Orxan Saffari
phrase_var_qaynar. 09:38 16.12.2021

"Laçın kədəri", yaxud "Yaşıl Kədər"

Orxan Saffari
 
İndi içində bulunduğum ana, vəziyyətlərə və əziyyətlərə, ümumilikdə bu yekə kədərə "yaşıl kədər" deyirəm. Mənim bu yaşıl kədərimin kod adı isə Laçındır, "Laçın kədəri".

Aylardı yaşıl forma içində dərd də öz rəngini dəyişir. Bir də görürsən ki, mülküdən qalan sarı-sarı, qara-qara kədərlərin hamısı yaşıllaşıb, şevron kimi formana həkk olunub. 

İndi içimdəki bu booyda, belə dünya yekəliyində olan kədərin içkinə bir Laçın kədəri də əlavə olundu. Özümü bildim biləli beləyəm mən. Yaşadığım andan daha çox sonrakı anları düşünürəm. Məsələn, bir gün Laçından çıxıb gedəcəyimi düşünəndə belə artıq dörd bir yanımı kədər bürüyür. Necə yəni bu dağ-dərə içimdən çıxacaq? 

Mənki "dvijeniyalı şəhər uşağı" idim, birdən-birə oldum işləyən, zirək, qorxmaz kənd uşağı...

-Qarabağ, dərdim mənim!
-Laçın, kədərim mənim. 

Bu Laçın kədəri Məhəbbət Kazımov sayağı kədərdi. Həkəri çayının axdığı yerin düz yanında, belə çayın içindəki, daşın üstündə o üz bu üzə gedib-gəlməkli  kədərlənməkdi bu. 

Hərdən Minkənd çayı, hərdən əfsanəvi Rövşən Cavadovun kəndi, uçulmuş evinin  sayağı kədərdi. 

Yaxşı yadımdadır, bütün evlərdən özümüzə şərait qurmaq üçün nələrsə götürəndə belə Rövşən Cavadovun evindən nəsə götürməyə əlim də, ürəyim də gəlməmişdi. 

Laçına təzə gəldiyim vaxt ayağıma ilişən, içi ot basmış o uşaq ayaqqabısının kədərini də götürüb şəhərə gələcək "Dərviş" Saffari. 

Qəribədir, Laçında ola-ola indidən bura üçün darıxıram. Bir gün burda çəkdiyim əziyyətlər, postlarda dayandığım yuxusuz, şaxtalı, sazağlı gecələr hamısı ovcumun içində kədər halında dolaşacaq. Laçınlı dostlarımla danışanda, hələ Laçını görmək qisməti olmayan dostlarla danışanda ümumiyyətlə qəribə oluram. Onların kədərinin haqqına girdiyimi düşünür, elə bir az da onların yerinə darıxıram. 

Gündə yüz dəfə dağlarını qalxıb endiyim, çaylarını keçdiyim, odununda qızışdığım, soyuğunda donduğum, palçığına  bulaşdığım bu yerlərdən çıxıb getmək həqiqətən də mənim üçün çətin olacaq. 

Düzdü, sözüm pafosdan uzaq, hazırda getmək də istəyirəm, bütün hallarda mən bir əsgərəm, əsgər də ev-eşik görmək istəyər. Bir demişdim, bir də deyirəm, xidmət aparan adam üçün cənnət də gözəl yer deyil. Əgər cənnətə hər gün naryad çıxan olsa, ordan da bezər əsgər. Bir də gördün yatdı, ya əl atdı nəyəsə, biz də Adəm deyilik ha qovulaq, o dəqiqə raport, nizamnamə, ordan da cəhənnəmə dizbat...

Başımın üstündə şığıyan qartalına, dağlarındakı mağaralarına qədər darıxacağım Laçın. 

Bir yazı adamı, yazıçı üçün belə şeylər isə əlahətdə bir şeydir. Mən indi iki cəbhə üçün döyüşür, xidmət aparıram ki, biri də ədəbiyyatdır. Yəqin ki, yazılacaq, deyiləcək, ən əsası kədərlənəcək anlar çox olacaq. Bircə sağlıq olsun, xatirələri birgə yaşadığımız dostlarla salamat qayıda bilək, Allah bizim Allahdı, kədərinə də sevinərik. 

Belədəki, ay Laçın, can Laçın, mən sənə qurban Laçın...