Vahid Qazi
Sənət 11:51 01.11.2018

Kontrabas adamlar

Vahid Qazi

O gün israilli cazmen Avişay Kohenin triosu Malmö simfonik orkestriylə əla bir konsert verdi. Açığı konsertə trioda yer alan Elçin Şirinova görə getmişdim. Getməyə dəyərmiş, Elçini tanıdım, çıxışına valeh oldum. Bəlkə də bu heyranlığın qaynağı qərib ölkədə bir yurddaşın uğurundan fəxarət duyğusu yaşamaq idi, bilmirəm.

Amma onu dəqiq bilirəm ki, Kohenin kontrabasda ifasını bəyənməyimin səbəbi o aləti kəşf etməyim oldu. Deməyəsən, kontrabas tək orkestrin "ucqar”ında ümumi havaya fon vermək üçün deyilmiş, solo ifa edəndə onun başqa səsləri bir harmoniyaya kökləməyi də varmış.

Eynən kütləni arxasınca aparan tək adam kimi.

Simli-kamanlı alətlərin ən irisi olsa da ən alçaq səslisi odu. İki metrəcən boyu var. Belə baxanda səsi zəif çıxan yekəpər adama bənzədərsən. Yekə, amma qəlbi incədən incə birinə. Heç rast gəlməmisiniz eləsinə? Ola bilməz!

Sizi bilmirəm, məndə onun haqqında "Bəxtiyar” filmindən qalma yalnış təsəvvür vardı. Elə bilirdim, tək kontrabasda çalmaq olmaz, o da bizim zurna kimi ancaq züy tutmağa yarayır.

Sən demə, elə deyilmiş! Sənətkar əlində qarğı parçası belə apofeoz səs çıxarar.

İnsan təklikdə insandı, tünlükdə o, kütlənin bir zərrəsidi. Musiqi aləti də eləcə, sonacan duymaq üçün onu tək dinləməlisən!

Səma boyda nəhəng qaranlıq bir inyəgözü şüanı belə gizlədə bilməz! Xaos tünlüyündə "tək”liyini qorumağı bacaranlar yeni üfüqlərdən soraq verənlərdi.

Qəhrəmanlıq üçün meydan aramırlar, qəhrəmanlığa meydanı özün yaradırsan!

Auqust Landmesser adlı fəhlə 1936-cı ildə Almaniyada kütlə qələbəliyində nasist salamı verməyən tək adam olub.

***

Kontrabas simindən qopan titrəyiş orkestrin bir-birinə neçə yad səsini bir həmahəng tonda birləşdirirdi o gecə. Orkestri bir havaya kökləmək nədi, deyərdin bəs, Afrika ritmləri, afroamerika folkloru, bir də Avropa klassik elementlərini toplayaraq cazı o yaradıb. Bir caz qrupunu kontrabassız gördünüzmü heç?

O, birləşdirib yönəldəndi, dağıdıb sahiblənən yox!

O, qışqırıqlar içində pıçıltıdı!

Orkestrin səslər karvanı Xaosun təntənə himnidi. Bilənlər bilir, dünyanın ən ilahi düzümü Xaosun harmoniyasındadı. Göydəki ulduzların duruşu, atomların hərəkəti kimi.

Kohen kontrabasına sarılıb onu dilə gətirməyə, danışdırmağa can atanda neçə adam içində aşiqindən sevgi etirafı eşidən utancaq qız kimiydi kontrabas. Gücsüz, məsum. Məgər onun gücü gücsüzlüyündə, məsumluğunda deyilmi?

Gücsüzlər güclənmək üçün birləşirlər. Güclü təklikdə də güclüdü.

Səs-küy salıb orkestrə hakim olmağa can atan alətlər səssizliyilə bütün səsləri ram edən gücsüz kontrabasa tabe idilər. Bəzən insan cəmiyyətində də belə olur.

Vaslav Havelin "Gücsüzlərin gücü” essesi yadıma düşdü. Heç yeridimi! Yeri olmasa yada düşərdimi?

***

Kontrabas səsi sərhədi üfüqdən başlayan taxıl zəmisinin o üzündəki həyat nişanəsindən xəbər gətirən meh kimidi.

Hərdən udun Nəsimi iniltisini andıran səs çalarına da bənzədirdim onu.

Onu bar-bar bağırışan insan kütləsində sözünü tək sənə demək istəyən biri kimi də görərsən.

Kontrabası eşidib duymaq üçün qulaq bəs eləməz, bədənin bütün hüceyrələrini səfərbər etməlisən. ”Qulağı olan eşitsin”, deyərmiş İsa peyğəmbər. İndi eşitməyə tək qulaq yetmir!

Simfonik orkestrlərin konsertində qulağınız kontrabas səsi axtarsın. Neçə gurultu səs altından tapıb çıxarın onu. Cəhd edin, alınacaq! Məndə alındı. Kontrabası dinləyəndə qulağım başqa səslərə kar idi. Bu, uşaq vaxtı qışağzı həyətimizin qozluğunda xəzəl altda qalan qozları axtarmağımı xatırladırdı. Min rəngə çalan xəzəllikdə qoz gəzəndə gərək diqqətin boyaların cazibədarlığında azıb itməsin.

"Yollar bolluğunda” azmış cəmiyyətlərdə bəzən düz yol "qışqıranlar”ın yox, qışqırıqda "susanlar”ın göstərdiyidi. Yetər ki, o yolu görməyə, onu göstərəni səhnəyə çıxarmağa – meydan verməyə toplumun fəhmi yetsin.

Mən kontrabası tanıdım! O gecənin konsertindən bu xoş tanışlıq qaldı mənə.

…Qaldı kontrabas adamları tanımaq…

1 noyabr, 2018
Helsinqborq, İsveç