Xəbər lenti

Kinomuzun ana dili
Məqsəd Nur
Sənət 17:10 14.12.2023

Kinomuzun ana dili

Kino da əsərdir. Ekran əsəri. Yaxşı bir film çəkmək üçün işin riyaziyyatı, fəlsəfəsi, ədəbiyyatı, iqtisadiyyatı, sənət azadlığı və sairi və ilaxırı olmaldır. Şərtlər o qədər çoxdur ki, biz ora gəlib çatanadək süni intellekt yeni şərtlər diktə edəcək. Bax, onda, bəlkə, yerli, maraqlı film çəkmək üçün fərqli dil, identik şifrə və deşifrə alətləri lazım olacaq. 

Bizim filmlərin şifrəsi yoxdur. Bircə dəfəyə oxunur. Sovet dövrü filmlərimizdə senzuradan qaçmaq üçün min bir üsul ilə gizli "metod"lardan istifadə etməkliklər hələ identik şifrə yaratmaq deyil. Heç bundan sonra "Oskar”, "Qızıl palma" almaq da. Sənətdə şifrələrin tarixi olur, bizim kinonun tarixi isə sadəcə xronikadır, bəzən də füsünkar cəhdlər. Onu da deyim ki, bəzi hallarda filmlərimiz gözəl, əsrarəngiz, fədakarcasına yaradılmış dahiyanə fraqmentlərdən ibarətdir. O cümlədən, dillərə əzbər olmuş dialoqlarımız var. Bəzən qanın coşur, deyirsən, hə, bax budur, bizim də milli kinomuz gəlir, sonra görürsən ki, heç bircə atımlıq barıt da deyil.  

İşin ekran tərəfini qoyuram bir yana, daha çox dil, ədəbiyyat, konkret olaraq dialoqlar (monoloqlar) barədə danışmaq istəyirəm. 
Son vaxtlar yeni çəkilən filmlərdən fraqmentlər qarşıma çıxır, baxıram, sevinirəm. İdeya, görüntü, rejissor işi pis deyil. Bircə bu bərbad dialoqları hardan tapırlar, bilmirəm. Hansı kino dilində danışır bizim bədii filmlər? İran, Turan, rus, yoxsa Qərb, hələ tam bilinmir. Öz dilini axtarır, təbiidir. Di gəl, bu gül kimi ana dilində yazılan cümlələrin alqoritmi qəfil nətəhər pozulursa, dilin beyni çönür, gah şifahi olur, gah yazılı, gah farsi boylanır arasından, gah rusi, gah da arayış dilinə keçir, müstəntiq kimi danışır. Axı ana dili mühüm faktordur, sözün daşıdığı enerji filmin gücünə təsir edir. Görəsən, bizim yeni nəsil rejissorlar bu dil alqoritmini kimdən öyrəniblər? Sovet kinomuzun rus ənənəsindən, yoxsa Türkiyə seriallarından? Hər şeyi edirlər, bircə ana dili qalır arxa planda. Niyə? Çünki bu dildə kitab oxumurlar, bəzən də heç kitab oxumurlar. 
Təcrübəmdən deyirəm, elə-belə yox. Müxtəlif yaş qrupundan olan bir çox rejissorlarla işləmişəm, ünsiyyətdə olub yaradıcılığını dib-dəhnədən izləmişəm. Çoxu ana dilində kitab oxumur. Fikri-zikri Tarkovskinin, Kurosavanın (kaş onu kimi hiss edə biləydilər), Spilberqin, Tarantinonun, Nuri Bilgə Ceylanın yanındadır. Azərbaycan ədəbiyyatına, folkloruna, insanına isə yuxarıdan aşağı baxırlar.

 İndi sonradan rus və ingilis yuxusundan ayılıb mentaliteti, etnoqrafiyanı, maddi-mənəvi dəyərləri öyrənməyə başlayan, araşdıran rejissorlar da var: təxminən bir il əvvəl bir məşhur kinorejissorumuzla ayaqüstü söhbət edirdim, İrəvandan danışırdıq, heyrətə gəldim, bu adam hələ indi-indi tam başa düşür ki, İrəvan bizim tarixi şəhərimiz, qalamız, yurdumuzdur. Və birinci sinif şagirdi "Ana dili" dərsindən beş alıbmış kimi özünü kəşf etməkdən keyf tutur.

Kinorejissorlar da yazıçılar və şairlər, rəssamlar və heykəltaraşlar kimi milli ədəbiyyatı o-xu-ma-lı-dır! Onun təsir dairəsindən çıxıb dünyaya açlılmalıdır, sonra Biləcəridən o yana keçməlidir. Pisdir, yaxşıdır, ortababdır, nə fərqi, milli ədəbiyyat, ana dilində yazılan mətnlər zəruri dərslikdir. Ən azı ona görə ki, ana dili bir çox informasiyaları daşıyan resursudur və o dil sizin İQ səviyyənizin daha dinamik alqoritmlə çalışmasına kömək edir. 

Ötən il sənətşünas, ssenarist, dəyərli ustad Nadir Bədəlovun ssenari yaradıcılığına həsr olunmuş "Kino gözlə söz arasında" kitabını redaktə etdim. Kitab "Parlaq imzalar" nəşriyyatında işıq üzü görüb. Tövsiyə edirəm, alıb oxuyun. 

Nadir Bədəlov hamını başa salmağa çalışır ki, ay cameə, kino əsərdir, müəllifin əsəri. Kino çəkmək üçün müəllif kimi yetişməlisən, bir sözlə, rejissor, ssenarist, nə bilim, prodüser ola bilərsən, amma hər şrydən öncə müəllif olmalısan ki, öz filmini çəkə biləsən. Ən vacibi isə budur: Nadir Bədəlov kitabını Aristoteldən başlayıb Hollivuddan keçirir, Nuri Bilgə Ceylanda bitirir, amma və lakin bu dərsliyi elə nəfis, elə axıcı və elə su kimi aydın bir dildə - ana dilində yazır ki, adamın ruhu göyün yeddinci qatında oynayır. 

Deməyim odur ki, kinomuzun inkişafı üçün ustad dərsləri, kommersiyalaşma, dünyaya açılma kimi cəhdlər yaxşıdır, amma onun gözünə ana dili ilə bağlı elementlər  əlavə edilməli və əsas baza da məhz doğma dil olmalıdır. 

Yoxsa ki, kinomuz  öz dilində düşünə bilməyəcək. Gözəl filmlər çəkiləcək, amma bu bizim deyil, "onların" filmi olacaq.

Məqsəd Nur

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->