Bir insanda xarakterin çox önəmli olduğunu düşünür. Bu xarakterlə Zimbabveyə də getsə, orada cücərib üzə çıxacağını bildirir. Çox istəyir ki, Kanadada yaşayan Azərbaycan xanımları bir yerdə dayanmasınlar, öz işlərini qursunlar. Bunun üçün hətta onlara köməyini də təklif edir.
Mehriban Əliyeva 15 ildir Kanadanın Toronto şəhərində yaşayır və şəhərin mərkəzində fəaliyyət göstərən La Dira Dəriyə qulluq butikinin sahibidir.
Kanadada yaşayan azərbaycanlı jurnalist Lalə Musaqızının hazırladığı müsahibəni təqdim edirik.
- Bir az keçmişdən başlayaq. Nə vaxt Kanadaya köçmək qərarına gəldiniz?
- Əksər azərbaycanlı ailələrdə olduğu kimi, mən də övladlarımın mənim çəkdiyim əziyyətləri çəkməyini, eyni həyatı yaşamağını istəmədim. Onların daha çox seçim imkanlarına malik olması üçün 2004-cü ildə ailəmlə buraya üz tutduq. Demirəm, biz Kanadaya gəlməklə Azərbaycanı tamamilə tərk etdik. Vətənlə bağımız qopmayıb, gediş-gəlişimiz var. Bəlkə övladlarım nə vaxtsa peşəkar olaraq Azərbaycana qayıda bilər.
- Deyəsən, gələrkən ingilis dili ilə bağlı çətinliyiniz olub.
- Bəli, dillə bağlı böyük çətinliyimiz oldu. Buna görə Kanadaya gəlmək istəyənlərə ilk tövsiyəm o olur ki, əlavə stresə düşmək istəmirlərsə, mütləq dili öyrənsinlər. İndi yadımıza düşəndə kədərləndiyimiz qədər də güldüyümüz bir əhvalatı sizinlə paylaşmaq istəyirəm. Kanadaya gələndə ev üçün bazarlığa getmişdik. Market çox böyük olduğundan duz tapmadıq və ingiliscə duza nə deyildiyini bilmədiyimizdən heç kimdən yerini soruşa bilmədik. Evə qayıdıb duzsuz vermeşil bişirib yedik. Dili bilmədiyimizə görə itərik deyə, evdən çox uzaqlaşa bilmirdik. Çox çətin günlər idi...
- Nə zaman dil baryerini aşdınız?
- 3 ildən sonra yavaş-yavaş danışmağa başladım. Heç nə asan deyil. O zaman ki, Allah səbr verir, adama güc gəlir, hər şeyə qadir olursan. Amma onu da etiraf edim ki, itirdiklərini qadir olduqların əvəzləmir. Yaxınlarını görmürsən, kökündən uzaqlaşırsan, vətəndən ayrı qalırsan. Vətəndən ayrı qalmaq o qədər də asan deyil.
- İngilis dilini bilməsəniz də, boş oturmamısınız, gələndən bir il sonra Kanadada fəaliyyət göstərən Azərbaycan televiziyasında işləmisiniz. Bir az bu barədə danışardınız. Necə oldu, AzCan TV-də çalışmağa başladınız?
- Mənim jurnalistika ilə yaxından, uzaqdan heç bir əlaqəm yox idi, kameranın, işığın nə olduğunu bilmirdim. Ürəyimdəki vətən sevgisi, Azərbaycanı tanıtmaq istəyi 2005-ci ildə məni Rogers OMNİ TV-nin tərkibində fəaliyyət göstərən AzCan TV-yə apardı və 4 il orada könüllü əsaslarla aparıcı, reportyor kimi çalışdım.
Qeyd edim ki, hər həftə Rogers OMNİ TV-də Kanadadakı bir çox millətlərin dilində 30 dəqiqəlik verilişlər, süjetlər və s. verilirdi. Bizdə hər şey həvəskar səviyyədə idi, mikrafonumuz da, işığımız da, kameramız da... Hətta AzCan TV-də İranın keçmiş folklorunu göstərirdilər. Soruşdum ki, bu, Azərbaycan deyil axı, niyə vətənimizlə bağlı materiallar vermirsiniz. Əllərində materialın olmadığını dedilər.
Televziya ölkənin üzüdür. Nə yazıq ki, müxtəlif dillərdə verilən proqramlar arasında indi Azərbaycan dilində efir vaxtı yoxdur. Təəssüflər olsun ki, Azərbaycanın Kanadadakı keçmiş səfirliyi, indiki nümayəndəliyi ölkəmizin tanıdılması üçün heç nə etmir. Azərbaycanı tanıtmaq üçün hər cür şərait olsa da, köməyimiz yoxdur.
- Deyəsən, Azərbaycan adına Kanadada keçirilən tədbirlərdə də aparıcı olmusunuz...
- Bəli. Elə televiziyada işlədiyim müddətdə buradakı bütün şənliklərə aparıcı kimi qatılırdım. Mən çox fəal azərbaycanlıyam və Azərbaycanı utandıracaq azərbaycanlı deyiləm.
- Kanadaya gələn miqrantların əksəriyyəti adətən yeni gələrkən öz sahələri üzrə çalışmırlar. Televiziyadan başqa, hansı sahələrdə çalışdınız?
- Mənim əlimdə sənətim olduğundan yeni gələrkən başqa yerlərdə işləməyə ehtiyacım olmadı. Bakıdaykən saç ustası idim. Bura gələndə də evdə saç kəsiminə başladım. Amma yoldaşım ailəni saxlamaq üçün özünə aid olmayan fərqli bir sahədə çalışdı. Qeyd edim ki, əgər Kanadaya əlində bir sənət olmadan gəlirsənsə, ailəni saxlamaq üçün tamamilə fərqli, sənə yad olan sektorlarda işləməyə məcbursan.
Sonradan mən də özümü müxtəlif sahələrdə sınadım. Yeniliyə, öyrənməyə açıq, bir yerdə dayanmağı sevməyən adamam. Həmişə də zarafatla deyirəm ki, kimin kor qızından əskiyəm, gedib öyrənəcəm. Madam ki, başqa ölkəyə gəlmişəm, tısbağa kimi öz qınımda qalmağı deyil, yayılmağı sevirəm. Dostlarımın 95 faizi başqa ölkələrdəndir.
İşlədiyim hər bir iş yerini dostlarımın sayəsində tapmışam. Müştərilərlə yaxşı anlaşma qura biləcəyimi deyib, müxtəlif iş təklifləri edən dostlarım olub. Amma həmişə istəmişəm ki, çalışdığım yerdə kor-koranə çalışmayım, təhsilini də alım, nəzəriyyəsini də bilim. Kanadada belə şeylərdə məhdudiyyət yoxdur. 3 aylıq, 6 aylıq kursları bitirmək üçün dövlət təhsil haqqını ödəyir.
Sırf ingilis dilimi inkişaf etdirmək üçün mağazada da çalışmışam. Bundan başqa, fitnes klubda mühasib işləmişəm. Rina Qrin adlı moda dizayneri ilə əməkdaşlıq etmişəm. Onun keçirdiyi moda şoularında modellərin makiyajını, saçını hazırlamışam. Avanqard, qlamur stillərinə üstünlük verdiyimdəm Rina Qrin mənimlə əməkdaşlığa üstünlük verirdi.
Son çalışdığım iş yeri isə daşınmaz əmlak agentliyi olub. İşə başlayandan üç ay sonra əmlakın idarə edilməsi üzrə menecer olmaq üçün kurslara getməyə başladım. Xarakterim, ünsiyyətcilliyim, hər adamla dil tapa bilməyim, təqdimat bacarığım, özgüvən hissim, görünüşüm bu işdə çalışmağıma imkan verirdi. İki kursu bitirdim, üçü qalmışdı. İşini bilməyən insanlardan yoruldum. Bəlkə də bu, illərin yorğunluğu idi. Artıq o səviyyəyə çatdım ki, heç kiminlə işləmək istəmədim...
- Beləcə, öz işinizi qurdunuz...
- Bəli. Onsuz da 1995-ci ildən gözəllik sferasında idim, qadınlarla işləyirdim. Yenə də qadınlarla işləməyə qərar verdim. Dedim ki, mənim bacarmayacağım iş yoxdur, bunu da bacaracağam və işlək vəziyyətdə olan SPA mərkəzi aldım. 8 ay müddətində buradakı işçilərdən işin xırdalıqlarını öyrəndim. Maşınları işlətmək üçün kurslara getdim, sertifikatlar aldım. Kanada Gözəllik Kollecində(Canadian Beauty Collage) kurs keçdim. A.P.L lazer, saç tökülməsi üzrə lisenziya aldım. İndi sırf cild baxımı, dəriyə qulluq üzərində işləyirəm. Çox da gözəl nəticələr alıram. Bilirsiniz ki, bu gün Kanadada biznesi olanlar üçün müştərilərin Googla girib həmin biznes haqqında mənfi, yaxud müsbət rəy yazması çox önəmlidir. Kanadada biznesi olan adamın bacarığını, müştərilərin Googlda yazdığı fikirlərinə (review) görə qiymətləndirmək mümkündür. Kiməsə pul verib yaxşı rəy yazdıra bilmirsən. Çünki Google böyük bir şirkətdir və bütün İP adreslərini yoxlayır. Əgər sən özün özünə rəy yazırsansa, onu qəbul etmir. 3-4 rəy eyni İP-dən gələndə isə, sənin səhifən, ümumiyyətlə, bağlanır. Googlda sənin biznesin haqqında rəylərin bağlanması biznesini bağlamaqdan daha betərdir. Əgər La Dira adını axtarışa verib baxsanız, görərsiniz ki, biznesim haqda çox gözəl rəylər var.
- Biznesinizə yeni başlayanda sizə çətin olmadı ki?
- Xeyr, çətin olmadı. Çünki bacarıqlarım, xarakterim işi aparmağıma, müştəriləri ələ almağıma imkan verdi. Bundan başqa, mən özümü çox şanslı bir xanım hesab edirəm. Çünki başqa işlərdə olduğu kimi, bu işdə də həyat yoldaşım məni dəstəklədi, arxamda durdu, irəli getməyim üçün yardımını əsirgəmədi. Yoldaşım həmişə deyir ki, o iş ki səni xoşbəxt edir, get, çünki bütün ailənin xoşbəxtliyi evdəki qadından asılıdır. Qadın xoşbəxt deyilsə, o ev də xoşbəxt olmayacaq.
- Müştəriniz olan kanadalı xanımları necə xarakterizə edərdiniz?
- Kanadalı müştərilər ən sadə və ən çox gəlir gətirən müştərilərdir. Mənim daimi üz baxımına gələn azərbaycanlı müştərim yoxdur.
Kanadalılar çox sadə, hər şeyə təşəkkür etməyi bacaran sadə insanlardır. Sən onlar üçün balaca bir şey etsən, 100 dəfə sənə təşəkkür edəcəklər. Mənim bir gülər üzüm, komplimentim onlar üçün kifayətdir. Deyirlər, sən bizim günümüzün gözəl başlamasına səbəb oldun. Kanadalı xanımlar bir komplimentə möhtacdırlar. Biz kapitalizmdə yaşayırıq və kapitalizmdə yaşamaq çox da asan deyil. Çünki belə cəmiyyətlərdə insanlar hara nə xərclədiklərini çox yaxşı bilirlər. Amma sən ki, onların etimadını doğruldur, təmiz qəlblə yanaşırsan, səni buraxmazlar və elədiyinin onqatını verərlər. Harada görmüsünüz ki, 120 dollarlıq prosedurda 100 dollar "çayavoy" versinlər. Yeni ildə iş otağım hədiyyələrlə dolur.
Kanadalı müştərilərlə çalışanda gərək professional olasan, xarakterin doğru olsun, onları aldatmayasan. Əgər bircə dəfə aldatsan, heç vaxt imkan verməzlər, işin getsin. Bir var, pul verib özünü relam edəsən, bir də var, səni başqalarına tövsiyə edələr. Üçcə nəfər Googlda girib sənin biznesin haqqında pis bir şey yazsa, heç kim qapını açmayacaq.
Qeyd edim ki, evimlə işim arasındakı məsafə 60 km-dir. Hər gün yay-qış evimdən bura gəlmək üçün gözümü də qırpmıram. Mən də müştərilərimi sevirəm, buraya yalnız işim kimi deyil, vaxtımı keçirəcəyim, əyəncəli, pozitiv bir məkan kimi yanaşıram.
- Kanadada bir xanmın iş qurması nə dərəcədə rahat, nə dərəcədə çətindir?
- Kanadada təzə iş quran insanlardan üç il çox cüzi miqdarda vergi tutulur. Üç il imkan verirlər ki, şirkət özünü tutsun, ayaqda dura bilsin.
Harada olmağından, cinsindən asılı olmayaraq, biznesini qurarkən sənin öz ideyan olmalıdır. Kiminsə etdiyini təkrarlasan, alınmayacaq. Fərqlilik yoxdursa, belə bir sual ortaya çıxır; səndən biri də orada var, mən niyə sənin müştərin olmalıyam ki? Fərqlilik həm də hər şeyin başında duran xarakterindir, müştərilərlə xüsusi davranışın, duruşundur. Bir də özünə güvənin varsa, alınacaq deməkdir.
Bundan başqa, işinin qazanc gətirməsi üçün özünə zaman verməlisən. Azərbaycanlıların əksəriyyəti biznesə başlayan kimi pul qazanmaq sevdasına düşür. Ən böyük yanlış da buradadır. Gərək işə pul qoyasan ki, sonra qazanasan. Başlayan kimi pul qazanmaq istəyənlər bir az gedib, dayanırlar. Kanada hökuməti sənə ayağa durmağın, özünü tutmağln üçün 3 il zaman verir, sən özünə 5 ay belə vermirsənsə, haradan pul qazanacaqsan? Səbirsizlik bizimkiləri irəli getməyə qoymur.
- Biznesinizi artıq üçüncü ildir işlədirsiniz. Heç müxtəlif dövlət qurumlarından indiyədək neçə dəfə gəlib fəaliyyətinizi yoxlayıblar?
- Xoşbəxtlikdən burada elə bir şey yoxdur. Azərbaycanla fərq də bundadır. Mən Azərbaycanda gözəllik salonunda işləyirdim. "Həftə səkkiz, mən doqquz" bir adam gəlirdi. Müdirdən onun kim olduğunu soruşurdum, deyirdi, sanepidemstansiyadandır. Burada isə sözügedən qurumdan ildə bircə mütəxəssis gəlib yoxlayır. Sonuncu dəfə keçən il fevralda yoxlayıblar. Artıq 1 il 6 ay vaxt keçib, amma gəlməyiblər. Axırda özüm onlara zəng edib gəlməməklərinin səbəbini soruşdum. Dedilər, narahat olmayın, texniki göndərəcəyik. Dediyim kimi, bu biznes məndən əvvəl də işləyib. Əgər bir biznes 10-15 il ərzində hər yoxlanışdan qüsursuz keçirsə, ən sağlam, təhklükəsiz SPA mərkəzləri sırasına adlayır. Əgər iki dəfə nəsə qüsur tutsalar, o zaman ildə bir dəfə gələ bilərlər.
Ümumiyyətlə, Kanadada məmurlarla canlı təmasda olmursan. Dövlət qurumlarının sözü olanda məktubla müraciət edirlər. 30 gün ərzində məktubu cavablandırmalıyıq. Bir də lisenziya üçün də ildə bir dəfə özümüz gedib 300 dollar verib dəyişirik. Bundan başqa, heç kim gəlib səni yoxlamır.
- Müştəriləriniz əsasən kimlərdir?
- Əsasən oturuşmuş kanadalılardır. Aralarında 70-80 il əvvəl Almaniyadan gələnlər, yəhudilər, avropalılar, burada dünyaya gələnlər var. Bu tip müştərilərimin kifayət qədər qazancları olduğundan sırf üz baxımına deyil, vaxt keçirməyə gəlirlər.
- Kanadalı xanımlarla azərbaycanlı xanımlar arasında hansı fərqlər var?
- İnciməsinlər, Azərbaycanlı xanımlar çoxluq olaraq tənbəldirlər. Hər şeyi həyat yoldaşlarından gözləyirlər. Çox vaxt deyirlər ki, yoldaşım imkan vermədi, yoxsa filan şey edərdim. Yalan danışırlar. Yoldaşı icazə versəydi də, heç bir şey edə bilməzdi. Belələrinə sual vermək lazımdır ki, heç olmasa evdə özün yoldaşının köməyi olmadan bir şey etmisənmi? Yox. Bizim qadınlar burada da tənbəldirlər.
- Kanadada yaşayan xanımlarımıza nə tövsiyə edərdiniz?
- Oturmasınlar. Kanada onlara çalışmaq, özlərini inkişaf etdirmək üçün hər cür şərait yaradır. Biznes kreditləri verilir, adamlar tanıyıram ki, onlarla əlaqələndirə bilərəm, biznes kreditləri alarlar. Əlbəttə, qeyri-qanuni işə əl qoymuram.
Çox istərdim ki, xanımlarımız öz işlərini qursunlar, mətbxdən çıxsınlar, kotleti hamı bişirə bilir. Amma iş qurmamışdan əvvəl mütləq ingilis dilini öyrənsinlər, inkişaf etdirsinlər. Bu problemi yaşadığım üçün deyirəm, yaşadığın cəmiyyətdə dili bilməmək adamı mənəvi baxımdan yıxır. Evə qapılıb depressiyaya girmək isə çıxış yolu deyil. Evdən çıx, danış, yolda danışdığın adamlardan da bir-iki söz öyrənəcəksən. Amma evdə otursan, heç bir şey bilməyəcəksən, öyrənməyəcəksən.
Mənim buraya necə gəldiyimi bilən insanlar şir ürəyi yediyimi deyirlər. Özüm özümə baxanda bəzən düşünürəm ki, necə olub həyatdayam, sağam. İnanın, sabahısı çemodanımı yığıb Zimbabveyə də getsəm, orada cücərib üzə çıxacağam. Bir insanda xarakter çox önəmlidir.
Həyat insana bir dəfə verilir, gərək hər şeyi sınayasan. Hər şeyi sınayasan deyəndə, dar düşüncəli insanlar başqa cür düşünəcəklər yəqin... Hər şey dediyim pis şeylər deyil, bir insan, şəxsiyyət olaraq özünü sına. Məsələn, mən bu bizneslə kifayətlənmirəm, başqa bir biznesin də təməlini qoymağı, özümü başqa biznesdə də sınamağı düşünürəm.
- Öz biznesinizin olması həyatınızda nəyi dəyişdi?
- Öz biznesimin olmasının ən böyük üstünlüyü ailəmə daha çox zaman ayıra bilməyimdir. Mənim üçün yoldaşımla vaxt keçirməyin qiyməti yoxdur. Şənbə günü axşam, bazar gününü ancaq yoldaşımla, uşaqlarımla keçirirəm. Oğlum yeniyetmədir, 18 yaşı var, ona daha çox vaxt sərf edirəm. Həftə sonları şəhərin mərkəzində mənim zövqümlə heç bir əlaqəsi olmayan konsertlərə - rep, pop və s. gedirik. Oğluma ayaq uydurmalıyam. Arada hipi ana oluram (hip-hopu nəzərdə tutur - L.M.). Mən hara, hip-hop hara (gülür - L.M.).
Öz biznesimin sayəsində özümə ayırmağa daha çox vaxtım olur, çoxlu bilgilər əldə edirəm. Çünki vaxtım var. Məni heç kəs kontrol etmir, kimin üçünsə işləmirəm. Bir sözlə, özüm özümün ağasıyam. İşimdən razıyam, bəzi adamların bir ayda qazandığını mən bir həftədə götürürəm.
Bir də öz biznesinin olması asılılığını azaldır. Burada hər şey adamı sıxır, dəxli yoxdur, 16 ildir, ya 30 ildir gəlmisən, bura sənin deyil. Hələ sən böyük bir ailədən çıxıb gəlmisənsə, mənəvi baxımdan əziyyətin daha çox olur. Biz çox böyük bir nəsil, sülaləyik. Heç kim mənə bacılarım, anam qədər yaxın ola bilməz.
- Bir az övladlarınızdan danışardıq...
- İki övladım var. Oğlumun 18, qızım 23 yaşındadır. Qızım bir il öncə azərbaycanlı oğlanla ailə qurub. Hazırda kollecdə tibbi əczaçılıq fakültəsində oxuyur. Oğlum isə bu il Laurentian Universitetinin biologiya fakültəsinə daxil olub.
Qızım xaraktercə azərbaycanlı xanımıdır. Oğlum isə daha çox kanadalılara bənzəyir. Qızımın xarakteri burada böyüyən azərbaycanlılarla tutmur. Bəzən məəttəl qalır ki, filankəs ata-anasıyla necə danışdı. Çünki mənim evimdə elə tərbiyə görməyib.
- Kanadaya köç edənlər, övladları 12-13 yaşa çatanda onlarla bacara bilmədiklərindən şikayətlənirlər. Övladlarınızı itirməmək üçün siz nə edirsiniz?
- Övladlarını itirmək istəmirlərsə, gərək ailədə valideynlər bir-biri ilə mehriban olsunlar. Onsuz da qərib ölkədir, uşaqlar üstəlik sizin stresinizi görüb daha da "dağılırlar". 25 ildə bir dəfə də yoldaşm üstümə qışqırmayıb, heç vaxt övladlarımızın diqqətini çəkən, onları incidən səviyyədə dava etməmişik. Ətrafımızdakı həmyerlilərimizin çoxu bizə övladalarımızın yanında çox açıq olduğumuzu irad tuturlar. Deyirəm, övladlarım niyə görməsin ki, onların atasını sevirəm, onun boynunu qucaqlayıram. Valideynlərin övladlarının gözləri qarşısında bir-birini qucaqlaması yaxşı deyil, amma atanın ananı döyməsi normaldır? Mənim oğlum görür ki, atasının mənə bir ana, bir qadın, ömür-gün yoldaşı kimi münasibəti necədir. Biz övladlarımıza nümunə olmalıyıq və çalışmalıyıq ki, günlərini dostlarından çox bizimlə keçirməkdə maraqlı olsunlar. Oğlumun bütün dostlarını tanıyıram və balamın xatirinə onlarla da dostam. Onlarla o qədər boş-boş işlərlə məşğul oluram, bərabər harasa gedirik ki... Uşaqlara daim diqqət lazımdır. "Vaxtım yoxdur" deyə bilməzsiniz.
Nə qədər pul qazanmağından asılı olmayaraq, dünyada ana-övlad məhəbbətini pulla almaq mümkünsüzdür. Çox adamın bədbəxtliyi ondadır ki, başı işə qarışır, gözünü açıb görür ki, övlad yoxdur. Övladlarıma həmişə kifayət qədər vaxt sərf etmişəm. Birlikdə onlar üçün maraqlı olan yerlərə gedirik. Onların marağı nəyədirsə, ona da qol qoyuram. Valideyn var, deyir, Niki Minaj kimdir, ona qulaq asa bilmərəm, onun mahnıları başımı ağrıdır. Niki Minaj sənin üçün heç kimdir, amma bu dəqiqə övladının maraq dairəsindədirsə sən də maraqlarını ona uyğunlaşdırmalısan. Mən özümü deyil, övladlaırmı fikirləşirəm. Mənim bu dəqiqə özümü itirən yaşım deyil, amma 18 yaşlı oğlumun özünü itirən yaşıdır.
Mənim ən böyük uğurum odur ki, övladlarımı qoruya bildim, pis vərdişlərə yiyələnmədilər, cəmiyyyət üçün tərbiyəli, xeyirli övladlar oldular. Özüm də, yoldaşım da heç vaxt yıxılmadıq, həmişə ayaqda olduq, heç bir pis xarakterimiz yoxdur.
Düşünürəm ki, övladlarımızla bağlı missiyamızı yerinə yetirmişik. Onlara dünyaya girmək üçün giriş kartı vermişik. Kanadanın pasportu 183 ölkəyə vizasız getmək imkanı verir. Bundan sonra necə həyat istədiklərini özləri bilər. Mən və həyat yoldaşım isə qış aylarını isti ölkələrdə yaşamağı planlaşdırırıq.
Mənbə: Modern.az
Şərhlər