Xəbər lenti

Bakı Kiyevin sülh sammitində iştirak dəvətinə
Siyasət 16:44 02.05.2024

Bakı Kiyevin sülh sammitində iştirak dəvətinə "hə" deyəcəkmi? (ŞƏRH)

"Kiyevin dəvəti dəyərləndiriləcək".

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə Ukrayna Ali Rada sədrinin müavini Yelena Kondratyukun Azərbaycanı İsveçrədə keçiriləcək sülh sammitinə dəvət etməsini şərh edərkən deyib.

Deputat bildirib ki, dəvəti qəbul edib-etməmək Azərbaycan Prezidentinin iradəsi və səlahiyyətindən asılı məsələdir:



"Azərbaycan bu müharibənin dayandırılması və problemin danışıqlar yolu ilə həllində maraqlıdır. O, baxımdan Ukrayna tərəfinin dəvəti də dəyərləndiriləcək. Ukraynanın təklif etdiyi və İsveçrədə olacaq sülh konfransında iştirak edib-etməmək Azərbaycan Prezidentinin iradəsi və səlahiyyətindən asılı məsələdir. Ona görə də bu barədə bizlərin hər hansı bir fikir söyləməyimiz doğru deyil".
 
Milli Məclisin digər deputatı Fəzail Ağamalı isə buları deyib: 



"Bu, ilk növbədə Azərbaycan dövləti və ölkə Prezidentinə olan yüksək münasibətin ifadəsidir. Sülh konfransına bir qayda olaraq bəşəri dəyərlərə yüksək sədaqət göstərən, sülh və təhlükəsizliyə regional, dünya miqyasında ciddi töhfələr verən dövlət və dövlət başçıları dəvət alır. Azərbaycan dövləti də işğala hərbi yolla son qoymağa qədər sülh platformasına ciddi diqqət yetirib. Ərazi bütövlüyümüz, suverenliyimiz təmin edildikdən sonra da ölkə Prezidenti səviyyəsində Azərbaycan 5 prinsipdən ibarət, sülh və qarşılıqlı faydaya söykənən əməkdaşlığa xidmət edən təkliflərlə çıxış edib. Azərbaycan hərbi yola ancaq onun başqa çıxış yolu qalmadıqda əl atıb. Qarşı tərəf sülh çağırışlarına, məsələnin dinc yolla həllinə əhəmiyyət verməyib. Belədə Azərbaycan da öz ərazi bütövlüyünü təmin etmək üçün beynəlxalq hüquq normalarına söykənən məcburi addım atıb. Azərbaycan ədalətli, haqlı və məsuliyyətli dövlət olduğunu bütün dünyaya nümayiş etdirdi".

Qeyd edək ki, Ukrayna Ali Radasının sədr müavini Yelena Kondratyuk "Facebook" hesabında Kiyevin Azərbaycanı sülh sammitində iştiraka dəvət etdiyini bildirib: "Ukrayna Azərbaycanı qarşıdan gələn, İsveçrədə keçirilməsi planlaşdırılan sülh sammitində iştiraka dəvət edib. Kiyev həmçinin Bakını sülh formuluna qoşulmağa çağırıb. Ukrayna adından mən də Azərbaycanı İsveçrədə keçiriləcək Sülh Sammitində iştirak etməyə və məsələn, enerji təhlükəsizliyi və ya minalardan təmizləmə məsələlərində prezident Zelenskinin Ukrayna sülh düsturunun bir və ya bir neçə bəndinə qoşulmağa dəvət etdim”.

Qeyd edək ki, Ukrayna ilə bağlı sülh konfransı cari ilin iyulunda keçiriləcək. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->