2014-cü ildə
şeir kitabımı çıxartdırmışdım. Kitab haqqında tənqid də söylədilər, tərif də
yazdılar. Qələminə güvəndiyim ədəbiyyat adamlarının bir neçəsi kitabı yüksək
qiymətləndirdi. Oxucular tərəfindən də rəğbətlə qarşılandı.
Bütün bu təriflərin,
xoş sözlərin fövqündə yalnız bir insanın – anamın rəyi dayanmışdı. Kitab
çıxandan bir neçə ay sonra mənə bir məktub yazıb göndərdi. Məktubda daha çox
"Xoşbəxtliyin ironiyası” adlı şeirimdən bəhs olunur, köçkün düşdüyümüz günlər
xatırlanır, evimiz, həyətimiz, ümumən kəndimiz təsvir edilirdi. İndi həmin məktubu
oxucu dostlarıma təqdim etmək istəyirəm. Amma öncə sözügedən şeiri oxuyaq ki, məktubda
yazılanlar daha aydın olsun.
Qeyd: ən sonda
isə "Anama məktub" adlı şeirimi verməyi uyğun bildim.
Xoşbəxtliyin
ironiyası
Yadımdadır
avtobusa
doluşub
kəndimizdən
köçdüyümüz gün.
Ayrı aləm idi
bir yerdən
başqa yerə köçmək sevinci
biz uşaqların.
Böyüklərin
üzündəki sarsıntını görmədən
sadəlövhcəsinə
sevinməkdi bizimki…
İtirdiyimə görə
ağladığım tək şey
əmoğlu Mirzəxanın
mənə aldığı
qırmızı
oyuncaq maşın idi.
Yadımdadır,
əmoğlunun
aldığı maşın
anamın qurduğu
hananın
pəncərəyə tərəfki
yanında qaldı.
Pəncərədən
Şirin dayının evi görünürdü,
Şirin dayının
evi göz qoyurdu
oyuncaq
maşına.
Yadımdadır,
anam demişdi
at şəkli
toxuyacaq xalçaya -
Sadıq babamın
kəhər atının şəklini.
Mən də
deyirdim
ip də çəksin
boğazına, qaçmasın deyə.
Macal vermədilər…
Macal vermədilər
anam o atı o
xalçaya hörükləsin.
Yağı qoruğu
idi sanki.
Babamın atı
perik düşdü,
hanamız qurulu
qaldı…
Yadımdadır,
darvazanın
qarşısında
çöməlib bizə
baxırdı qızıl itimiz.
İki ağız
yorğun-yorğun hürdü,
sonra küçənin
döngəsinə qədər
arxamızca
yüyürdü.
Onu sonuncu dəfə
gözlərimin
içinə baxan gördüm
kəndin
çıxışında.
Dəhşətlidir
ilim-ilim itib-batmaq
tərk edilən
bir itin baxışında...
Ağladım
qırmızı
oyuncaq maşın üçün,
itimizi
itirdiklərimizi
it yerinə də
saymadım.
Uşaq idim, beş
yaşım vardı,
Laçın adı keçəndə
ağlına kəndin
ortasındakı
transformator
gələn uşaqdan
nə gözləyirsən
axı!
Yadımdadır kəndimizdən
köçdüyümüz gün,
ayrı aləm idi
bir yerdən
başqa yerə köçmək sevinci
biz
uşaqların...
***
Hamının bizə
yazığı gəldiyi yerdə
necə də xoşbəxt
idim.
Atam demişdi,
qarğıdan
özümüzə ev tikəcəyik.
Sevinməmək əlimdə
deyildi.
Bezmişdim
sanki
ağban-ağban,
çılçıraqlı evlərdən.
Lafeti
qarı-qamış dolu traktoru görüncə
bağırmışdım:
"Evimiz gəldi! Evimiz gəldi!"
Ailəlikcə
qarğıdan
"dam" hörməyə çırmandıq.
Anam
tapa bilmədi
hörmədiyi
xalçanın təskinliyini.
Qarğıdan
"at" düzəldib "çapdım",
xeyri olmadı…
***
Sonralar
gözümlə gördüm
xoşbəxtliyin
yavaş-yavaş
bədbəxtliyə
dönüşdüyünü,
qayğının,
ehtiyacın
addım-addım
arxamızca düşdüyünü.
Yardım
maşınlarının ətrafında tələsən
gərgin və əsəbi
adamlar
təntiyərək
bir-birinə dəyəndə,
yaxın qohumlar
növbə üstdə
bir-birinin
var-yoxunu söyəndə gördüm
xoşbəxtliyin
bizə aid olmadığını
və yanımızdan
ötüb
hamımızla
oynadığını.
Adamlar
"UNİSEF" paketlərini
daşıyanda evinə,
sevinə sevinə
anladım
bizim
taleyimizi Tanrının deyil,
"yardımsevər"
ölkələrin,
BMT-nin,
ATƏT-in yazdığını!
Halbuki
qarğı-qamışdan
bir evimiz,
göyərçin
yuvasına bənzər
bir daxmamız
olduğuna
çox
sevinmişdim…
2014
Oğluma məktub
Əziz və hörmətli
oğlum Pərviz! Səni kitabın çıxmağı münasibəti ilə təbrik edirəm. Sənə bu yolda
uzun ömür, can sağlığı arzu edirəm ki, daha böyük uğurlara nail olasan.
Kitabını oxudum, çox şad oldum ki, mənim belə savadlı, düşüncəli oğlum var. Səninlə
fəxr edirəm, qürur duyuram. Oxuduqca kədərləndim, çünki çox qəmli yazmısan. Bir
azca da utandım – deyim niyə: biz qaçqın düşəndə sənin 5 yaşın vardı, mənimsə
28 yaşım. 5 yaşında uşağın vətən həsrəti, qaçqınlıq xatirələrini qəlbində
yığıb-yığııb bu qədər qəmli şeirlərə çevirməsi, mənimsə heç nə olmamış kimi öz
işimdə olmağım utandırır məni. Biz qaçqın düşəndə bir tava da götürməmişdim ki,
sizə yumurta bişirəm. Ona görə də əvvəl qazan hayına qaldım, sonra sizi yedirtmək,
başımızı salacaq bir dam. Böyüməyiniz, təhsiliniz, Bakıda qalıb universitet
oxumaq üçün şəraitiniz və sair qayğılar... Sonra evlənmək vaxtı gəldi, nişan,
toy, nəvələr, qayğılar...
Ona görə də məni
qınama, oğlum. Atan da mənimlə qayğılar çəkirdi, amma atalar bir pay çəkəndə,
analar iki pay çəkir. Atanın aradabir vaxtı olurdu, vətən həsrətli şeirlər
yazırdı. Bir yerli alverçiyə şeir yazmışdı:
Səni
tanıyıram, vicdansatansan!
Mənsə öz vətənin
atmış didərgin.
Sən pul dənizində
qəvvas kimisən,
Mən qəm dəryasında
batmış didərgin.
Bu şeir mənə
çox təsir eləmişdi. Yenə də üzdən getdim, dərin düşünmək istəmədim. Axı dərin
düşünsəydim, pisikərdim, sizi yaşada bilməzdim. Elə ki, kitabın gəldi, mənim
savadlı oğlum, bütün qayğıları bir yana qoyub oxumağa başladım. Oxuduqca kino
lenti kimi kənd gəlib gözümün önündən keçdi. Yaş məni boğdu.
Qoy kəndimizin
bircə gününü, qaçqın düşdüyümüz günü sənə təsvir edim. 1992-ci ilin may ayının
doqquzuydu. Bir yaz səhəri idi. Mən səhər o başdan durub heyvanları, toyuq-cücəni
yerbəyer edəndən sonra evə gəldim. Ev-eşiyi də səliqəyə saldım. İşimi
qurtarandan sonra pəncərənin önünə gəlib kəndimizə və həyətimizə baxdım. Kəndimiz
nə qədər gözəl imiş. Bir tərəfdə yaşıl dona bürünmüş dağlar, dərələr, çəmənlər,
bir tərəfdə həyətlərdə çiçək açmış ağaclar, bir tərəfdə səliqə ilə ləklərə düzülmüş
bostanlar. Gözümü çəkə bilmirdim bu mənzərədən. Elə acgözlüklə, elə həsrətlə
baxırdım ki, doymaq bilmirdim. Heç vaxt bilməzdim ki, bir neçə gündən sonra bu
gözəlliyə həsrət qalacam. Çönüb evin səliqə-səhmanına baxdım, çox xoşuma gəldi.
Çox şükür dedim, bu evləri, bu həyət-bacanı min-bir əzab-əziyyətlə başa gətirdik.
Evlərin yarısını təmir etdik. Atanla belə bir qərara gəldik: "Evin qalan
otaqlarını da uşaqlar böyüyəndə təmir edərik. Hələ onlar orta məktəbi, sonra
institutu oxuyanacan, bəlkə yerin başında da bir ev tikdik. İki oğlumuz var, hərəsi
birində yaşayar. Qızı da köçürərik, əlimiz də üstündə olar, o da korluq çəkməz”.
Deyir, sən
saydığını say, gör fələk nə sayır... Belə şirin xəyaldan, çölə baxıb gördüyüm o
mənzərədən gözümə sataşan həyətin ortasındakı cığıra tökdüyümüz daşlar ayırdı.
Dünən maman uşaqları ilə, mən uşaqlarımla 10 sot deyim, 20 sot deyim, bəlkə hələ
çox yeri şum eləyib kartof ləkinə vurduq ayrılığına. Daşları da şumdan seçib
aradakı cığıra tökdük. Dedim, uşaqlar, çayımızı içək, gedək o daşlardan götürək,
qapı səliqəli görünsün. Atamız bəlkə bu gün gəldi, qoy hər şeyi nizam şəkildə
görsün. Səliqə ilə səhər süfrəsi açdım. Heç vaxt bilməzdim ki, bu evdə açdığım
axrıncı süfrədir… Səhər yeməyimizi yedik. Süfrəni yığışdırıb hər şeyi yerinə
qoydum və yenə də evlərə baxdım, heç bilmirdim bu gün mənə nə olmuşdu, nə evə,
nə da ki, həyətə və kəndimizə baxmaqdan doymurdum. Mən sizi götürüb həyətə
endim. Ülviyyənin 9, Elvinin 7, səninsə 5 yaşın vardı. Yarım maşına qədər daş
olardı, siz onu daşıyıb həyətin ayağında bir qalaq qurdunuz. Mənsə həyətin mənzərəsindən
gözümü çəkə bilmirdim. Bir tərəfdə hasarların dibindən papaqlanmış gicitkənlər,
torpaqdan qırmızı başını göstərən qırxbığım, sarı, yaşıl başlı şoşan, bir-iki
yarpağı görünən xortumlar. Təbiətin bu gözəlliyinə insan baxdıqca valeh olurdu.
Birdən cığırın ayağında anam göründü. O tayın-bu tayın səliqə-səhmanına
baxa-baxa yaz havasının xoş əhval-ruhiyyəsində yanıma gəldi.
- Çox şükür,
balam, əziyyət çəksəniz də, işlərinizi nizama salmısınız.
Biz evə
getdik. Mən çay dəmlədim, bildirdən qalma çiyələk mürəbbəsi vardı, onu götürüb
bir ağ fincana tökmək istəyirdim ki, birdən atanız içəri girdi, təngnəfəs, rəngi
qaralmış… Atanız Ağcəbədiyə getmişdi, orada eşidib ki, Şuşa alınıb. Təcili gəlmişdi.
Rəşid əminiz dedi, tez olun, tez olun! Şuşa alınıb, erməni bura da gələ bilər,
qadınları, uşaqları kənddən çıxarmalıyıq, kişilər də qalıb kəndi qorumalıdı. Qəfildən
elə bil məni tok vurdu, mən anama baxdım, fikirləşdim ki, anam deyər,
qorxmayın, erməni gələ bilməz. Axı analar yalan danışmaz. Mən də anamın sözünə
inanıb bu şirin vətənimizi, bu şirin evimizi qoyub getmərəm. Amma anam üzünə
dirənmiş nəzərlərimə baxıb çiyinlərini çəkdi. Onda bildim ki, çıxış yolu yoxdu.
Mən əlacsız qaldım, əlimdəkiləri stolun üstünə qoydum, anam da getdi evlərinə xəbər
verməyə. Mənsə dəli kimi bir neçə saat bundan əvvəl səliqəsinə sevindiyim evi
öz əllərimlə bir hala saldım ki, virdi-viran elədim. Atanız dedi bir sənədləri,
bir də təzə paltarları götürün, onları axtararkən özümü itirmiş kimi evin hər
yerini dağıtdım. Bir çamadan sənəd, bir kisə təzə paltar götürüb, qapıları
taybatay açıq qoyub, gedib avtobusa mindik. Atanızın kənddə qalan yaxın
qohumları olan bütün qadın və uşaqlar da ordaydı. Rəşid əmin avtobusu işə
saldı, biz yola düşdük. Anamgilin evinə yaxınlaşanda gördüm ki, anam dayımgilin
hasarının küncündə oturub bizi gözləyir, bizi yola salmaq üçün. Anamı görəndə
yaş məni boğdu. Biz gözdən itənəcən arxaya baxdım, anam orda oturmuşdu. Mən
evimizdən oracan elə də dərin düşünməmişdim, adi bir sərnişin kimi oturmuşdum
avtobusda. Fikirləşirdim ki, qışda da dedilər, ermənilər gəlir, uşaqları göndərdik
Qarabağa - Ağcabədiyə. Sonra hamı bir nəfər kimi qayıdıb kəndə gəldi. Dedim, yəqin
bir də gedirik, bir azdan heç nə olmaz, qayıdıb gələrik. Amma anamı orda görəndə
ağlamağa başladım. "Anam qaldı - vətən qaldı…" - ürəyimdən keçirdim.
Bilirdim ki, anam qalası deyil, onu da gətirərlər. Deməli, mən vətən üçün
ağlayırmışam. Vətən anadı, deyirdilər. Mən onda bildim ki, adamın iki anası
olur. Birindən ayrı düşürdük. Kim bilir, nə vaxta qədər, bəlkə, heç qədəri
yoxdu. Avtobus gedir, köç tərsinə düşüb. Yaz açılanda arandakılar dağa gəlirdilər,
bizsə dağdan arana gedirdik. Hardan bilərdik ki, bu yolun dönüşü yoxdur.
Hansısa vətənə vətəni yoxmuş kimi sığınmağa gedirik, hansısa vətənlidən dil yeməyə
gedirik, varımızı, dövlətimizi qoyub, hansısa bir xaricidən dilənçi payı yardım
almağa gedirik. Bəlkə buradakı sərnişinlərin də mənim kimi bu gün zəhmətlərinə
baxıb, zəhmətlərinin bəhrəsinə baxıb dilləri şükrə gəlmişdi. Neçə illik əziyyətimizi
qoyub sıfırdan başlamağa gedirik. Əvvəlcə gələndə bir az ümidimiz var idi ki, vətən
verilməz. Çünki könüllülər dəstəsi yaranmışdı. Orda sənin əmin oğlu Möhbalı da,
dayın İsmayıl da vardı, kəndin çoxlu cavanları da. Bütün Laçın kəndlərində də
yaranmışdı könüllülər dəstəsi. Amma neyləsinlər, kömək getmədi düzəməlli,
silah-sursat verilmədi. Onlar da qeyrətlə bir az vurmuşdular. Sonra yol
bağlandı, erməni əlinə düşməsin deyə kənddə qalan əlsiz-ayaqsızları
qoruya-qoruya Kəlbəcərlə qarı yara-yara gətirib çıxarmışdılar. İsmayıl dayın
cavanları atdan düşürdü, iki qoca qadını ata mindirib, cibində olan çörək
qırıntılarını onlara verib, gətirib çıxartmışdı. Biri Ağbulaqda yaşayan Gülbəsti,
biri də Qarakeçdidən Gərəkməz. Laçın milisləri də çox şücaətlə vuruşurdular.
Orda sənin dayın Halay da vardı. Onlar 4 il vuruşdular. Yenə də kömək getmədi, əməlli
silah-sursat gəlmədi. Rus ordusunun qabağında, rus tankının qabağında bir-iki
avtomatla durmaq olardı?!
Mənim əziz
balam, qaçqınçılıq həyatını yazmaq mənim işim deyil. Mən nə ədəbiyyatçıyam, nə
yazıçı. Öz dilimdə qaçqınçılığın birinci gününün bir neçə görüntüsünü yaza
bildim. Vətəni qoruya bilərdi bizim igid oğullar, başbilənimiz olmadı. Onları
yazdım. Bu iş sənin kimi savadlı yazıçının işidir. Biz yaşlılar oturub
qaçqınlıq həyatından danışaq, sən də roman yazasan. Qaçqınçılığın əzablarından
neçə roman da yazsan, qurtaran deyil. Sənə bu yolda başarılar diləyirəm, oğlum.
Şərhlər