Ölkədəki bütün sahibkarlıq obyektlərində nəzarət-kassa aparatları quraşdırılacaq. Aparatların quraşdırılma tarixi isə fəaliyyət sahəsi və yerləşmə yerindən asılı olaraq dəyişəcək. Nazirlər Kabinetinin qərarına əsasən 2023-cü ilə qədər bütün obyektlər bu aparatlarla təchiz olunmalıdırlar.
Bu il iyulun 1-nə qədər Bakıdakı "Mall" tipli iri ticarət mərkəzləri, şəbəkə sistemli marketlər, yanacaqdoldurma məntəqələri ixtisaslaşmış avtomobil satışı obyektləri və şadlıq evləri real vaxt rejimində Vergilər Nazirliyinin elektron informasiya sisteminə qoşulmalı olacaq. BuNazirlər Kabinetinin təsdiqlədiyi "Nəzarət-kassa aparatlarının tətbiqi Qrafiki"ndə öz əksini tapıb.
İqtisadi-ekspert Vüqar Bayramov bildirir ki, nəzarət kassa aparatlarının tətbiqi iqtisadiyyatın şəffaflaşması, göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi baxımından böyük önəmə sahibdir.
Qrafikə əsasən, paytaxtdakı mebel satışı üzrə ixtisaslaşmış müəssisələr bu il oktyabrın 1-nə qədər, pərakəndə ticarət və yaxud ictimai iaşə fəaliyyəti göstərən əlavə Dəyər Vergisi ödəyiciləri gələn il yanvarın 1-nə qədər, eyni fəaliyyəti göstərən digər təsərrüfat subyektləri isə 2021-ci il aprelin 1-nə qədər nəzarət-kassa aparatları quraşdırmalıdır.
Bakıdan kənarda yerləşən təsərrüfat subyektləri üçün qrafik bir qədər fərqlidir. Belə ki, bölgələrdə yerləşən təsərrüfat subyektləri üçün qoyulan müddətlər daha geniş zamanı əhatə edir. Ancaq ümumilikdə elektron nəzarət kassa aparatlarının quraşdırılması bu il yanvarın 1-dən tətbiq edilən nağdsız ödəmələrdə əlavə dəyər vergisinin qaytarılmasına da yardım edəcək.
Pərakəndə ticarət və yaxud ictimai iaşə fəaliyyəti göstərən ƏDV ödəyiciləri Gəncə və Sumqayıt şəhərlərində 2021-ci il aprelin 1-nə qədər, kənd və qəsəbələr istisna olmaqla Abşeron, Mingəçevir, Şirvan, Şəki, Lənkəran, Yevlax, Bərdə, Naxçıvan, Quba, Xaçmaz, Masallı, Göyçay, Şamaxı, Zaqatala, Şəmkir, Tovuz, Salyan, Sabirabad və Naftalanda2021-ci il oktyabrın 1-nə qədər, digər rayon mərkəzlərində 2022-ci il yanvarın 1-nə qədər, bütün kənd və qəsəbələrdə isə 2023-cü il yanvarın 1-nə qədər vaxt verilib. (Xəzər TV)
Şərhlər