Beyin insan orqanizminin ən vacib orqanlarından biridir və sağlam fəaliyyət göstərə bilməsi üçün ona kifayət qədər qan və oksigen axını təmin olunmalıdır. Lakin fərqinə varılmadan inkişaf edən şah damarının (karotis arter) tıxanıqlığı bu tarazlığı pozaraq ciddi sağlamlıq problemlərinə, hətta ifliclə nəticələnən hallara yol aça bilər.
Qaynarinfo xəbər verir ki, mütəxəssislər damar tıxanıqlığı əlamətləri barədə vacib xəbərdarlıqlar ediblər.
"Damar daraldıqca beyin oksigensiz qalır”
Kardiologiya üzrə mütəxəssis, dosent Arif Arısoy "CNN Türk"ə açıqlamasında beynin daim qan axını ilə qidalandığını vurğulayaraq bildirib:
"Boynumuzun hər iki tərəfində yerləşən və xalq arasında şah damarı kimi tanınan karotis arterlərdə yağ və xolesterin yığılması nəticəsində lövhəciklər (plaklar) əmələ gəlir. Bu yığılma zaman keçdikcə damarın daralmasına, bəzən də tam tıxanmasına səbəb olur. Əgər vaxtında müalicə edilməzsə, beyinə gedən qan axını azalır və yaranan laxtalanma nəticəsində iflic riski ortaya çıxır".
Dosent Arısoy əlavə edib ki, karotis tıxanıqlığı beynə yetərli oksigenin çatmasına mane olur:
"Daralma kritik səviyyəyə çatdıqda və ya lövhəcik çatladıqda, beyin damarlarında laxtalar yaranır. Bunun nəticəsi iflicdir. İflic vücudun bir tərəfində zəiflik, nitq pozğunluğu, tarazlıq itkisi və görmə problemləri kimi qalıcı fəsadlara səbəb ola bilər".
"Baş ağrısının səbəbi məlum deyilsə, təzyiqinizi ölçdürün”
Damar tıxanıqlığı çox vaxt əlamət göstərmədən irəliləyə bilər. Lakin bəzi erkən xəbərdarlıq siqnalları nəzərdən qaçırılmamalıdır. Dosent Arısoyun sözlərinə görə, karotis tıxanıqlığının diaqnozunda ən çox istifadə olunan üsul Doppler ultrasəs müayinəsidir. Bu üsul damar daxilindəki qan axınını və daralmanın dərəcəsini aydın şəkildə göstərir. Lazım gəldikdə BT anqioqrafiya və ya MR anqioqrafiya da tətbiq oluna bilər.
Dosent Arısoy sözlərini belə tamamlayıb:
"Baş gicəllənməsi, görmə itkisi və ya bədənin bir tərəfində keylik hiss edən hər kəs gecikmədən həkimə müraciət etməlidir. Müntəzəm tibbi müayinələr və sağlam həyat tərzi şah damar tıxanıqlığının qarşısını almağın ən təsirli yollarıdır".
Aydın
Şərhlər