Zakir Hüseynov

Blogger
Yazılar
4
Körpə Fateh, 18+, 38+ və 65-dən yuxarı

Körpə Fateh, 18+, 38+ və 65-dən yuxarı

Zakir Hüseynov

Mənim prinsipim belədi, artıq mənada bir cümlə də olmaz. Yaratmağa ziddir. Əziyyətli bir işdi, ancaq yaratmaqdır, başqa cür alınmaz. Yaxşı bir əsər haqqında deyirlər ki, burada artıq hec nə yoxdur. Yaradan haqqında da deyirlər O, artıq heç nə yaratmayıb. Onsuz da bizdən asılı deyil, yaratmaq və yaradılış davam edir. Amma buna Qədər də deməyək, rahatladan sözdür impuls vermir. 

İndi bu sağına, soluna baxmadan tüğyan edən koronavirus da yaradılışdan güc alıb yaman qovğa çıxarır. Göründüyü kimi təbiətin gedişatını dəyişmək olmur. Bu minvalda, hazırkı  dönəmdə başlanğıcda deyilənlərin əks-təsiri kimi, təsir əks-təsirə bərabərdir, belə də eyni şey alınır, fərqi yoxdur , həyat, davamiyyət, toxum(spermatozoid)- çömçəquyruq kimi quyruğunu bulayıb ana bətninə cumur, indi həyatın yeni tələbini də əlavə edək bura  - "evdəqal” istiqamətində deyə bilərsiz "18+”-i başa düşdük, day "38+” lap ağ oldu axı.  "65-dən yuxarı”dan yəqin özünüz də şübhələndiniz, anladınız. Qocalıq demək istədim fikrimdən vaz keçdim. Mən yaz günəşindən danışırdım, toxumların cücərməsi üçün lazım olan18 dərəcəlik baharın istisindən. Ayın bu tarixində, acıq havada, torpağa səpilmiş yumru, girdə, kiçicik  mədəni bitkilərin  toxumlarını cana gətirən,  cücərməsinə lazım olan temperaturdan. Ohh.. əlini toxundurursan kərdilərdə dənəvər torpağı günəş elə qızdırıb ki, üzünü belə söykəmək istəyirsən, həvəslə sulayıb, hər gün toxumların çışərib torpağın altından boy atmasını gözləyən həvəskar bir dirrikçini ilin bu vaxtında təsəvvür edin.Çiyidlərdən cücərti boylanır, yüksəlir, bəzən də öz çıxdığı qlafın özünü belə yuxarı qaldırır, boy atdığı müəyyən  məsafədə bu zoğ  pardaxlanır, beləcə bitkilərə aid hansısa qrupun hansısa fəsiləsinə aid  növ yaranmağa başlayır.Torpağın üstü də, lazımi qat da yetərincə qızdımı öz-özündə təlatümə gəlib canlı bir varlığa çevrilən rüşeymlərdən sanki çözələnən bu nazik sap kimi rişələr  bəzən öz toxumundan dəfələrlə böyük kəltəni, daşı itələyib altından gün üzünə çıxır. Əkib becərmək də yaratmaqdır. Sona çatdımı zəhmətdir. İstəksə bir qüvvədir, bizi sonsuzluğa aparan, bitib tükənməyən qüvvə. Böyüdüb bəsləmək, ona həyata tutunmaq imkanı təmin etmək, əlinin sığalı ilə qoç döyüşünə hazırlamaq, anlının təriylə sərv hündürlüyü ilə yarışdırmaq, pıçıltılı yarpaqların dünyaya xəfiflik bəxş etməsinin arasından bir də qıpqırmızı, ağappaq,  alyanaq, meyvələrin boylanmasına səbəb olmaq. Gərək olan bir toxunuşdu.Yerə basdırdığın köksüz -köməcsiz bir üzüm tingi, bir nar çubuğu, bir zoğal qələməsi var qüvvəsi ilə torpağa bağlanır, cansız bir bədən günəş, su, torpaq və havadan hasil etdiyi "plazma”nı boş qablar təcrübəsində olduğu kimi, fistüllə bir qabdan o birisinə axıdırrmış təki, yuxarıdan aşağıya bəlkə də aşağıdan yuxarıya ölçü bərabərləşənədək öz cansız bədənində hərəkət etdirir, damarlarında qaynadır, bükük "balıqqulağı”lardan yarpaqlar açılmağa başlayana qədər. Sonrası bu yarpaqların işidi. Fotosintez başlyacaq. Əlbəttə ki, təbiətdə hər şey ölçülü biçilidir. 38 dərəcədə isə heç bir toxum cücərmir, toxmacarlar qımıldanmağın belə mənasız olduğunu anlar, canındakı suyu özünəqəsd edirmiş kimi soğub qurtarar və başını yerə qoyar. Hanı bu normal temperaturda virusla, bakteriya ilə, xəstəliklərlə, zərərvericilərlə qurd-quşla, gəmiricilərlə, kəsicilərlə, yağışla,doluyla, küləklə mübarizə aparmaq iqtidarında, sevdasında olan əl içi boyda toxmacarlar niyə nə tez təslim oldular. Cünki yaradılışın qanununa tabedirlər. 18 dərəcədən yuxarı inkişafı,   38 dərəcədən yuxarı ölümü anlayıblar. Gör yaradanın qüdrətinə, hikmətinə bax ki bədən temperaturunu 37 dərəcə edib, 38 qızdırmadır, ümumi bədəndə gözlə görünməyən canlılar arasında mübarizə səbəbi belə olsa. İndi bu koronaviruslu dünyamızda bölünüb artanları, inkişaf edənləri də, 18, 38, 65 rəqəmlərini də, hər şeyi və hər nəyi  neçəyə bölsək  qismət Səhhət və Mərəzə bərabər olur. Bəli, indi dünya ikiyə bölünüb Səhhətin və Mərəzin tərəfində duranlara. 

Qalanıb tüstüsü göyə ucalan, badı körük kimi qızaran, yapılan çörəyin ətrini ətrafa yayan bir təndirin başında dayanan ana, yamyaşıl yaylalara qoyun sürüsünü yayan, yumru-yumru qayaları özünə yastıq, yapıncısını yorğan edən, qumral quzuların belinə sığal çəkən coban,  kotana güc verən atlar öküzlər, şumladığı tarlasını tumlayan cütcü Səhhətdir. Haramını belə başdan-başa yaşıllığa bürüyən dəmyə taxıl sahələrini yetişdirib bol sünbüllü tarlaya çevirmək uğrunda gecə-gündüz çalışanlar, əkib-becərmək eşqi ilə yananlar, zəhmətlə aclığa döyüş açanlar, aclıq zamanı quşşəppəyini, yolotunu, qısası pencərləri yemək üçün qoparmaqdan  əlləri yara olduqda ağızları ilə qoparan ataların indi  65 yaşlı oğullarını bolluq içində yaşatmağa çalışan təsərrüfatçılar da o qəbildəndir. Qoruya bilməsən bu torpağı əkib becərməyin nə mənası dedirtməyən əsgərlərimiz, asayişi qoruyan polislərimiz, gecə-gündüz saaatını, gününnü unudan ləyaqətli idarəedənlərimiz Səhhətin yanındadır.  Qayğı, məsuliyyətli olmaq, yardımsevərlik, bir də həkimlər isə Səhhətin özüdür. Mərəzin də tərəfdarları var- belə bir zamanda məzuliyyətsizlər, biganələr, laqeydlər, öz xeyrini düşünənlər, tənbəllər. Demək bütün bunlardan sonra bir də bu Mərəzi yenmək üçün bizə yenə də nə qaldı; təbiətimiz və insanımız. Təbiətimiz deyəndə Qarabağ yada düşür, Xəzər göz önündə çalxalanır, Kəpəzin haça təpəsi, axşamüstü Göygölün ayna qabağına əksi düşən ağaclar, bərəkətli bağlar, yaşıl çəmənlər, buz bulaqlar düşüncəmizə gəlir. Koronavirusun bizi qəhr etməsinə imkan verməmək üçün ürəyi yanan uşağın, xəstə  bir ananın, atanın 65 dən yuxarı ahılın dodaqlarına buz bulaqların şəfalı suyundan sürtməyə müntəzir, başının usündə dayanıb onu halsızlaşmağa qoymayan,qoruyan insanımız da var.  Millətimiz insanlığa müharibə açan cox böyük dərdləri yenmişdir.  Qədr və qiyas vaxtıdır. Köməkləşməyə ehtiyac var. Millət olmaq zamanıdır. Hamı bir-birini qorumalıdır. Gənclərimizi, böyüklərimizi. Qocalarımızı əl içində saxlamaq lazımdır, coxları ata –baba torpağında basdırılmaq istəyir hələ oraları da düşməndən geri qaytara bilməmişik, bədgüman bu dünyadan köçməsinlər. Körpə Fatehi isə lap cox qorumalıyıq gələcəkdə biliklərlə silahlanıb, qılınc-qalxan götürüb böyük Azərbaycan naminə bütün çətinlikləri yenmək, yeni-yeni fəthlər etmək üçün.

OXŞAR XƏBƏRLƏR