Orxan Saffari

Blogger
Yazılar
19

"Laçın mühiti"

Orxan Saffari
 
Uzaq keçmişdə siyasi məsələlərə işarə verib belə bir ifadə yazmışdım;

"Düşdüyü hər mühitə asanlıqla öyrəşə bilən adamlar təhlükəli adamlardır"

Təbii ki, sözü yumşaq oturma orqanı ilə başa düşən bir qrup buqələmun üstümə axışmağa başladı ki, bəs, bu nə deməkdir zad. 

Çox az adam anladı ki, söhbət siyasi mühitlərdən gedir. 

Niyə yadıma düşdü? Mən də düşdüyü mühitə asanlıqla öyrəşən adamam, vəziyyəti tez bir zaman da ələ alır, özümə də şərait qururam. Həə, təbii ki, siyasi cəhətdən demirəm. Qorxmağa ehtiyac yoxdur, təhlükəli adam deyiləm. 

Birdən-birə düşdüyüm Laçın mühitinə də tez bir zaman da alışa bildim. Bir də gördüm ki, Laçınlıyam. İndi bir xeyli kənd tanıyır, kəndlərin içində nə var, nə yox bilirəm. Düşmənimiz xar olsun, sabah hücum etsələr, ərazini tanıyan adam kimi gələ bilərəm.
 
Sözüm bunda yox, indi Laçın mühiti mənim üçün ən doğma mühitdir. Bir demişdim, bir də deyirəm. Xidmət edən əsgər üçün cənnət də gözəl yer deyil. Nə yalan deyim, bezdiyim, sıxıldığım, boğaza yığıldığım anlar çox olur, amma pis çıxmasın, təcavüz qaçılmazdırsa, zövq al prinsipini əsas tutub, mazoxistcəsinə zövq alıram. 

Hər daşı, torpağı elə indidən xatirəyə çevrilmiş Laçın torpağı içimə həkk olub. Getdiyim hər kəndində gördüyüm abidələrindən tutmuş, sökük evlərinə qədər, dağı-dərəsi, qayası, qarı-çovğunu, postu, naryadı, gecələr vahimə verən çaqqal-canavar səslərinə qədər, daha nələr-nələr hamısı mənim üçün böyük bir ədəbiyyat materialdır, xatirədir. 

Ön cəbhədə xidmət etməyin çətin olduğu kimi maraqlı tərəfləri də var. Baycan bəy demiş, hadisələr onları maraqlı danışanların başına gəlir. Gündəlik o qədər şeylərlə qarşılaşıram ki, bura gəlməmək şansımdan istifadə etmədiyimə, gəldiyimə görə xoşbəxt oluram. 

Burda təxminən sivilizasiyadan uzaq kimi bir şeydir. Bağışlayın, hər şeyi səmimi və açıq yaza bilməyəcəm, qismət olarsa, danışaram, amma indi bu çətin şəraitin verdiyi kayfı başqa heç nədən tutmuram. 

İçimdə o qədər danışıram ki. Yaxşı ki, beynin içini dinləmək olmur, yoxsa, biabır olaram. Hərdən işləməkdən, xidmətdən yorğun-arğın düşəndə içimdə bircə söz deyirəm; Yaxşı yazı çıxar. 

Yazı məsələlərini isə burda çox adamla danışa bilmirəm. Məni ən çox yandıran da budur. Həmsöhbətin az olması, olanın da tam anlamaması məni əməlli kədərə sürükləyir.

Burda ən xoşbəxt olduğum anlardan tutmuş ən kədərli olduğum anlara qədər doğmadır. Hərəsənin öz yeri var. Xoşbəxt olduğum anı kədərli vaxtımda düşünüb daha da kədərlənməyin verdiyi həzz, günlərlər siqaretsizlikdən sonra çəkdiyin ilk siqaretin verdiyi həzz kimidir.  

Bir gün hər şeyin bitəcəyi bu günlər necə də gözəldir. Heç nə üçün çox da heyifslənmirəm. Nə gedən sağlamlıq üçün, nə bütün doğmalardan uzaq darıxmaqlıq üçün, nə də başqa nələrsə üçün. Özüm istəmişəm, necə deyərlər, altında çəkirəm. 

Hələ indidən illər sonra darıxmalı olduğum şeylər üçün darıxıram. Dağ-dərədən min bir əziyyətlə yığdığım odunlar, gecənin bir aləmi verilən həyəcan siqnalları, çöl çıxışları, yerdəyişmələr və daha nələr-nələr, üstəlik, bu və sadalamadığım məsələlərin xatirəsi..

Həyatı bilmirəm, Laçın çox gözəldi.

OXŞAR XƏBƏRLƏR

X