Neftçala rayonunun Mayak kəndində Kürün Xəzərə qovuşan hissəsinə eni 16 metr, hündürlüyü 2 metr olan bənd vurulduğu, bundan sonra Kür çayının yalnız 1 qol vasitəsi ilə - Bala Kürlə Xəzərə axacağı ilə bağlı "Facebook” da paylaşım edilib.
Qaynarinfo məsələni araşdırmaq, bu bəndlərin hansısa bir fəlakətə yol aça biləcəyini öyrənmək üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əlaqə saxlayıb.
Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib ki, yay aylarında, azsululuq dövründə Kürdə suyun səviyyəsi aşağı düşür və həmin dövrdə Xəzər dənizinin suyu Kürün hövzəsinə daxil olur. Bu da Neftçala və Salyan rayonları ərazisində Kürün suyunun duzlaşmasına, keyfiyyət göstəricilərinin aşağı düşməsinə səbəb olur.
O bildirib ki, son illər bu səbəbdən, qeyd olunan rayonların Kürboyu yaşayış məntəqələrində içməli su ilə bağlı ciddi problemlər yaşanır. Bu problemlərin qarşısının alınması məqsədilə Xəzər dənizinə yaxın ərazilərdə, Kür çayının əsas qolu və Bala Kürün üzərində su aşıran qurğular tikilir. Bu qurğular dəniz səviyyəsindən cəmi 20 santimetr hündürlükdə olan torpaq bəndlərdir. Qeyd olunan bəndlərin tikintisindən sonra Kürün dənizə axmasında heç bir problem olmayacaq, Kür Xəzərə necə axırdısa, o cür də axacaq. Sadəcə azsululuq dövründə Kürdə suyun həcmi azaldıqda, dəniz suyu Kürün yatağına daxil ola bilməyəcək:
"Sözügedən su aşıran qurğunun tikintisində bütün ekoloji tələblər nəzərə alınıb. Bənd dəniz səviyyəsindən cəmi 20 santimetr hündür olacaq və bu hündürlükdəki bənd sudakı canlıların miqrasiyası üçün hər hansı problem yaratmayacaq. Həmin ərazidə balıqların maneəsiz hərəkəti üçün həm də balıqötürücü qurğular yerləşdiriləcək”.
Günay İlqarqızı
Şərhlər