Avropada 2026-cı ilin yayına dair yeni hesabat qitənin eyni vaxtda bir neçə ciddi iqlim təhlükəsi ilə üzləşdiyini ortaya qoyub.
Qaynarinfo xəbər verir ki, Copernicus İqlim Dəyişikliyi Xidmətinin hesabatına görə, Avropa tarixinin ən isti üçüncü yayını geridə qoyub. Yüksək temperaturla yanaşı, quraqlıq, su ehtiyatlarının azalması və meşə yanğınları da ciddi fəsadlara səbəb olub.
Temperatur 10 illik ortalamadan 2,5 dərəcə yüksək olub
İyun-avqust aylarında Qərbi Avropada səth hava temperaturu son 10 ilin orta göstəricisindən 2,5 dərəcə yüksək olub. Qərbi Avropanın ən azı 60 faizində 17 gün ərzində temperatur 30 dərəcədən yuxarı qalxıb.
Müqayisə üçün, 2003-cü ildə 30 dərəcədən yuxarı temperatur 11 gün, 2025-ci ildə isə 7 gün qeydə alınmışdı.
Yüksək temperatur Qərbi Avropada 13 gün ərzində güclü istilik stressinə səbəb olub. Mayın sonunda başlayan isti hava dalğalarının sentyabr ayına qədər davam etdiyi bildirilib.
Hesabatda təkrarlanan anomal istilərin on minlərlə insanın ölümünə, kənd təsərrüfatına zərər dəyməsinə və bəzi enerji stansiyalarının fəaliyyətinin dayanmasına səbəb olduğu qeyd edilib.
Çaylarda su səviyyəsi minimuma enib
İqlim böhranının təsiri yalnız temperatur göstəriciləri ilə məhdudlaşmayıb. Avropadakı çaylarda 30 ildən artıq müddətin ən aşağı yay su axını qeydə alınıb. Dəniz səthinin temperaturu da rekord həddə yüksəlib.
İsti hava və quraqlığın birləşməsi meşə yanğınlarının miqyasını daha da böyüdüb. Avropa Meşə Yanğını Məlumat Sisteminə görə, 2026-cı ildə yanğınlar üçün hava şəraiti müşahidə tarixində ən əlverişsiz səviyyəyə çatıb.
Sentyabrın sonuna qədər təxminən 680 min hektar ərazinin yanaraq məhv olduğu bildirilib. Bununla 2026-cı il Avropada qeydə alınan ən ağır üçüncü meşə yanğını ili olub.
Yanğınların yaratdığı tüstüdən yayılan xırda hissəciklərin miqdarı da son 20 ilin orta göstəricisindən 30 faiz çox olub.
“Görünməmiş dəyişikliklərin göstəricisidir”
Avropa Orta Müddətli Hava Proqnozları Mərkəzinin iqlim alimi Samantha Burgess bildirib ki, baş verənlər yalnız temperatur rekordları ilə məhdudlaşmır. Onun sözlərinə görə, su ehtiyatları, enerji sistemləri, nəqliyyat, ekosistemlər və insan sağlamlığı da prosesdən təsirlənib.
İspaniyanın ISGlobal institutundan Xavier Rodo isə ekstremal hava hadisələrinin sayında və şiddətində artımın Avropanın iqlimindəki dəyişikliklərin miqyasını göstərdiyini deyib.
O, mövcud vəziyyəti “əşi-bənzəri görülməmiş dəyişikliklərin açıq göstəricisi” kimi xarakterizə edib.
Hesabatda həmçinin güclü El Nino hadisəsinin qlobal temperatur artımını daha da ağırlaşdırdığı qeyd olunur. Bu təbii okean istiləşməsi dövrünün fevral ayına qədər dünyada təxminən yarım milyon əlavə istiliklə əlaqəli ölümə səbəb ola biləcəyi təxmin edilir.
Mütəxəssislər hökumətləri qalıq yanacaq istifadəsini azaltmağa, şəhərlərdə yaşıllıq sahələrini artırmağa, binaların kölgələndirilməsini təmin etməyə, həmçinin xəstəxana və məktəblərdə kondisioner sistemlərini genişləndirməyə çağırıblar.
Aydın
Şərhlər