Son günlər bir neçə yerli sənət adamının koronavirusa yoluxma xəbəri medianın gündəminə çevrildi. Bütün dünyanı cənginə alan bu xəstəliyə yoluxub sağalanları görsək də, çox təəssüf ki, gözlənilməz şəkildə həyatını itirən sənətkarlar da oldu.
Belə bir məqamda həmin sənətçilərin xəstəlikdən öncə peyvənd olunub-olunmaması sualı maraq doğurur. Axşam.az bununla bağlı bəzi məşhur müğənnilər və onların yaxınları arasında sorğu keçirib.
Xalq artisti Aygün Kazımovanın köməkçisi Ruslan Ağayev Axşam.az-a bildirib ki, müğənni vaksin olunmayıb. O, vaksin vurdurmağa hazırlaşdığı ərəfədə koronavirusa yoluxub. Hazırda xəstəlikdən sağalan Xalq artistinin vaksin üçün bir müddət gözləməsi lazımdır.
Xalq artisti Brilliant Dadaşova da bugünlərdə koronavirusa yoluxduğunu açıqlayıb. Müğənni peyvənd olunub-olunmaması haqda sualımızı isə cavabsız qoyub.
Əməkdar artist Könul Kərimova birinci dozanı vurdurduqdan sonra virusa yoluxduğunu deyib:
"Bakıda yox idim. Qayıdanda isə vaksinin ilk dozasını vurdurdum. Qısa vaxt keçdikdən sonra məclislərdən birində çox ağır formada yoluxdum. Artıq bir ay keçib, hələ də özümə gəlməmişəm. Evdəkilər də küçəyə çıxmağa qoymurlar. Həkimə yoxlanışa getdim, dedilər ki, səndə antitel yaranmayıb. Müalicələrim davam edir. Bir müddət sonra yenə antitelin yaranıb-yaranmadığını yoxlamağa gedəcəm. Hər kəsin orqanizmi fərqlidir. Hamı xəstəliyi bir cür keçirir".
Virusa yoluxduqdan sonra vəziyyəti ağırlaşan və xəstəxanaya yerləşdirilən Səyyad Əlizadənin kürəkəni Razim Qarayev deyib ki, müğənni birinci dozanı vurdurub.
Sentyabrın 14-də müalicə aldığı xəstəxanada vəfat edən Əməkdar artist Yaqub Zurufçunun həyat yoldaşı Aynurə Zurufçu Axşam.az-a açıqlamasında deyib ki, ifaçı peyvənd olunub:
"Yaqub bəy mart və apreldə hər iki dozanı vurdurmuşdu".
İyulda 74 yaşında xəstəlikdən dünyasını dəyişən Xalq artisti Səməd Səmədova isə peyvəndin yalnız birinci dozası vurulubmuş. Bu haqda saytımıza onun yaxını, "Qismət" qrupunun solisti Tural Məmmədov məlumat verib.
Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarı ilə Azərbaycanda iyulun 1-dən şənlik mərasimlərinin (toy, nişan və ad günü) keçirilməsinə icazə verilib. Amma bu zaman toy edəcək və məclisə qatılacaq şəxslər bəzi qaydalara əməl etməlidirlər. Bunlardan biri də peyvənd olunmaqdır. Belə ki, toya gedən şəxsin vaksin pasportu olmalıdır. Daxili İşlər Nazirliyinin (DIN) Kütləvi informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Axşam.az-ın sorğusunu cavablandırarkən həmçinin bildirmişdi ki, Covid-19 pasportu olmayan müğənninin toy aparmasına icazə yoxdur.
Ümumiyyətlə isə həm rəsmi orqanların, həm tibb mütəxəssislərinin yaydığı məlumatlarda qeyd olunur ki, peyvəndlər son dərəcədə təhlükəsizdir. Nadir hallarda əks təsirləri müşahidə oluna bilər. Covid-19 peyvəndi həm bizi, həm də başqalarını xəstəliklərdən qoruya və bir çox insanın həyatını xilas edə bilər. Peyvəndlər xəstəliklərin qarşısını almaq və ya daha yüngül gedişatına şərait yaradır. Peyvəndlərin verdiyi immunitetin faydaları və Covid-19 infeksiyasının ciddi riskləri qiymətləndirildikdə, qısa müddətdə peyvənd olunmaq ən düzgün qərardır.
Şərhlər