Xəbər lenti

Dünya 15:39 07.06.2022

Karantin bəhanəsi, yoxsa Moskvanın əli Britaniyada: Conson niyə vurulur?

Böyük Britaniyanın baş naziri Boris Consonun pandemiya qaydalarını pozması fonunda onun başı üzərindən qara buludlar hələ də çəkilmək bilmir. Müxalifət, parlamentdəki Leyboristlər Partiyası pandemiya dövrünün qadağalarını pozduğuna görə onun istefasını tələb edir.

Qeyd edək ki, Consonun 2020-2021-ci ildə bir neçə dəfə pandemiya qaydalarını açıq şəkildə pozduğu aşkar edilib. Consonun 19 iyun 2020-ci ildə ad günü şənliyində və 13 noyabr 2020-ci ildə isə xüsusi müşavirinin şənliyində iştirak etdiyi məlum olub. Düzdür, Baş nazir 2021-ci ilin 20 may tarixində karantin qaydalarını pozaraq "Dauninq-strit”in həyətindəki yığıncaqda iştirak etdiyini qəbul edib və buna görə üzr istəyib. Baş nazir bildirib ki, o, bunun iş yığıncağı olduğunu düşünüb və sadəcə 20 dəqiqəlik iştirak edib.

Baş nazir milyonlarla insanın pandemiya zamanı əziyyət çəkdiyini, karantin qaydalarını təklif edən insanların isə qaydalara riayət etmədiyi üçün xalqın onlara olan qəzəbini başa düşdüyünü deyib və buna görə üzr istəyib. Mövzu ilə bağlı mətbuatın suallarını cavablandırarkən Conson "Partygate” skandalı adlanan hadisə ilə bağlı "Biz mövcud təcrübədən dərsimizi aldıq” deyib.

Lakin bütün bunlara baxmayaraq, Conson müxalifətin istəyinin əksinə olaraq istefa verməyəcəyini bəyan edib: 

"Hazırda mənim işim öhdəliklərimizi yerinə yetirməkdir. İnanıram ki, davam etmək mənim borcumdur. Biz irəli getməliyik, hökumət də irəli getməlidir. Biz çətin işləri görməyə davam edəcəyik. Açığını deyim ki, hamımız səhvlər etdik və onlardan dərs almalıyıq”.

Qeyd edək ki, hətta Consonun üzvü olduğu hakim Mühafizəkarlar Partiyasından olan bir sıra parlament üzvləri də onun istefaya getməli olduğunu bildiriblər. Lakin partiyanın əksər deputatları Baş naziri dəstəkləyir. Bunu Mühafizəkarlar Partiyası deputatları arasında Consona dəstəklə bağlı keçirilən səsvermə də sübut edir. Belə ki, onların 211-i Consonu dəstəkləyib, yalnız 184-ü onun istefasını istəyib. Amma proses ətrafında müzakirələrin uzanaraq bitmək bilməməsi onu göstərir ki, əslində müxalif leyboristlər Partiyası Boris Consonun atdığı səhv addımından onun istefasına nail olmaq, yeni seçkilər keçirmək üçün istifadə etməyə çalışırlar. Yəni onların məqsədi heç də qanuni pozan baş nazirin cəzalandırılması deyil. Bu, sadəcə, əsas məqsədə çatmaq yolunda bəhanədir. Əsas məqsəd bu olaydan istifadə edərək Consonun istefasına nail olmaqla mühafizəkarların mövqelərinin zəiflədilməsinə çalışmaqdır. Belədə Leyboristlər yaranmış vəziyyətdə öz reytinqlərini qaldırmaqla yeni seçki keçirib hakimiyyəti götürməyi düşünürlər. 

Digər tərəfdən, ola bilsin, Conson əleyhinə kampaniyanın bu qədər uzanmasında Moskvanın da əli var. Belə ki, Böyük Britaniya Baş nazirinin Ukrayna məsələsində Rusiyaya qarşı kəskin və qəti mövqeyilə seçilməsi Kremli əməlli-başlı qıcıqlandırır. Consonun timsalında London Ukraynaya digər Avropa dövlətlərilə müqayisədə daha çox dəstək verir. Ona görə də Rusiya onun istefasında maraqlıdır. Bu səbəbdən də ona qarşı kampaniyanı davam etdirir. 

Consonun başı üzərini qara buludlar alsa da, hər halda görünən odur ki, o təslim olmayaraq, ciddi şəkildə müqavimət göstərə bilir. Hətta bu gedişlə Ukrayna məsələsində tutduğu mövqeyi ilə səhv addımının tədricən cəmiyyət tərəfindən müəyyən dərəcədə unudulmasına da nail ola bilər.  

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->