbləği 76 min manat olan tenderin qalibi "Epsilon Servis” MMC olub. Tenderin şərtlərinə görə, 20 min m(3) su internat məktəbinə veriləcək. 
 


İnternat məktəbindən Qaynarinfo-ya bildirilib ki, su təminatının təmin olunması üçün "Azərsu”ya müraciət olunub. Ancaq "Azərsu”nun yaxın əraziyə çəkdiyi su xətti ilə tələbatı ödəyə bilmirlər:

"Hazırda məktəbdə 1800 şagird təhsil alır, yataqxanada da 248 şagird qalır. Eləcə də 120 uşaq Günərzi Qayğı Mərkəzində qalır. Həmçinin, internat məktəbinin ərazisi 3 hektardan artıqdır. Bu ərazidə yaşıllıqları da suvarmaq lazım gəlir…”

Məktəbdən həmçinin bildirdilər ki, kanalizasiya olmadığı üçün çirkab suların daşınması üçün də kotirovka sorğusu keçirirlər. 

Qeyd edək ki, internat məktəb 2005-ci ildə "Heydər Əliyev” Fondu tərəfindən, sonuncu dəfə isə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən, 2015-2017-ci ildə əsaslı təmir edilib. 

Tenderin qalibi olan "Epsilon Servis” MMC-nin adına açıq internet resurslarda rast gəlmək mümkün deyil. Şirkətin daha əvvəl hansı işlərlə məşğul olduğu barədə heç bir yerdə məlumat yoxdur. Rəsmi məlumatlarda ""Epsilon Servis” MMC-nin 08.06.2016-cı ildə dövlət qeydiyyatına alındığı, nizamnamə kapitalının 200 manat olduğu qeyd olunub. Hüquqi ünvanı Yasamal rayonu, 8-ci keçid, ev 11-də yerləşən şirkətin qanuni təmsilçisi Yəhyayev Rahim Məmmədhənifə oğludur.

Bakının Xəzər rayonunun Türkan qəsəbəsində fəaliyyət göstərən E.Mirzəyev adına Sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika xüsusi internat məktəbinin fevralın 2-də "Çirkab suların daşınması" və "İçməli və texniki suyun satın alınması" müsabiqələrində də qalib gəlib. Bu məqsədilə "Epsilon Servis” MMC-yə 29 min 999 manat 88 qəpik veriləcək. 

Qeyd edək ki, bir il əvvəl 6 nömrəli Respublika xüsusi internat məktəbinin "Çirkab suların daşınması" və "İçməli və texniki suyun satın alınması" məqsədilə keçirdiyi tenderin qalibi "Anar Servis” MMC olub. Bu il "Epsilon Servis” MMC-yə ödəniləcək məbləğin eynisi (29 min 999 manat 88 qəpik) ötən il "Anar Servis” MMC-yə ödənilib.

Yeniavaz.com-un araşdırmalarına görə, "Epsilon Servis” MMC ilə eyni gündə - 08.06.2016-cı ildə qeydiyyata alınan "Dostluq Konsaltinq” MMC isə 2 il əvvəl "Çirkab suların daşınması" və "İçməli və texniki suyun satın alınması" məqsədlə 6 nömrəli Respublika xüsusi internat məktəbilə müqavilə imzalayıb.

"Dostluq Konsaltinq” MMC ilə "Anar Servis” MMC eyni hüquqi ünvanda - Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti ev 187, mənzil 79–da qeydiyyata alınıb. Hər iki şirkətin qanuni təmsilçilərinin soyadı da eynidir - "Dostluq Konsaltinq” MMC-nin qanuni təmsilçisi Miriyev Famil, "Anar Servis” MMC-nin qanuni təmsilçisi isə Miriyeva Nailədir.

Maraqlıdır ki, "Dostluq Konsaltinq” MMC ilə eyni ünvanda, eyni nizamnamə kapitalı ilə, qanuni təmsilçisi də eyni şəxs olan daha bir şirkət - "Dostluq Servis” MMC də qeydiyyatdan keçib.

"Dostluq Servis” MMC də ötən il 11 nömrəli İnteqarsiya Təlimli İnternat Məktəbinə "İçməli su” satıb. Həmin tarixlərdə "Anar Servis” MMC ilə 11 nömrəli İnteqarsiya Təlimli İnternat Məktəbi arasında "Çirkab suyun daşınması” barədə müqavilə imzalanıb.

"Çirkab suyu daşıyan” şirkət, həm də milli rəqs paltarları satır.

Diqqət çəkən məqamlardan biri də odur ki, "Anar Servis”, "Dostluq Konsaltinq” və "Dostluq Servis” MMC təkcə "İçməli su” satmaq və "Çirkab suyun daşınması” xidmətini həyata keçirməyiblər.

- 17.08.2020-ci il tarixli məlumata görə, "Dostluq Servis” MMC Diasporla İş üzrə Dövlət Komitəsinə 22 min 125 manat dəyərində milli rəqs paltarları satıb.
- 28.02.2020-ci il tarixli məlumata görə, "Anar Servis” MMC Diasporla İş üzrə Dövlət Komitəsinə 29 min 326 manat 30 qəpik dəyərində dəftərxana və təsərrüfat malları satıb.

- 20.06.2020-ci il tarixli məlumata görə, "Dostluq Konsaltinq” MMC Təhsil Nazirliyinə 35 min 106 manat dəyərində təsərrüfat ləvazimatları, mal və materiallar satıb.

- 30.10.2020-ci il tarixli məlumata görə, "Dostluq Servis” MMC Təhsil Nazirliyinə 10 min 999 manat dəyərində dəftərxana və təsərrüfat malları satıb.

- 28.02.2020-ci il tarixli məlumata görə, "Anar Servis” MMC Diasporla İş üzrə Dövlət Komitəsinə 40 min 400 manat dəyərində hədiyyə xarakterli mallar satıb.

- 17.02.2020-ci il tarixli məlumata görə, "Anar Servis” MMC 6 nömrəli Respublika xüsusi internat məktəbinə 4 min 999 manat 88 qəpik dəyərində "Çirkab suların daşınması” xidməti göstərib.

- 17.02.2020-ci il tarixli məlumata görə, "Anar Servis” MMC 6 nömrəli Respublika xüsusi internat məktəbinə 25 min manat dəyərində içməli və texniki su satacaq.

- 23.01.2020-ci il tarixli məlumata görə, "Anar Servis” MMC 4 nömrəli Respublika xüsusi internat məktəbinə 20 min 580 manat dəyərində içməli və texniki su satacaq.

- 14.01.2020-ci il tarixli məlumata görə, "Anar Servis” MMC Təhsil Nazirliyi Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün Reabilitasiya Mərkəzinə 19 min manat dəyərində içməli su satacaq.

Onu da qeyd edək ki, nə "Dostluq Servis”, nə "Dostluq Konsaltinq”, nə də "Anar Servis” MMC barəsində açıq internet resurslarda heç bir məlumat mövcud deyil.

Bəs bu şirkətləri bir-birinə nə bağlayır?

- Adları qeyd olunan şirkətlərdən 4-nün hüquqi unvanı eynidir – Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, ev 187, mənzil 79.

- Şirkət təxminən eyni tarixlərdə dövlət qeydiyyatına alınıb.

- Şirkətin nizamnamə kapitalı eynidir – 200 manat.

- Şirkətlərdən ikisinin qanuni təmsilçiləri eyni şəxsdir.

Yüksək səviyyədə təmir olunan müəssisələrdə niyə su xətti yoxdur?

Yazıda adları qeyd olunan, həmçinin adları bu yazıda qeyd olunamayan və ayrı-ayrı MMC-lərdən olduqca baha qiymətə içməli su satın alan müəssisələr yaxın tarixlərdə yüksək səviyyədə təmir olunublar.

- Türkan qəsəbəsində yerləşən 6 nömrəli Respublika xüsusi internat məktəbi "Heydər Əliyev” Fondunun "Uşaq evləri və internat məktəblərinin inkişafı" proqramı çərçivəsində 2014-cu ildə yenidən qurulub.

- Şüvəlan qəsəbəsində yerləşən 4 nömrəli respublika xüsusi internat məktəbi "Heydər Əliyev” Fondunun "Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində 2015-ci ildə yenidən qurulub.

- Buzovna qəsəbəsində yerləşən Respublika Uşaq Sanatoriyası 2014-cü ildə yenidən qurulub.

- Bilgəh qəsəbəsində yerləşən Təhsil Nazirliyi Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün Reabilitasiya Mərkəzi isə 2011-ci ildən etibarən fəaliyyət göstərir.
- Buzovna qəsəbəsində yerləşən 8 nömrəli Sanatoriya tipli İnternat Məktəbi "Heydər Əliyev” Fondunun "Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində 2012-ci ildə əsaslı təmir edilib.

Maraqlıdır ki, son illərdə yüksək səviyyədə yenidən qurulan bu müəssisələrin yaxınlığnda yerləşən digər tikililərdə və ərazlərdə içməli su mövcud olsa da, adları qeyd olunan müəssisələrdə içməli su və kanalizasiya xətti mövcud deyil.

Orxan Həsənli