Bu payızdan nümayişə çıxarılan "Joker” filmi elə ilk dəqiqələrdən tamaşaçını tamamilə çulğalayaraq unudulmaz təəssüratlar bəxş edir.
Bədheybətli süjetinə baxmayaraq, filmdəki aktorların yüksək peşəkarlığı və hərarətli səhnələri tamaşaçıya dərin həyəcanlı anlar yaşadır. Filmin süjeti insan şəxsiyyətinin cəmiyyətdəki naqisliklər üzündən məruz qaldığı dəhşətli təbədüllat üzərində qurulub.
Filmdəki hadisələr 80-ci illərin əvvəlində başlayır. Baş qəhrəman gülüş aktyoru Artur Flak xəstə anasının təbəssümlə yaşamaq nəsihətlərini dinləyərək insanlara sevinc, gözəllik bəxş etməyə çalışsa da, əvəzində qəddarlıqlarla, çirkinliklərlə üzləşir. Bunları görə-görə getdikcə mənən sərtləşən Artur bu mərhəmətsiz dünyanı ilıq təbəssümlərə yox, amansız "Joker" gülüşlərinə qərq etmək qərarında qətiləşir.
Yaradıcılığa komediya janrından başlamış rejissor Todd Filips və baş rol ifaçısı aktyor Xoakin Feniksin sənətkarlığı sayəsində qarşımızda "qəfildən gülmək sindromu”na tutulan "balaca adam” Artur Flakın həyat hekayəsi canlanır. Bir insanı eninə-uzununa saf-çürük edərək daxilində baş verən mənəvi dönüş nəticəsində qorxulu məxluqa çevrilməsi eybəcər təfərrüatla tamaşaçının diqqətinə çatdırılır.
Keçirdiyi dəhşətli dönüş nəticəsində şəxsiyyət kimi ölüb yenidən, amma əvvəlkinə daban-dabana zidd insan qismində dirilən baş qəhrəmanın faciəsi aktyor Xoakin Feniks tərəfindən yüksək sənətkarlıqla, inandırıcı şəkildə canlandırılır.
Əslində sırf aktyor filmi olan "Joker”də bütün diqqəti, ağırlığı üzərinə çəkən Xoakin Feniks bu rola çox böyük, sözün əsl mənasında, əziyyətli hazırlıq görüb. Üç növ dəli gülüşünü məşq edib öyrənən aktyor həmçinin xeyli arıqlayıb.
Bu filmdə bütün sənət ünsürləri ovqat yaratmağa səfərbər olunub. Tünd rənglərin üstün olduğu, hadisələrin cərəyan etdiyi Gotham şəhərinin xoflu mənzərəsini yaradan kiçik təfərrüata diqqətin cəlb olunduğu bu ekran əsəri tamaşaçını əvvəldən axıradək gərginlikdə saxlayır. Rejissor və aktyor işindən savayı, tanınmış islandiyalı violonçel ustası və bəstəkar Hildur Qudnadottir tərəfindən bəstələnən həyəcanlı və hərarətli soundtrack da mütləq qeyd olunmalıdır.
Sadalananlar nəzərə alınsa, bu əsərin Venesiya Film Festivalı proqramında birinci nümayiş olunması və tamaşaçıların alqışlarına, habelə festivalın ali mükafatı olan "Golden Lion”a ("Qızıl Aslan”) layiq görülməsi çox məntiqli görünür. Həmçinin Xoakin Feniksin də 2020-ci il "Oskar”ını qazanacağı barədə bukmekerlərin proqnozları mübaliğəli sayılmamalıdır.
Azərbaycanlı tamaşaçılar da "Joker”i layiqincə qarşılayıblar. Birinci dərəcəli "Cinemaplus” kinoteatrında filmin nümayişi möhtəşəm oldu. "Cinemaplus” komandasının iki aydan çox şou proqramı üzərində çalışdığı bu ekran əsəri böyük maraq doğurub, biletlər bir göz qırpımı ilə satılıb qurtarmışdı.
"CinemaPlus”un inzibatçısı Rasim Baxışov isə "Report”a bildirib ki, film təqdimatdan sonra böyük auditoriya toplaya bilib: "Hər seansda minlərlə bilet satılır, hətta, ümumiyyətlə, yer tapılmır. Təkcə 1 salonda 270-dən çox bilet satılıb".
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər