Xəbər lenti

Keçmiş deputat: “Heydər Əliyevin verdiyi çörək onların burnundan gəlsin!”
Ölkə 10:08 11.09.2019

Keçmiş deputat: “Heydər Əliyevin verdiyi çörək onların burnundan gəlsin!”

"Adamın bir məsləyi, bir məqsədi, bir məramı olar”

2000-2005-ci illərdə Milli Məclisin deputatı olmuş, daha sonra 4 il Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı işləmiş, hakim Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Musa Musayev Modern.az saytına geniş müsahibə verib.

- Musa müəllim, neçə illərdir səsiniz gəlmir, sanki yoxsunuz...
- Necə yəni yoxam. Mən həmişə varam. Hətta, bir ara sosial şəbəkələrdə də aktiv idim. Sonradan profilimi bağladım.

- Bu gün bəzi keçmiş nazirlərə  ittihamlar ünvanlaır... Sizin mövqeyiniz necədir?.. 
- Əvvəla, keçmiş keşmişdir. Vəzifədən gedən, işdən çıxan adamların arxasınca danışmağın tərəfdarı deyiləm. 

- Niyə?
- Təbii, bu gün vəzifədən çıxan, ya da çıxarılan narazıdır. Onlar  mövqe bildirməyə də bilər. Bəs bu gün vəzifədə olan nazirlər, komitə sədrləri, akademiklər hardadır?! Cənab prezident minlərlə insana ordenlər, medallar, fəxri adlar  verib. Nəyə görə çıxıb öz mövqelərini ortaya qoymurlar?! YAP-ın 700 minə yazın üzvü var. Onlar niyə çıxıb münasibət bildirmirlər?! Bu gün parlamentdə oturan deputatların çoxu YAP-ın dəstəyi ilə seçilənlərdir. Yaxşı, bunlar niyə mövqe bildirmirlər?

- Dediklərinizdən belə anladım ki, hər bir YAP-çı hakimiyyətə ünvanlanan təhqirlərə qarşı birgəlik nümayiş etdirməməlidir. Bəs siz deputat olduğunuz dönəmlərdə vəziyyət necə idi?
- Mən 2000-2005-ci illərdə parlamentin ən fəal deputatlarından biri olmuşam. Bir YAP-çı kimi həmişə sözümü demişəm. 2003-cü ildə ulu öndər Heydər Əliyev xəstələnəndə parlamentdə Heydər Əliyevi ən çox müdafiə edən də mən olmuşam. Bunun nəticəsi nə oldu?!  2005-ci ildə cənab prezidentimiz tərəfindən namizədliyim irəli sürülsə də, deputat seçilə bilmədim. Binəqədi rayon İcra Hakimiyyətinin əməkdaşları, YAP-ın bəzi fəalları və Prezident Administrasiyasından olan bəzi adamlar məni dəstəkləmək əvəzinə, Beynəlxalq Universitetin rektoru olmuş Elşad Abdullayevə kömək etdilər. İndi Elşad Abdullayevin haralarda olduğunu da siz bilirsiniz. Sonra həmin o Elşad Abdullayev seçkilərdə hansı oyunlardan çıxması ilə bağlı açıqlamalar verib videolar paylaşdı. O Elşad Abdullayev ki, onun kimliyi barədə o zamanlar ANS televiziyasının pullu efirində müraciət etdim. O zaman milli təhlükəsizlik naziri olmuş Eldar Mahmudova birbaşa müraciət edərək, Elşad Abdullayevin həbs edilməli olduğunu bildirdim. "Bu gün bizim partiyamıza xəyanət edirsə, sabah dövlətimizə, dövlətçiliyimizə xəyanət edəcək” dedim.
2005-ci ildə hər dairədən YAP-ın bir namizədinin irəli sürülməsi barədə qərar qəbul olundu. Baxmayaraq ki, mənim namizədliyim YAP tərəfindən irəli sürüldü, həmin dairədən Elşad Abdullayev də öz namizədliyini sona qədər geri çəkmədi. Çünki Elşad Abdullayevə "sən deputat olacaqsan” sözü vermişdilər. Təbii ki, 8 saylı Binəqədi seçki dairəsindən Elşad Abdullayevin deputat seçilməməsinin bir səbəbkarı da mən oldum. Seçkinin ertəsi günü "Şərq” qəzetinə geniş müsahibə verərək, seçkidəki saxtakarlıqları sadaladım. Həmin müsahibədən sonra 8 saylı dairədən 12 məntəqə ləğv edildi və Elşad Abdullayev yox, Arzu Səmədbəyli deputat seçildi. Halbuki, həmin vaxt MSK Elşad Abdullayevi deputat olaraq elan etmişdi. Hətta Elşad Abdullayev 300 nəfərlik restoranda qonaqlıq da vermişdi. Bəs sonra nə oldu?! Hazırda Elşad Abdullayev İnterpol vasitəsilə axtarışa verilib. Ancaq mən 2005-ci ildə Abdullayevin cinayətkar olduğunu elə-belə demirdim. Beynəlxalq Universitetin rektoru olan zamanlarda hansı cinayətləri törətdiyi məlum idi. Bu adam bizim partiyamızın əleyhinə getdi. İndi  xaricdə oturub dövlətimizi, dövlətçiliyimizi, hakimiyyətimizi təhdid etməklə məşğuldur.

- Belə çıxır ki, 2005-ci ilin parlament seçkilərində sizi hədəf olaraq seçdilər...
- Bəli, o zaman müəyyən qüvvələr mənə qarşı fəaliyyət göstərirdilər.

- Sizcə, hazırda  parlamentdə  təmsil olunan YAP-çı deputatlar niyə susurlar? Bəlkə hansısa qüvvələrin hücumundan qorxurlar? Necə ki, dediyiniz kimi, zamanında sizə qarşı da belə hücumlar olub.
- Qorxmurlar... "Bəlkə də qaytardılar” xülyası ilə yaşayanlar var. Bəzi adamların mövqe bildirməməsinin səbəbi var. Birdən YAP hakimiyyətdən gedər, başqa partiya gələr. Hamısı mövqesiz adamlardır. Bir daha deyirəm: 2000-2005-ci illərdə parlamentin deputatı olanda müxalifətlə bərabər, iqtidarda da təmsil olunan bəzi adamları tənqid etmişəm. 2003-cü ildə ulu öndər xəstələnəndən sonra parlamentdəki deputatların 90%-i səsini çıxarmırdı. Həmin vaxt müxalifət mətbuatında ulu öndərimizi, hakimiyyəti təhqir və tənqid edən yazılar gedirdi. Çox təəssüflər olsun ki, həmin 2003-cü ildə Heydər Əliyevə, cənab prezidentimizə qarşı xoşagəlməyən yazılar yazanlar bu gün Azərbaycanda çevrilib iqtidarın təbliğatçısı olublar. Sadəcə olaraq həmin insanların adlarını çəkmək istəmirəm. O insanlara evlər də, orden-medallar da, yaxşı ofislər də verilib. Belə deyək də, dost düşmən, düşmən də dost olub. Bu çox pis şeydir. Düşmən düşmənliyində qalmalıdır.

Təbii, Siyavuş Novruzov haqlı olaraq öz iradını bildirib. Amma o iradı təkcə vəzifədən çıxıb getmiş, evində oturmuş eks-nazirlərə bildirmək lazım deyil. Hazırda vəzifədə olanlar və Milli Məclisin deputatları var. Əksəriyyəti YAP-ı, dövlətimizi, dövlətçiliyimizi, hakimiyyəti, cənab prezidentimizi tənqid və təhqir edənlərə qarşı nə vaxt cavab verib, yaxud da, nə vaxt cavab verəcək?! Bunları deməkdə məqsədim odur ki, 1987-ci ildən başlayaraq partiyamızı, ulu öndərimizi və cənab prezidentimizi hər zaman müdafiə etmişəm və bu gün də edirəm. Ölən günə qədər də müdafiə edəcəm.

Sizə bir məqamı açıqlayım: 1987-1990-cü illərdə AzTV-də "Dalğa” proqramı vardı. 25 may 1988-ci ildə "Dalğa” verilişinə bir yazı yazmışdım. Həmin yazıda ölkədə aşkarlıq olmadığına görə fikirlərimi tamaşaçılara çatdırmağa çalışmışdım. O yazıda Heydər Əliyevi müdafiə etmişdim. 25 may 1988-ci ildə  "Kommunist” qəzetinə də yazdığım məqalədə yenə Heydər Əliyevi müdafiə etmişəm. Həmin qəzetdə "Şah dərzini çağırır” başlığı altında məqalələr gedirdi. O məqaləyə cavablar  yazmışam və yazıya kəskin etirazımı bildirmişəm.

- 5 il deputat, 4 il icra başçısı olmusunuz. 9 ildir ki, işsizsiz. Bəzi hallarda illərlə vəzifədə çalışan insanlar olur ki, vəzifədən gedəndən sonra müxalifət sıralarında görünür. Sizə bu illər ərzində müxalifətdə təmsil olunmağınızla bağlı hər hansı təklif gəlibmi?
- Məni tanıyanlar çox yaxşı bilir ki, mövqeyimi dəyişən insan deyiləm. Belə hallar olub. Bəzən  deyirlər ki, 10 ildir işləmirsən. Ortaya mövqe qoy, münasibət bildir! Cavab verirəm ki, hansı münasibətdən danışırsız?! 20 ildir ki, YAP Siyasi Şurasının üzvüyəm. 2000-2005-ci illərdə deputat olmuşam. 2006-2010-cu illərdə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı olmuşam. Məni Azərbaycanda hörmətə, nüfuza mindirən ulu öndərimiz Heydər Əliyev, cənab prezidentimiz İlham Əliyev olub. Necə ola bilər ki, bu gün vəzifədəsənsə yaxşısan, sabah vəzifədən getdinsə pissən... Bizim bəzi deputat həmkarlarımız olub ki, ulu öndərin xeyir-duası ilə seçiliblər. Ancaq deputatlıqdan gedəndən sonra müxalifət düşərgəsinə keçiblər. Belə şeymi olar?!

Hamıya məlumdur ki, Qərbi azərbaycanlılar 1988-ci ildə Ermənistanı tərk etdilər. Ancaq doğulub boya-başa çatdığım Mehri rayonunun Nüvədi kənd sakinləri  1991-ci ilin 8 avqustuna kimi orada qalıblar. 3 il bizim kənd camaatı Ermənistanda təkbaşına qalıb. Hətta mərhum Heydər Əliyev 1998-ci ildə Konstitusiyanın müzakirəsi zamanı  Nüvədi kəndi haqqında də  tarixi çıxış edib. Heydər Əliyev tarix boyu iki kəndi tərif edib, biri Naxçıvandakı Nehrəm kəndidirsə, digəri Nüvədi kəndidir. Ermənistanda ən çox tarixi olan kənd Nüvədidir. 2001-ci il 18 oktyabrında müstəqilliyimizin 10 illiyində Gülüstan sarayında Heydər Əliyevlə görüşüm oldu. Mənə xatırlatdı ki, "bilirsənmi Musa, mən həmişə nüvədililərə dayaq olmuşam”. Allah ulu öndərə rəhmət eləsin! Qəbri nurla dolsun! Parlamentdə odlu-alovlu çıxışlar etdiyim zamanlarda deyirdim ki, Heydər Əliyevin yolunda cüzi də olsa əziyyət çəkəni ulu öndər qiymətləndirib. O cümlədən də məni. Ona görə də ölən günə qədər ulu öndərimizə borcluyam. Onun varisi İlham Əliyevi həmişə dəstəkləmişəm. Ölən günə qədər bu yola sadiq olacam.

- Hazırda Milli Məclisin deputatları arasında elələri var ki, başqa-başqa partiyalardan YAP-a gəliblər. Deputatların partiya dəyişməsinə  necə baxırsız?
- Həqiqətən də elədir. Bu gün YAP-a başqa partiyalardan da transfer olunanlar var. Məsələn, AMİP-dən, Müsavatdan, AXCP-dən gələnlər var. Bunun da əleyhinəyəm. Başqa partiyalardan bizim partiyaya kimlər gəlirsə, sabah bizim partiyada bir balaca narahatlıq olanda dərhal başqa partiyalara qaçacaqlar. Bəzən deyirlər ki,  müxalifətdə olanlar  iqtidara,  iqtidarda olanlar  müxalifətə gəldi. Bu cür adamları bir növ əqidəsiz adamlar adlandırıram. Adamın bir məsləyi, bir məqsədi, bir məramı olar. İnsan olan bəndə bir dinə, bir mənsəbə xidmət edər.

- Sabiq səhiyyə naziri Əli İnsanov  da  Qərbi Azərbaycandandır, yerlisiniz. Həbsdən çıxandan sonra YAP-la bağlı sərt açıqlamalar verir. Onun mövqeyini dəyişməsi sizə necə təsir edib?
- Əli İnsanov əfv olunandan sonra ulu öndərin məzarını ziyarət etməliydi. Bunu səbirsizliklə gözləyirdim. Ona görə ki, ulu öndərlə uzun müddət bir partiyada təmsil olunub. Ulu öndər onu nazir vəzifəsinə təyin edib. Həmçinin, Əli İnsanovu hörmətə, nüfuza mindirən də ulu öndərimiz olub.

YAP-ın 1992-ci ilin 22 noyabrında Naxçıvanda təsis konfransı olub. 1991-ci ilin 19 dekabrında isə Ədliyyə Nazirliyinin qeydiyyatından keçib. 1992-ci ilin noyabrında bizim nümayəndə Naxçıvana getməmiş Tibb Universitetinin farmakalogiya kafedrasında  YAP-ın  Nəsimi rayon təşkilatını yaradıb. Təşkilat komitəsinin sədri də mən olmuşam. Bu iclasda Hacıbala Abutalıbov, Fərəməz Maqsudov, Murtuz Ələsgərov, Əli Nağıyev, Məzdək Hüseynov və Siyavuş  Novruzov iştirak edib. 1993-cü ilin fevralında ulu öndər Heydər Əliyev Naxçıvanda olanda onun böyük qardaşı akademik Həsən Əliyev vəfat etmişdi. Heydər Əliyev dəfnə gələ bilməmişdi. Bir neçə gündən sonra ulu öndər Heydər Əliyev fevralın 15-də Naxçıvandan Bakıya gəldi. Onu qarşılayanlardan biri də mən olmuşam. Bunlar tarixdir. Bu tarixin canlı şahidlərindənəm.


- Canlı şahid kimi cavabınızın da maraqlı olacağına əminəm. Hazırda parlamentdə 1990-cı illərdən bəri deputat olanlar var. Bir şəxsin  25-30 il deputat olması nə dərəcədə doğrudur?
- 1990-cı ili demirəm. Ancaq 1995-ci ildən başlayaraq, YAP-ın dəstəyi ilə deputat olan insanlar var. Sizə deyim ki, 1995-2000-2005-ci illərin deputatları ilə indiki deputatlar arasında yerlə-göy qədər fərq var.

- Maraqlıdır, o fərq  nədən ibarətdir?
- O dövrdə YAP tərəfindən seçilən deputatların 90%-i YAP-ı yaradanlardandır. Təəssüf ki, 2015-2020-ci ilin deputatları arasında 5-6 nəfər tapmaq olar ki, ilk gündən YAP-ın üzvləridir. Əksəriyyəti sonradan YAP-a gələnlərdir. Arzu edərdim ki, 1992-93-cü illərdə YAP və Heydər Əliyev olmadığı dövrdə YAP-ı yaradanlar, quranlar, Heydər Əliyevin yolunda əziyyət çəkənlər parlamentdə təmsil olunsunlar. Təəssüf ki, belə deyil.

- Hazırda parlamentdə təmsil olunan bəzi deputatlar var ki, onlara "vaxtilə Ayaz Mütəlibovun kadrı olub” damğası vurulur. Ayaz Mütəllibovun kadrı məsələsində adı keçənlərdən biri də Ziyad Səmədzadədir. İradlar da ondan ibarətdir ki,  "mövqeyini dəyişib” və sairə. Sizcə, insanlar iradlarında nə dərəcədə haqlı, ya da haqsızdırlar?
 - Mən də onun haqqında zaman-zaman mətbuatda yazılar oxumuşam. 1993-cü ilin fevralında ulu öndərimiz Heydər Əliyev qardaşı Həsən Əliyevin yas mərasiminə gələndə bir hadisəyə şahidlik etmişəm. Şəxsən mən Heydər Əliyevlə Həsən Əliyevin evinə daxil olanda Ziyad Səmədzadə həmin evdə oturmuşdu. Bunu ona görə xatırladıram ki, gərək düzü düz,  əyrini əyri deyəsən. Ziyad Səmədzadə Ayaz Mütəllibovdan çox Heydər Əliyevin dövründə fəaliyyət göstərib. Bunun şahidi olmuşam.


- Növbəti 2020-ci ildə keçiriləcək parlament seçkilərinin daha qızğın keçəcəyi söylənilir. İddialara görə, yaşlı deputatlar mandatları ilə vidalaşacaqlar. Yaşlı deputatların parlamentdə təmsil olunmasına necə baxırsız?
- Deputatların əleyhinə danışmaq fikrim yoxdur. Ancaq mövqeyimi bildirmək istəyirəm. Bu gün parlamentdə olan deputatlardan bəzilərinin bu iqtidara, YAP-a heç bir aidiyyatı yoxdur. Sön dövrlərdə bəzi deputatlar haqqında yazılar oxuyuram. Bəzi deputatlar kommersiya ilə məşğul olurlar, böyük biznes şəbəkəsinə sahibidirlər, xaricdə nələrisə var. Bu necə ola bilər?! Milli Məclisin deputatı qanunla bizneslə məşğul ola bilməz. Bu, qanunaziddir.

- Bizneslə məşğul olan  deputatların rəsmi olaraq adlarına heç nə yoxdur. Ya oğlanları, ya da qohumlarının adına keçiriblər.
- Kimlərinsə adlarına keçirib bizneslə məşğul olsalar da, bəllidir. Azərbaycan kiçik dövlətdir. 10 milyonluq əhaliyik. Bir-birimiz haqqında məlumatları bilirik. Dəvə girir kolluğa, elə bilir ki, onu görən yoxdur. Bu belə deyil. Gizli heç nə yoxdur. Arzu edirəm ki, hər bir Azərbaycan vətəndaşının biznesi də, hoteli də olsun.  Ancaq dövlət məmurları korrupsiyaya qurşanıb,  dövlətin milyonlarını, milyardlarını talayıb gedib biznes şəbəkəsi quracaqlarsa, cənab prezidetimizə qarşı kampaniya təşkil edəcəklərsə, onları lənətləyirəm. Onlara ar olsun! Heydər Əliyevin, İlham Əliyevin verdiyi çörək satqın, xəyanətkar insanların burnundan gəlsin!

- Konkret olaraq xəyanətkar və satqın insanlar harda var?
- Bu insanlar həm parlamentdə, həm hökumətdə də, həm də digər icra strukturlarında var.

- 2020-ci ildə keçiriləcək parlament seçkilərində özünüzü görmək arzunuz varmı?
- Allah qoysa, baxaq görək necə olacaq. YAP-ı yaradanlardan biri olaraq heç vaxt özfəaliyyətlə məşğul olmamışam. 2010 və 2015-ci illərdə də parlament seçkiləri keçirilib. Mən işsiz olsam da, namizədliyimi verməmişəm. Namizədlik məsələsi cənab prezidentimiz tərəfindən irəli sürülür. Əgər etimad göstərib 2020-ci ildə  deputatlığa namizədliyimi verərlərsə, böyük məmnuniyyətlə seçicilərimlə mütəmadi görüşlər keçirərəm. Seçicilərimə verdiyim vədləri çalışaram ki, həyata keçirəm.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->