Xəbər lenti

62 yaşlı ilanın geridə qoyduğu sirli miras
Dünya 23:24 27.10.2025

62 yaşlı ilanın geridə qoyduğu sirli miras

2021-ci ildə Missurinin Sent-Luis zooparkı özünün ən məşhur sakinlərindən biri ilə vidalaşdı. Heyvanxanalarda yaşamış ən yaşlı ilan hesab edilən bu krallıq pitonu, 62 illik ömrünün son mərhələsində belə elm aləmini heyrətləndirən bir hadisəyə imza atmışdı.

Qaynarinfo xəbər verir ki, adətən "Python regius” növünə aid krallıq pitonlarının orta ömür müddəti 30 il civarındadır. Buna görə də 60 yaşı aşması artıq qeyri-adi hal sayılırdı. Lakin onun əsl şöhrəti, ölümündən yalnız bir il əvvəl – 2020-ci ildə yumurta qoyması xəbəri ilə gəlib.

Bu yaşlı ilanın yumurtlaması təkcə yaşı baxımından möcüzə hesab olunmurdu. Ən maraqlı məqam o idi ki, heyvanxana qeydlərinə əsasən, ilan artıq 15 ildir öz növündən heç bir erkəklə təmasda olmamışdı. Buna baxmayaraq, yumurtaların sağlam olması dərhal nadir bir bioloji prosesi gündəmə gətirib – partenogenez hadisəsini.

Sent-Luis zooparkının herpetologiya şöbəsinin rəhbəri Mark Vanner həmin dövrdə açıqlamasında bu ilanın məlum olan ən yaşlı ilan olduğunu bildirmişdi. Onun uzunömürlülüyünə əlavə olunan bu sirli doğum hadisəsi, ilanı demək olar ki, bioloji fenomenə çevirib.

Bakirə doğuş: partenogenez nədir?

Yunanca "bakirə yaradılış” mənasını verən partenogenez döllənməyə ehtiyac olmadan yumurta hüceyrəsinin birbaşa embrion halına keçməsi ilə baş verən cinsi olmayan çoxalma formasıdır. Bu proses adətən "otomiksi” adlı mexanizm vasitəsilə gerçəkləşir.

Otomiksi zamanı yumurta hüceyrəsi əmələ gələrkən ortaya çıxan və normalda itib gedən "qütb cisimcikləri” ilə birləşir. Nəticədə doğulan balalar anaya çox bənzəyir, lakin onun tam surəti olmur və adətən hamısı dişi olur.

Heyvanxana əməkdaşları ilanın ölümündən sonra belə bu hadisənin səbəbini araşdırmaqdan vaz keçməyib. Yumurtalardan sağ qalan balanın öyrənilməsi üçün universitet səviyyəsində genetik tədqiqat başladılıb. Məqsəd, bu doğumun həqiqətən partenogenez nəticəsindəmi, yoxsa başqa nadir bir bioloji mexanizmin məhsulumu olduğunu müəyyən etməkdir.

Göründüyündən daha yayğındır

Uzun müddət çox nadir bioloji hadisə kimi qəbul edilən partenogenez bu gün elm adamları tərəfindən əvvəl düşünüləndən daha geniş yayılmış bir proses kimi tanınır. Artıq onun yalnız arılar və su ayıları ("tardiqradlar”) kimi canlılarda deyil, 80-dən çox müxtəlif növdə müşahidə olunduğu məlumdur. Bəzi hallarda dişi heyvanlar, erkəklərə çıxış imkanı olsa belə, təkbaşına çoxalmağı "seçirlər”.

Lakin partenogenez, dişilərin erkəksiz çoxalmasının yeganə yolu deyil. Bəzi ilan və tısbağa növləri spermanı və ya döllənmiş yumurtaları bədənlərində illərlə saxlayaraq, münasib şərait yarandıqda hamiləlik prosesini başlada bilirlər.

Bu yaşlı krallıq pitonunun doğuşunun partenogenez nəticəsindəmi, yoxsa illər əvvəl bədənində qalmış spermin aktivləşməsi iləmi baş verdiyi, elm adamlarının cavab tapmağa çalışdığı ən böyük sirr olaraq qalır.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->