İdman 11:45 21.07.2021

"Komandanın tam formalaşmasını başa vurmamışıq" - Sabah"ın baş məşqçisi

ürcüstanın Tbilisi şəhərində təlim-məşq toplanışında olan "Sabah” dünən toplanış çərçivəsində ilk yoxlama oyununu keçirib. 

Qaynarinfo xəbər verir ki, Bakı komandası "Zestafoni”nin təlim-məşq bazasının meydançasında baş tutan görüşdə  "Şukura”nı (Kobuleti, Gürcüstan) sınağa çəkib. Qarşılaşma "Sabah"ın minimal hesablı qələbəsi ilə nəticələnib. Görüşdən sonra baş məşqçi Ramin Quliyev klubun rəsmi saytına açıqlamasında həm təlim-məşq toplanışını dəyərləndirib, həm də son oyunla bağlı fikirlərini bildirib: 

"Növbəti mövsümə hazırlığın ilk mərhələsini Bakıda keçdik. İyulun 15-dən Tbilisidə təlim-məşq toplanışındayıq. Hazırlığın ilk mərhələsində daha çox oyunçuların fiziki hazırlığının yaxşılaşdırılması istiqamətində çalışdıq. Tbilisi toplanışında isə fiziki hazırlıqla yanaşı, taktiki məşqlərə də üstünlük verir və yeni futbolçuları komandanın oyun üslubuna uğunlaşdırmağa çalışırıq. Burda 4 oyun keçirməyi nəzərdə tutmuşuq. Artıq onlardan biri, "Şukura” ilə matç geridə qaldı. Oyun baxımından xeyli artırmalı olduğumuz komponentlər var. Bundan əlavə, deyə bilərəm ki, hələ komandanın tam formalaşmasını başa vurmamışıq.

Bu toplanışa xeyli gənc futbolçunu da cəlb etmişik. Bu, onlar üçün özlərini yaxşı tərəfdən göstərib, əsas komandanın daimi üzvünə çevrilmək baxımından yaxşı şansdır.  Hələ ki, çempionat başlayana qədər vaxtımız var.  Bu vaxtdan səmərəli istifadə edib, həm öz oyunumuzu təkmilləşdirməyə, həm də səhvlərimiz üzərində işləməyə davam edəcəyik”.

"Sabah” Tbilisi toplanışı çərçivəsində növbəti oyununu yerli "Samqurali” klubuna qarşı keçirəcək. Matç iyulun 23-də, "Zestafoni” təlim-məşq bazasının stadionunda baş tutacaq.