Vüsal Bağırlı

21-ci əsr. 2019-cu il. Müasir dövr.

Bizim günlər.

Sivilizasiya yeni dövrə qədəm qoymağa hazırlaşır. İnternet, informasiya texnologiyaları sürətlə inkişaf edir, süni orqanlar yetişdirilir. 
Alimlər mikrobiologiya, gen terapiyası, nanotexnoloji, kvant fizikası sahələrində yeni üfüqlər açır, yüksək zirvələr fəth edirlər.
Elmi məqalələrin başlıqları  Ayzek Əzimovun, Herbert Uelsin gələcəkdən xəbər verən elmi-fantastik hekayələrini xatırladır.
Zamanın simmetriya qanunları, genin modifikasiya sistemi araşdırılır, bəşəriyyətin xilası və köçüb yaşaması üçün yararlı ola biləcək yeni ekzoplanetlər kəşf edilir.

İnsanlar səma cisimlərini fəth etməyə hazılaşırlar. Robototexnika inkişaf edir. Telepatik internet resursları, süni intellektlə idarə olunan şəhərlər yaradılır.

2019-cu il. Müasir dövr.

Bizim günlər. Astaranın Sekeşan kəndi.

Kənddə 24 ildir ki, elektrik enerjisi yoxdur. Kənd camaatı ibtidai bir şəraitdə yaşama davam etməyə çalışır.
Kənd sakini Mirəhməd Əliyev, "Övladımın 24 yaşı var, bu müddət ərzində o, elektrik işığı görməyib. Bu şəraitsizlikdən ən çox məktəbli uşaqlar əziyyət çəkir” deyir.

İnsanlar gündəlik informasiyanı antennalı radioqəbulediciyə qulaq asmaqla alır. Kənd sakinləri illərdir işıq görməyib. Kəndə elektrik sonuncu dəfə  uzaq 1995-ci ildə verilib.

Bir zamanlar 30 ailə yaşayan yerdə indi şəraitsizlik ucbatından cəmisi 17 nəfər qalmışdır. Elektrik enerjisi yalnız generatorlar vasitəsilə təmin olunur. O da ki, qismən.

Yanacaq kimi benzindən, neftdən, işıqlandırma vasitəsi kimi gecələr şamdan, lampadan istifadə olunur. İsinmək üçün odun, çır-çırpı yandırılır. Gündəlik yemək, biş-düş təndir və ocaqda bişirilir. 

Sakinlər mal-qara saxlayır və sitrus meyvələri satmaqla dolanır. Kənddə avtomobil yolu yoxdur. Ərzaq min bir əziyyətlə qonşu kənddən gətirilir. Minik vasitəsi kimi atdan və eşşəkdən istifadə olunur.