İtaliyanın Baş naziri Corcia Meloni enerji qiymətlərinin artmasının inflyasiyaya təsirlərini nəzərə alaraq Avropa İttifaqının (Aİ) büdcə qaydalarında ölkələr üçün daha çox çeviklik tələb edib.
Qaynarinfo "TRT Haber"ə istinadən xəbər verir ki, Meloni Milli Sənətkarlar və Sahibkarlar Konfederasiyasının (CNA) 80 illiyi ilə bağlı tədbirdə çıxışı zamanı Aİ Komissiyasının Prezidenti Ursula von der Leyenə məktub göndərdiyini bildirib.
Meloni məktubunda Avropada enerji qiymətlərinin artmasının inflyasiyaya təsirinə diqqət çəkərək, mövcud maliyyə qaydalarının ailə və şirkətlərin üzərindəki yükü azaltmaq üçün hökumətlərə kifayət qədər imkan vermədiyini qeyd edib. O, iqtisadiyyatın ciddi risklərlə üzləşdiyi bir vaxtda məhdudlaşdırıcı tədbirlərə müraciət etmədən əlavə tədbirlər görülməsi üçün imkan yaradılmasını istəyib.
Aİ Komissiyasının sözçüsü Paula Pinho isə Meloninin müraciəti ilə bağlı bildirib ki, üzv dövlətlərə artıq əlavə maliyyə çevikliyi təqdim edilib. Bu açıqlama Brüsselin İtaliyanın əlavə güzəşt tələbinə müsbət yanaşmadığını göstərib.
İtaliyanın İqtisadiyyat və Maliyyə naziri Giancarlo Giorgetti isə hökumətin enerji təhlükəsizliyi üçün ÜDM-in 0,6 faizi, müdafiə xərcləri üçün isə 0,9 faizi həcmində maksimum çeviklik imkanının əldə edilməsini istədiyini bildirib.
Günay
Şərhlər