Prezident Administrasiyasının sabiq rəhbəri, hazırda məhkəmə prosesləri keçirilən Ramiz Mehdiyevin yaxın qohumu Xırdalanda böyük narazılıq yaradıb.
Qaynarinfo-nun verdiyi məlumata görə, bu barədə Musavat.com-a etibarlı mənbədən məlumat daxil olub.
Mənbə bildirir ki, “Boz Kardinal”ın əmisi nəvəsi Vüsal adlı şəxs Xırdalan şəhərinin mərkəzinə yaxın ərazidə yerləşən zavodu sökdürür. Bu da ciddi etirazlarla qarşılanır.
Mənbə böyük zavodun Xırdalandan şəhər mərkəzinə doğru hərəkət edərkən yolun sol tərəfində yerləşdiyini bildirir. Onun iddiasına görə, ərazidə aparılan söküntü ilə bağlı ictimaiyyətə hər hansı sənəd və ya tikinti layihəsi təqdim edilməyib. Məhz bu səbəbdən həm də ərazidə yaşayan və fəaliyyət göstərən şəxslər arasında ciddi narazılıq yaranıb.
Sayta verilən digər məlumat isə bundan ibarətdir ki, sözügedən ərazidə gələcəkdə çoxmərtəbəli yaşayış binaları inşa olunacaq.
Mənbə Vüsal barədə daha bir məlumat verib. Onun Bakı şəhərində, Nəriman Nərimanov metrostansiyasının yaxınlığında yerləşən “Buxur Lounge” restoranının sahibi olduğunu da deyir. Sayt kiçik bir araşdırma aparıb. Açıq mənbələrdə “Buxur Lounge” restoranının İzzəddin Həsənoğlu küçəsi 14 ünvanında yerləşdiyi təsdiqlənir.
Hazırda əsas sual Xırdalanın mərkəzinə yaxın ərazidə yerləşən bu sənaye sahəsinin hansı hüquqi əsasla sökülməsi və həmin ərazinin gələcək taleyinin necə müəyyənləşdirilməsidir. Əgər ərazidə yeni çoxmərtəbəli binaların inşası planlaşdırılırsa, bunun üçün müvafiq şəhərsalma və tikinti sənədlərinin olub-olmaması da ictimaiyyət üçün açıq olmalıdır.
Şərhlər