Xəbər lenti

Keyfiyyətsiz dolğu və botoks inyeksiya edənləri hansı cəza gözləyir?
Sağlamlıq 16:58 14.08.2025

Keyfiyyətsiz dolğu və botoks inyeksiya edənləri hansı cəza gözləyir?

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) bəzi özəl tibb müəssisələrində "Botulinum toksini" (botoks), estetik dolğular (məsələn, hialuron turşusu tərkibli vasitələr) və mezopreparatların (vitamin, amin turşusu, peptid qarışıqları) rəsmi idxal icazəsi və keyfiyyət sənədləri olmadan istifadə olunduğu ilə bağlı məlumat yayıb.

Məlumatda bildirilib ki, Nazirlər Kabinetinin 18 iyul 2024-cü il tarixli 345 nömrəli Qərarına əsasən, bütün dərman və tibb vasitələri (o cümlədən inyeksiya olunan estetik preparatlar) yalnız Səhiyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alındıqdan sonra ölkəyə idxal oluna bilər. Qeydiyyatsız preparatların idxalı və istifadəsi qanunla qadağandır.

Maraqlıdır, qanunla qadağan olan qeydiyyatsız preparatların idxalı və istifadəsini müəyyənləşdirmək üçün AEM monitorinqlər aparacaqmı? Qanunu pozanları hansı cəza gözləyir?

Məsələ ilə bağlı Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən (AEM) Oxu.Az-ın sorğusuna cavab olaraq qeyd olunub ki, kosmetologiyada istifadə olunan botoks, dolğular və digər tibbi vasitələrin qeydiyyatsız istifadəsi AEM tərəfindən planlı və plandankənar yoxlamalar zamanı, habelə vətəndaş şikayətləri əsasında aşkar edilir:

"Keçmiş illərdə hüquq-mühafizə orqanlarının həyata keçirdiyi tədbirlərdə AEM əməkdaşları da iştirak ediblər və nəticədə çox sayda qeydiyyatsız, keyfiyyəti şübhə doğuran məhsullar dövriyyədən çıxarılıb. Son təhlillər göstərir ki, qeydiyyatsız və keyfiyyəti şübhəli botoks və dolğuların istifadəsi yenidən qeydə alınır. Bu səbəbdən nəzarət tədbirləri gücləndirilmiş qaydada davam etdiriləcək".

AEM qanunvericilikdə nəzərdə tutulan tədbirlər barədə də məlumat verib:

"İnzibati Xətalar Məcəlləsinin 221.1 maddəsinə görə, qeydiyyatsız, keyfiyyətsiz, mənşəyi məlum olmayan və ya yararlılıq müddəti bitmiş dərman vasitələrinin satışı, saxlanması və ya idxalı inzibati məsuliyyət yaradır.

Belə ki, bu halda vəzifəli şəxslər 1 500 AZN-dən 2 000 AZN-ə qədər, hüquqi şəxslər 5 000 AZN-dən 7 000 AZN-ə qədər cərimə oluna bilərlər.

Eyni zamanda, İXM-in 221.3-a maddəsinə görə, ehtiyatsızlıq nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurulduqda vəzifəli şəxslər 2 000 AZN-dən 2 500 AZN-ə qədər, hüquqi şəxslər 7 000 AZN-dən 9 000 AZN-ə qədər cərimələnə bilərlər.

Həmçinin İXM-in 221.4 maddəsinə görə, yuxarıdakı xətaların bir il ərzində təkrar törədilməsi hallarında vəzifəli şəxslərə 2 500 AZN-dən 3 000 AZN-ə qədər, hüquqi şəxslərə 9 000 AZN-dən 11 000 AZN-ə qədər cərimə tətbiq edilə bilər.

Habelə Cinayət Məcəlləsinin 200-1.1 maddəsi də qeydiyyatsız dərman vasitələrinin xeyli miqdarda satışı, saxlanması və ya idxalını qadağan edir və bu halların baş verməsi cinayət məsuliyyəti yaratdığı üçün vətəndaşlar 3 000 AZN-dən 5 000 AZN-ə qədər cərimə və ya iki ilədək azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrumetmə, mümkün olduqda iki ilədək müddətə müəyyən fəaliyyətlə məşğul olma hüququnun məhdudlaşdırılması ilə cinayət məsuliyyətinə cəlb oluna bilər.

İnzibati Xətalar Məcəlləsinə görə, "az miqdar" dedikdə 1 000 AZN-dək olan məbləğ nəzərdə tutulur. Miqdar bundan artıq olduqda məsələ Cinayət Məcəlləsi üzrə araşdırılır".

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->