XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

"Allah Səttarı məndən sonraya saxlamasın" - 23 yaşlı autizmli oğlunu tək böyüdən ananın etirafları (ANONS/VİDEO)
Ölkə13:14 02.10.2026

"Allah Səttarı məndən sonraya saxlamasın" - 23 yaşlı autizmli oğlunu tək böyüdən ananın etirafları (ANONS/VİDEO)

"Bir Plus" verilişinin növbəti buraxılışında autizm spektr pozuntusundan əziyyət çəkən 23 yaşlı Səttarın anası İlkanə Yusifova qonaq olub. Çinarə Ömrayın təqdimatında yayımlanan müsahibədə ana övladına qoyulan diaqnozdan indiyədək keçdiyi keşməkeşli həyat yolunu paylaşıb.

İlkanə Yusifova bildirib ki, Səttarda autizmin ilk əlamətləri 2 yaşında özünü göstərib və o, əvvəlcə danışdığı sözləri tədricən kəsərək özünə qapanıb. Həmin dövrdə Azərbaycanda autizm haqqında məlumatların məhdud olduğunu deyən ana diaqnoz üçün İran və Türkiyəyə müraciət etdiklərini, yekun diaqnozun isə ölkəmizdə 6 yaşında rəsmiləşdiyini qeyd edib.

Səttarın 17 yaşına qədər reabilitasiya keçdiyini və 9 il məktəbə getdiyini söyləyən İlkanə Yusifova yeniyetməlik dövründə vəziyyətin daha da ağırlaşdığını vurğulayıb:

"12–13 yaşdan, cinsi yetkinlik dövründə vəziyyət bir az ağır formaya doğru getdi. Səttar cəmiyyətdən təcrid olunmağa başladı. Artıq 12 yaşından baba, nənə, qohum evinə belə getmir. Bizim evə yalnız ad günlərində və bayramlarda qonaq gələ bilər, çünki Səttar insan çoxluğunu sevmir".

Ana "bəzəkli autizm" ifadəsinə də münasibət bildirərək, sosial şəbəkələrdə bu problemin sadələşdirilməsinə etiraz edib:

"Autizmin yüngül, orta və ağır növləri var. Yüngül autizmlilər təhsil alır, uğur qazanırlar. Lakin ağır autizmin çətinliyini yalnız bunu yaşayan analar bilər. Autizm mənim üçün artıq gündəlik həyat tərzidir".

İlkanə Yusifova ən böyük narahatlığının gələcəklə bağlı olduğunu dilə gətirib: "Maddi çətinliklər hər zaman olur, amma ən ağırı gələcəkdir. Həmişə deyirəm: Allah Səttarı məndən sonraya saxlamasın. Çünki o, təkbaşına heç nə edə bilməz, hər zaman himayəyə möhtacdır".

O, həmçinin 18 yaşdan yuxarı ağır autizmli fərdlər üçün dövlət səviyyəsində peşə-təhsil mərkəzlərinin yaradılmasını, xüsusi nəqliyyat və mütəxəssislərin ayrılmasını zəruri hesab etdiyini vurğulayıb.

Verilişin tam versiyası bu gün saat 20:00-da youtube kanalımız Qaynar TV-də yayımlanacaq.