İraqdan ABŞ qoşunları çıxarıldı. İndi Bağdadda əsas sual başqadır: Amerika əsgərlərinin tərk etdiyi ərazidə İranın təsiri nə qədər genişlənəcək?
Qaynarinfo xəbər verir ki, İraq uzun illərdir Vaşinqtonla Tehran arasındakı güc mübarizəsinin əsas meydanlarından biridir. ABŞ-ın hərbi mövcudluğunun başa çatması ilə bu balansda yeni dövr başlayarkən, İranın İraqdakı siyasi və təhlükəsizlik şəbəkəsi yenidən diqqət mərkəzinə düşüb.
Lakin qarşıda yalnız İranın nüfuzunun artıb-artmayacağı sualı dayanmır. Bağdad ölkədəki silahlı qrupları dövlət nəzarətinə almağa çalışır. İranın dəstəklədiyi milislərin gələcəyi, DEAŞ təhlükəsi və İraqın öz təhlükəsizlik imkanlarını formalaşdırmaq cəhdi eyni vaxtda yeni bir mənzərə yaradır.

Gözlər indi Tehranın atacağı addımdadır
ABŞ birliklərinin çıxarılması İran və Tehrana yaxın qruplar tərəfindən mühüm hadisə kimi qarşılanıb. İran dövlət mediası Amerika əsgərlərinin ölkədən ayrılmasına geniş yer verib və hadisəni ABŞ-ın regiondakı təsirinin zəifləməsi kimi qiymətləndirib.
İraqdakı çıxarılma prosesi 2024-cü ildə qəbul edilən qərar əsasında planlaşdırılmışdı. Ərbil ətrafındakı hərbi məntəqələr də daxil olmaqla, koalisiya qüvvələrinin ölkədəki mövcudluğu böyük ölçüdə başa çatıb. ABŞ-ın İraqdan çıxması 2003-cü ildə Səddam Hüseyn hakimiyyətini devirmək məqsədilə başlayan hərbi müdaxilədən sonrakı uzun dövrün də mühüm dönüş nöqtəsi oldu.
Vaşinqton 2011-ci ilin sonunda ölkədən çıxmışdı. Lakin DEAŞ-ın 2014-cü ildə İraq ərazisində irəliləməsindən sonra ABŞ qoşunlarını yenidən bölgəyə göndərmişdi. İndi isə İraq ABŞ əsgərlərinin olmadığı yeni təhlükəsizlik modelinə hazırlaşır. Bunun Tehran baxımından nə ifadə etdiyi qarşıdakı dövrün əsas suallarından biridir.

İraq təhlükəsizlik qüvvələrinin əməkdaşları ABŞ qoşunlarının İraqdan tam çıxarılmasını qeyd edir
İran üçün qapı açılır, yoxsa Bağdad qarşısını alır?
İranın İraqdakı təsiri yeni deyil. Tehran uzun illərdir İraq siyasətində, iqtisadiyyatında və təhlükəsizlik strukturunda mühüm aktor kimi çıxış edir. İranın dəstəklədiyi silahlı qrupların İraq siyasətinə təsiri və bu qrupların bir hissəsinin dövlətin təhlükəsizlik strukturlarına inteqrasiya olunması Bağdad rəhbərliyinin manevr imkanlarını məhdudlaşdıran əsas amillər arasında göstərilir.
İranla İraq arasındakı uzun quru sərhədi, iki ölkə arasında sıx iqtisadi və ictimai əlaqələr, eləcə də dini-mədəni bağlar Tehranın İraqa təsirini yalnız hərbi sahə ilə məhdudlaşmayan səviyyəyə daşıyır.
Lakin Vaşinqtonun çıxması ilə yaranan yeni mənzərə İran üçün yalnız imkan demək deyil. Bağdad da öz institutlarını gücləndirməyə və ölkədəki silahlı strukturları dövlət hakimiyyəti altında toplamağa çalışır.
Məhz bu məqamda mühüm sual ortaya çıxır: ABŞ-ın İraqdan çıxması İranın ölkədə siyasi, iqtisadi və hərbi nüfuzunu artırması üçün həqiqətən yeni imkan yaradır, yoxsa Bağdadın dövlət hakimiyyətini gücləndirmək cəhdləri Tehranın təsirini məhdudlaşdıra bilər?
İran Araşdırmaları Mərkəzinin (İRAM) tədqiqatçılarından Oral Toğa bu suala belə cavab verib:
“İlk baxışda ABŞ-ın çıxması İran üçün yeni imkan yaradırmış kimi görünür. Amma mənzərə bundan daha mürəkkəbdir. Çünki İranın İraqdakı nüfuzu heç vaxt Amerika əsgərlərinin mövcudluğundan və ya yoxluğundan asılı olmayıb. Bu nüfuz dövlətin xaricindən deyil, daxilindən fəaliyyət göstərir.
Həşdi Şabi (Xalq Səfərbərlik Qüvvələri, İraqda fəaliyyət göstərən silahlı qrup) 2016-cı ildən rəsmi dövlət qurumudur. Baş nazir Əli əz-Zeydini də İrana yaxın partiyaların yaratdığı Koordinasiya Çərçivəsi müəyyənləşdirib. Yəni İraqda İranın nüfuzu ilə dövlət hakimiyyəti bir-birinin alternativi deyil, çox vaxt bir-birinə qarışıb.
Çıxarılmanın əsas təsiri isə başqa yerdədir. Kətəib Hizbullah və Nücəba Hərəkatı aylardır xarici əsgərlər ölkədə qaldığı müddətdə silahlarını yerə qoymayacaqlarını bildirirdilər. 30 sentyabr etibarilə bu əsas aradan qalxıb. Bu isə Bağdadın mövqeyini gücləndirir. Sərt qrupların artıq yeni əsaslar axtarmağa başlaması da bunu göstərir.”

ABŞ qoşunlarının İraqdan tam çıxarılması münasibətilə keçirilən mərasimlərdə Bağdadda izdiham
“İranı İraqda balanslaşdıran amil Amerika əsgəri deyil”
Oral Toğa bildirib ki, başqa bir dəyişiklik də İranı İraqda balanslaşdıran amilin artıq Amerika əsgərləri olmamasıdır:
“Bir tərəfdə dollar var. İraqın neft gəlirləri hələ də Nyu-York Federal Ehtiyat Bankında saxlanılır. Vaşinqtonun əsas təsir vasitəsi budur.
Digər tərəfdə isə Körfəz var. Sentyabrın 11-də İran sərhədindəki Meysandan buraxılan pilotsuz uçuş aparatları Səudiyyə Ərəbistanının Şərq-Qərb neft kəmərini vurdu. Ər-Riyad cavab vermədi, Bağdada vaxt verdi. Zeydi də Meysan Əməliyyat Komandanının rəhbərini və vilayətin polis rəisini vəzifədən azad etdi. Bu, Bağdadın iradəsini göstərir. Amma onun sərhədlərini də göstərir. Hücumun məsul şəxsi hələ də açıqlanmayıb. Üstəlik, Bağdad İranın istintaqa qoşulmaqla bağlı tələbini qəbul edib. Yəni Bağdad rəsmiləri vəzifədən azad edə bilir, amma şəbəkənin adını açıqlaya bilmir.”

İştirakçılar Bağdadda ABŞ qoşunlarının İraqdan tam çıxarılmasını qeyd etmək məqsədilə keçirilən mərasimdə İran lideri Müctəba Xameneinin portretini daşıyırlar. Kütlə arasında üzərində ərəb dilində "Müqavimət yolu ilə İraqın suverenliyi" sözləri yazılmış plakatlar da görünür
“İranın əlində yeni kozır var”
İqtisadi sahədə İranın əlində yeni təsir vasitəsinin yarandığını vurğulayan Oral Toğa deyib:
“İraq neftinin böyük hissəsi Hörmüzdən keçir. Tehran Bağdadın təkrarlanan müraciətlərindən sonra bəzi İraq tankerlərinin keçməsinə icazə verib. Yəni İraqın neft ixracatı müəyyən dərəcədə Tehranın icazəsindən asılı vəziyyətə düşüb.
Boşluğun ən konkret hiss ediləcəyi yer İraq Kürdüstan Regional Hökuməti olacaq. Bölgə müharibə boyunca yüzlərlə pilotsuz uçuş aparatı və raket hücumuna məruz qalıb. Amerikanın hava hücumundan müdafiə çətiri artıq yoxdur.
Bir sözlə, İraq artıq iki güc arasında deyil, üç təzyiq arasında sıxışıb: Vaşinqtonun dolları, Tehranın boğazı və Ər-Riyadın səbri. Bağdadın dövlət hakimiyyəti də bu üç amil arasında nə qədər manevr edə bilməsi ilə ölçüləcək.”

İndi növbə milislərdədir: Tehran nə edəcək?
İraq rəhbərliyinin qarşısındakı ən mühüm məsələlərdən biri İranın dəstəklədiyi milislərin gələcəyidir. Baş nazir Əli əz-Zeydi bu qrupların silahlarını yerə qoyması ilə bağlı öhdəlik götürsə də, prosesin qarşısında ciddi siyasi və təhlükəsizlik problemləri var.
Milislərin ağır silahlarını təhvil verməyə yanaşmaması və silahlar toplandıqdan sonra onların təhlükəsiz şəkildə saxlanılması kimi problemlər prosesin asan irəliləməyəcəyinə işarə edir. Bundan əlavə, İran sərhədinin silahlı qruplara yenidən silah və sursat çatdırılması üçün açıq kanal yarada biləcəyi bildirilir.
ABŞ-ın çıxması milislərin gələcəyi baxımından da fərqli mənzərə yaradıb. “The Telegraph” qəzetində dərc olunan xəbərdə “New Lines” İnstitutunun tədqiqatçısı Elizabet Tsurkov Amerika əsgərlərinin ölkədən ayrılmasının ABŞ-ın mövcudluğunu əsas gətirən İranın dəstəklədiyi qrupların fəaliyyət səbəbini zəiflətdiyini bildirib.
Lakin Bağdadın silahlı qrupları dövlət nəzarəti altına almaq məqsədi Tehranın İraqdakı nüfuzu baxımından da mühüm sınaqdır.
“Formula silahsızlanma deyil, silahların ünvanının dəyişməsidir”
İranın dəstəklədiyi milislərin silahsızlaşdırılması və ya dövlət təhlükəsizlik strukturları daxilində yenidən təşkil olunması məsələsində Tehranın yanaşmasına toxunan Oral Toğa deyib:
“Tehranın rəsmi mövqeyi ilə sahədəki mövqeyi arasında nəzərəçarpacaq fərq var. Rəsmi səviyyədə İran bunun İraqın daxili məsələsi olduğunu bildirir. Məclis sədri Məhəmməd Baqir Qalibaf avqust ayında Bağdada səfəri zamanı İranın İraqdakı siyasi qüvvələrin konstitusiya çərçivəsində qəbul edəcəyi qərarları dəstəkləyəcəyini və İraqın daxili işlərinə qarışmadığını bildirib.
İnqilab Keşikçiləri Ordusunun Qüds Qüvvələrinin komandanı, briqada generalı İsmayıl Qaani də avqust ayında xəbərsiz səfərlə Bağdada gəlib. Bildirilənlərə görə, onun mesajı iki maddədən ibarət olub: hökumətlə qarşıdurmaya girməyin, amma silahları da təhvil verməyin.
Qaaninin Livan və Suriya təcrübəsinin İraqda təkrarlanmasını istəmədiklərini söylədiyi də bildirilir. Bu cümlə İranın narahatlığını yaxşı ifadə edir. Suriya itirilib. Hizbullah silahsızlanma müzakirəsinin ortasındadır. İraq isə İranın regional arxitekturasından geridə qalan ən mühüm parçadır.
Bəs İran nüfuzunu necə qoruyacaq? Formula silahsızlanma deyil, silahların ünvanının dəyişməsidir. Yəni silahların hökumətə deyil, Həşdi Şabiyə verilməsi və ya təhvil verilmək əvəzinə dondurulması.
Mətbuata əks olunan məlumatlara görə, ağır silahların gizlədilməsi, hətta İrana aparılması belə variant kimi müzakirə edilib. Beləliklə, kağız üzərində dövlət inhisarı təmin edilir, amma faktiki nəzarət eyni əllərdə qalır. Bağdadda müzakirələrin dilinin silahsızlanmadan inteqrasiyaya doğru dəyişməyə başlaması da bunu göstərir.”

İkinci və üçüncü amilə diqqət
Oral Toğa ikinci amilin qruplar arasındakı əmək bölgüsü olduğunu bildirib:
“Asaib Əhl əl-Həqq kimi siyasətdə güclü təmsilçiliyə malik qruplar silahlarını dövlət hakimiyyətinə verdiklərini açıqlayıblar. Bunlar İranın hökumətdəki dayağını qoruyur. Kətəib Hizbullah və Nücəba kimi sərt nüvə isə bunu açıq şəkildə rədd edir. Onlar da öz imkanlarını qoruyurlar.”
Ekspert üçüncü amilin isə zaman olduğunu deyib:
“Bu da böyük ölçüdə əldə edilib. Zeydi silahsızlanma qrafikini 2027-ci ilin iyununa təxirə salıb. Bədr Təşkilatının zorla silahsızlaşdırmanın daxili qarşıdurmaya səbəb ola biləcəyi barədə xəbərdarlığı da bu hesablamanın bir hissəsidir.
Lakin İranın da bir sərhədi var. İraqda açıq qarşıdurma və ya İraqa qarşı ABŞ maliyyə sanksiyası İranın öz həyat damarını da kəsə bilər. Qaaninin ilk mesajının ‘qarşıdurmadan qaçın’ olması da bununla bağlıdır.
Nəticədə İraqdakı silahların taleyi yalnız Bağdadda deyil, ABŞ ilə İran arasındakı masada müəyyənləşəcək. Müharibə davam etdikcə müqavimət arqumenti də mövcudluğunu qoruyacaq.”

ABŞ olmadan İŞİD yenidən səhnəyə çıxa bilərmi?
İraqın qarşısındakı yeganə təhlükəsizlik problemi İranın dəstəklədiyi silahlı qruplar deyil. İŞİD təhlükəsi tamamilə aradan qalxmayıb. Suriyadan İraqa keçən silahlılar və həbsxanalarda saxlanılan təşkilat üzvləri ilə bağlı imkan problemləri qruplaşmanın yenidən güclənə biləcəyi ilə bağlı narahatlıqları artırır.
Qərb ölkələrinin uzun illərdir İraq təhlükəsizlik qüvvələrinə verdiyi təlim və dəstəyin bundan sonrakı dövrdə necə istifadə ediləcəyi də mühüm əhəmiyyət daşıyır. 2011-ci ildə ABŞ-ın çıxmasından sonra İraq təhlükəsizlik qüvvələrinin İŞİD qarşısında çətin vəziyyətə düşməsi Bağdadın öz təhlükəsizlik imkanlarını gücləndirməsinin əhəmiyyətini göstərmişdi.
Bu səbəbdən Vaşinqtonun çıxmasının nəticələri yalnız İranın arta biləcək nüfuzu üzərindən qiymətləndirilmir. Bağdad eyni vaxtda həm silahlı qrupları nəzarət altına almalı, həm də DEAŞ təhlükəsinə qarşı təhlükəsizlik imkanlarını qorumalıdır.
Aydın
Şərhlər