Vüsal Bağırlı
Bəzi milyonçular nimdaş paltarlarını, vaxtı ilə fəhlə, nökər, muzdur olarkən istifadə etdikləri köhnə alətləri, balta, oraq və yabaları gözləri önündən asırmışlar. Bu onlara harınlamamağı, insan olduqlarını unutmamağı xatırladırmış.
Deyilənə görə, imperator Qay Yuli Sezar qalibiyyət yürüşlərindən sonra, Romada zəfər gəzintisinə çıxarkən, başı üzərində qara qul otuzdururmuş. Qul daim Sezara, onun Tanrıya çevrilmədiyini, öləri insan olduğunu deyir, ona hər şeyin nisbi olduğunu xatırladırmış.
Bax bu səbəbdən, siz şkafları, dolabları, evin bütün künc-bucaqlarını mümkün olduğu qədər, ədəbi xəzinələr ilə, kitablarla doldurmalısınız. Deyəcəksiniz ki, yuxarıdakı misalın kitaba nə dəxli?
İndi izah edərəm.
Çünki, rəflərdə yığılıb üst-üstə düzülmüş və qatı açılmamış cildlər, oxunmamış kitab qalaqları, göz önündə olan mütəlif əsərlər, bizim nə qədər cahil və məlumatsız olduğumuzu, nə qədər oxusaq belə, çox az şey bildiyimizi bizə daim xatırladır.
Özü də, alığınız kitabların çoxluğuna görə narahat olmayın və kitaba verdiyiniz pula görə qətiyyən heyifsilənməyin.
Zaman keçdikcə, vaxt ötdükcə bəzi kitabları oxuyur-bitirir, sonra yenilərini alır, oxuduqca daha çox bilir, mütaliə etdikcə, biliyimizi artırır, əqlimizi, təfəkkürümüzü inkişaf etdiririk. "Bir qalanın sirri” filmində deyildiyi kimi, otların, heyvanların, daşların da dilini başa duşuruk.
Bir dəfə Albert Eynşteyndən soruşurlar: Övladlarımızın ağıllı olması üçün biz nə etməliyik?
Onun cavabı sadə və müdrik idi: "Əgər uşaqlarınızın ağıllı olmağını istəyirsinizsə, onlara nağıl oxuyun. Əgər onların daha da ağıllı olmasını istəyirsinizsə, onlara daha çox nağıl oxuyun”. Bəli, dahi alim mütaliə və təsəvvürün qiymətini yaxşı anlayırdı.
Bəs kitab oxumaq bizə nə verir?
Özümüzü inkişaf etdiririk.
Düşüncə potensialımız inkişaf edir.
Söz ehtiyatımız artır.
Savadlı yazı və danışıq imkanımız artır.
Yaddaş problemini aradan qaldırırıq.
Özünəinamı gücləndiririk.
Yaradıcılıq potensialına impuls verir.
Beyin aktivliyimiz artır.
Konsentrasiya və diqqətimiz yaxşılaşır.
"Klassik ədəbiyyatı gözdən keçirər-keçirməz bir yenilənmə, yüngüllük hiss edirəm. Sanki, daxilən təmizlənir və möhkəmlənirəm.” Bu sözlər Artur Şopenhauerə aiddir. Didro isə deyirdi: "Oxumağı dayandırmaq, düşünmə qabilyyətini yadırğadır”.
Amma, bir şey pisdir ki, indi müasir texnologiyalar artıq cəmiyyətin əsas ünsiyyət vasitəsinə çevrilmişlər. Video oyunlar mütaliəni, sosial şəbəkələr kitabları sıxışdırır. Kitabxanalar rəqabətdə oyun zallarına, internet klublara göz-görəti məğlub olurlar. Texnoloji yeniliklər kitaba, ədəbiyyata olan marağı məhv edir.
Ümumiyyətlə, bədii ədəbiyyat oxumaq, zövq naminə oxumaq müasir insanın ən vacib həyat tələbatına çevrilməlidir. Ədəbiyyat sizə başqa aləmləri göstərir, sizi yad ölkələr, fərqli-adət ənənələr, müxtəlif insan xarakterləri ilə tanış edir. Ədəbiyyat insanı dəyişdirir, inkişaf etdirir, yaxşı mənada başqalaşdırır. Ədəbiyyat həm də, nə vaxtsa ömür sürmüş, yaşayıb-yaratmış, indi isə ölüb getmiş insanlarla ünsiyyət imkanıdır.
Bədii ədəbiyyat narkotik vasitə kimidir. O insanda aludəçilik hissi yarada bilər. Oxuduqca, "görəsən sonra nə baş verəcək!?” fikriylə səhifələri çevirirsiniz, dayana bilmir, oxuyur, yenə oxuyursunuz. Siz yeni sözlərlə rastlaşır, yeni fikirlərlə tanış olursunuz.
Və tədricən, həqiqi mütaliə zövqünü yaşamağa, hiss etməyə başlayırsınız.
Mütaliə açardır. Kitab işıqdır. Bədii ədəbiyyat qapıları açır və siz qaranlıq otaqdan çıxaraq günəşin gözqamaşdıran şəfəqini seyr edirsiniz.
Şərhlər