Azərbaycan Respublikasının mədəniyyət və turizim naziri Əbülfəs Qareyevə açıq məktub.
Cənab nazir, çox fikirləşdim, düşündüm ki, sizə hansı formada müraciət edim?! Nəhayət, qərara gəldim ki, ironiya və kinayədən uzaq bir açıq məktub yazım.
Nəzərinizə çatdırım ki, geridə qoyduğumuz avqust ayında qonşu Gürcüstanın paytaxtı Tiflisdə oldum.
Cənab nazir, Sizi bir məsələdən agah etmək istəyirəm: Tiflisdə olanda “Botanika bağı” adlanan və şəhərin mərkəzində yerləşən bağa getdik. Hələ Bakıda olarkən bura baş çəkməyi düşünürdüm. Çünki Şərqin böyük mütəfəkkiri, maarifçisi Mirzə Fətəli Axundzadənin məzarını ziyarət etmək çoxdankı arzum idi. Bunu həm də özümüzə mənəvi borc bilirdim.
“Botanika bağı”na girdikdə yoldaşlarıma birlikdə nəzarətçi xanımdan Axundzadənin məzarını soruşduq. Xanım isə sadəcə, əl işarəsiylə “burdan gedin, ordan gəlin” deməklə yolu göstərdi. Ancaq o boyda bağda kiçik bir “əl işarəsi” ilə mütəfəkkirin məzarını tapmaq müşkül idi. Qarşımıza çıxan bağbanlardan da Axundzadənin məzarını soruşduq. Onlar da nəzarətçi xanımı təqlid edirmiş kimi yenə “əl işarələri” ilə istiqamət verdilər. Amma uzun axtarışdan sonra da, təəssüf ki, Axundzadənin məzarını tapa bilmədik. Nəhayət, kor-peşman geri döndük.
Bağda olanda diqqətimi bir məqam çəkdi: bəzi yerlərə necə getmək haqda nişanlar vardı. Bəlkə də, bu nişanlardan olsaydı, biz də asanlıqla məzarı tapa bilərdik.
Məncə, bu sizin və rəhbəri olduğunuz nazirlik üçün o qədər də xərc aparan ciddi bir problem deyil. Kiçik bir xərclə bu problemi aradan qaldırmaq olar. Kim bilir, bəlkə də, bizim kimi yüzlərlə gənc bura gəlib, amma elə bizim kimi də pərişan halda geri dönüblər. İndi deyə bilərsiniz o bağa nişan yerləşdirmək bizim səlahiyyətimiz çərçivəsində deyil, ora başqa ölkədir. Amma danışıqlar aparsanız, bu ölkənin mədəniyyət nazirinə sizin adınızdan bir məktbu getsə, inanın, bu problem həllini tapacaq. Bizim ölkəyə baxmayın, gürcülər ölkələrinə turistlərin gəlməsi üçün hər şey edərlər.
Axundzadə kimi bir şəxsiyyətə diqqətə və sayğıya gəlincə, Şərqin böyük mütəfəkkiri, maarifçisi üçün bu kiçik addımı atmağınız həm də tarix qarşısında bir borcdur. Bu həm də ölkə olaraq, görəcəyimiz üçün görülən böyük işlərdən sayılacaq.
Cənab nazir, ümid edirəm ki, müraciətimi səmimi qəbul edəcək və qısa müddət ərzində bu problemi aradan qaldıracaqsınız!
Jurnalist Elkin Xəlilov
Qaynar.info
Şərhlər