Xəbər lenti

İşçi qrupun rəhbəri: “Prezidentin dövlət səfəri Azərbaycan-İtaliya hərbi əməkdaşlığını gücləndirəcək”
Siyasət 14:49 21.02.2020

İşçi qrupun rəhbəri: “Prezidentin dövlət səfəri Azərbaycan-İtaliya hərbi əməkdaşlığını gücləndirəcək”

"Azərbaycanla İtaliya arasında münasibətlər çox yüksək səviyyədədir. Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra bu münasibətlər bütün sahələrdə inkişaf edir. İqtisadi sahədə də hər iki ölkə dünyada bir nömrəli tərəfdaşdır”.

Bunu "Report”a açıqlamasında Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, deputat Azər Kərimli deyib.

İşçi qrupun rəhbəri bildirib ki, son illər Azərbaycanla İtaliya arasındakı ticarət dövriyyəsi 6 milyard ABŞ dollarına çatıb: "Bu əlaqələr bu gün də inkişaf etməkdədir. Prezident İlham Əliyevin İtaliyaya etdiyi dövlət səfərinin ən ümdə nəticələrindən biri də iki ölkə arasında qeyri-neft sektorunda olan əlaqələrin inkişafı olacaq. Hesab edirəm ki, iki ölkə arasında kənd təsərrüfatı, ağır sənaye və hərbi sahədə olan əməkdaşlıq daha da inkişaf edəcək”.

İşçi qrupunun rəhbəri xatırladıb ki, ötən il Azərbaycanla İtaliya arasında strateji tərəfdaşlıq haqqında birgə bəyannamə qəbul edilib: "Bu da iki ölkə münasibətlərinin yeni əməkdaşlığına təkan verib. Prezidentin budəfəki səfərində 25-dən çox sənəd imzalanıb. Onlardan ən önəmlisi "Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə”dir. Bu da rəsmi Bakı və Roma arasında olan münasibətlərin yeni mərhələsi olacaq”.


"İtaliya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan edib"
 

A.Kərimli qeyd edib ki, iki ölkə arasındakı əlaqələr təkcə iqtisadi və ticari sahədə deyil, eləcə də siyasi müstəvidə də yüksək səviyyədədir: "İtaliya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan edib. İtaliya Deputatlar Palatası və Senatının üzvləri ilə sıx əlaqələrimiz mövcuddur. Bu əlaqələr Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul edilən sənədlərdə Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi şəklində özünü büruzə verir. Budəfəki səfərdə imzalanan çoxölçülü strateji tərəfdaşlığın gücləndirilməsinə dair birgə bəyannamədə Azərbaycanın ərazi bütövlüyü dəstəklənir. Qeyd olunur ki, mövcud problem BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə uyğun həllini tapmalıdır”.

Onun sözlərinə görə, Azərbaycanla İtaliya arasında humanitar və mədəni sahədə olan əməkdaşlıqda Heydər Əliyev Fondunun böyük rolu var: "Bu əməkdaşlıq illərdir ki, davam edir və bundan sonra daha da genişlənəcək”.

A.Kərimli həmçinin vurğulayıb ki, Prezident İlham Əliyevin İtaliyaya dövlət səfəri iki ölkə arasında hərbi sahədə olan əməkdaşlığa da öz töhfəsini verəcək: "Belə ki, Azərbaycanın Müdafiə Nazirliyi ilə "Leonardo S.p.A” şirkəti arasında sənəd imzalanıb. Bu da "M-346” təyyarələri inteqrasiya sisteminin alınması ilə bağlıdır. Bütün bunlar iki ölkə arasında olan əlaqələri daha da gücləndirəcək”.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->