Orxan Saffari
phrase_var_qaynar. 12:23 13.02.2022

İtimiz, itiyimiz...

Orxan Saffari

- Erməni itidi, ona bax!

- Erməni pişiyidi, e...

- Erməni evlərinə bax...

...Laçına ilk gəldiyim gündən eşitdiyim bu sözlər və elə ilk gündən də qarşı çıxdığım, belə deməyin düzgün olmadığını dediyim sözlər...

Nədi-nədi ermənilər burda olan vaxt doğulubmu deyə? Nədi-nədi ermənilər baxıb deyəmi? Nədi-nədi ermənilər yaşayıbmı deyə? Bəs, bu torpaqlar kimin olub, bu evlərdən kimləri çıxardıb yaşayıblar? Bu pişiyin, bu itin əcdadına kim baxıb? Niyə özümüz bunları ermənilərin adına çıxardaq?

Bir dəfə sevimli yazıçım Oktay Əhmədovla əzizlərimiz içən çaydan içib, söhbət edirdik. Söz məhbəs həyatından düşdü, dedi, o vaxt mən həbsdə olanda məni yeyən bitlərin davamçıları, indi oğlumu yeyir həbsdə...

Amansız söhbətdi.

İndi kimsə gördüyü heyvana erməninindi deyəndə yadıma bu söhbət düşür.

Kəndlərin birinə buranın əzəli sakinləri gəlmişdi. Onlardan nəyin yerində olmadığını soruşanda " heç nə, hər şey yerindədir, bir dənə də özləri tikdiyi heç nə yoxdur, hamısı girib bizim evlərdə yaşayıblar" demişdi. 

Kimin baxmağından asılı olmayaraq, kimin yanında böyüməyindən asılı olmayaraq bu it-pişiyin, gecələr çığırtısı aləmi götürən çaqqal-çuqqalın, ulaşan canavarın, dağlarda o tərəf bu tərəfə qaçan ceyran-maralın hamısı bizimdir, bizim torpaqların necə deyərlər, yetirməsidir. Bizim torpaqların ot-alağı ilə böyüyən, bizim evlərdə, bizim həyətlərdə, meşələrdə, dağ-dərədə böyüyən bu heyvanlar bizim olacaq da, kimin olsun?!

Hərbi xidmətin ilk vaxtlarında da telefonla danışdığım yaxınlarda bəzən bu sözləri deyirdi ;

"- Erməni evlərində qalırsız?!"

- "Atam danışırdı ki, biz o vaxt kənddən çıxanda hamı elə bildi ki, iki-üç günə qayıdırıq. Toyuq-cücəsin yemləyən kim, heyvanına yem verən kim. Mən öz itimdən sarı narahat deyildim. Bilirdik ki, buranı elə bu it qoruyacaq. İndi o itdən ötrü də darıxıram". 

Mən o iti görməsəm belə o it üçün darıxıram, beynimdə o itin sürətini cızmışam. Elə bilirəm, yerli-dibli kəndimizə qayıdanda o itin nəslindən hansısa iti tapacayıq, atamı tanıyacaq o it, yenidən mal-qaramıza keşik çəkəcək...

Mağaralarımızı heyvan damına çevirən düşməndən nə gözləyəsən?!

Ermənilər qalan bizim evlərdən şəkillər tapırdıq. O şəkillərdən bəzilərini buranın əsl sakinlərinə göstərən kimi hamısını ağlamaq tuturdu. Evlərinin köhnə vəziyyətini olduğu kimi görmək ağır gəlirdi...

Düşmən olanda nə olar? Allah bizə düşmənin də mərdini qismət edəydi kaş. O qədər "pasyak" adamlardır ki, işğaldan sonra girdiyi bu kənd evlərində ancaq yeyib-içməklə məşğul olublar..

Bura gələndən adəti üzrə Paşinyan(Paşik), Vazgen adı verdiyimiz itlər var. Allah aqqı, bu itlər bildiyin Alabay, Cesidir, indi özümüz belə deyirik.

Mən hazırda Qarabağda gördüyüm itlərə nədənsə "Vidadi" pişiklərə də "Kifayət" adı vermişəm. Görəndə, içimdə belə deyirəm.